Qadin.NET / Start

Start

 

Start

O, ömrünün çox hissəsini həyatın “gözləmə” dayanacağında keçirmişdi. Nəqd olan bu gününü nisyə gələcəyinə qurban vermişdi. Yaşadığı hər günün real nemətlərindən bəhrələnməyin daha vacib və daha etibarlı olduğunu dərk etməmişdi. Yaş üstə yaş artdıqca qəlbi nisgillə dolmuşdu. Uşaqkən az oynamışdı. “Oxuyub adam olmaq” naminə. Yeniyetməliyində tay-tuşları ilə əylənməmişdi. “Gözəl günlər hələ qarşıdadır” deyə. Arzularına qovuşsa da, istəklərindən uzaq düşmüşdü.  Təhsildə qazandığı nailiyyətlər hər yaş dövrünün özünəməxsus insani tələbatının boş qalmış xanalarını doldura bilməmişdi. Birtərəfli inkişaf etmişdi o. Bir sahədə zirvə, digərlərində sıfır vəziyyəti. Gəncliyini də kahin kimi yaşamışdı. Qəlbində sevgi çırpılarından ocaq qalananda hisslərini boğmuş, sevməyə icazəli olacağı vaxtı – ailə quracağı anı gözləmişdi. Nəhayətində heç vaxt şəxsi həyatı olmamışdı. İctimai məxluq kimi yaşamışdı ömrünü. Bütün əsas məqamları hamıya bəlli olan şəffaf bir həyat sürmüşdü. Hər kəsi öz arşınıyla ölçməyə adət etmiş bəziləri buna inanmasa da.

Gözləmək onun yaşam tərzinə çevrilmişdi. Canına-qanına işləmişdi bu vərdiş.  Mütəxəssis kimi uğurlar qazandıqca özünü və nailiyyətlərini gözə soxmamışdı. Hər şeyi təbii axarına buraxmış, dəyərləndirəcəyi zamanın gəlməsini gözləmişdi. Gözləyə-gözləyə qalmışdı.

Onun emosional-psixoloji durumu gözləmə prosesinə köklənmişdi. Səhhəti də. Beləliklə, həyatını gözləntilərində yaşamışdı o. Xoş gözləntiləri boşa çıxanda prosesdə qazandığı müsbət emosiyalar keyfiyyətini dəyişmiş, qanında ağır maddələrə çevrilmişdi. Fəsadsız ötüşməyən bu hal təkrarlandıqca tədricən vəziyyət dəyişmişdi. Onda qəribə immunitet yaranmışdı: psixologiyası da, fiziologiyası da, mənəviyyatı da fəsadsız qəbul edirdi ümidlərinin boşa çıxmasını. Doğru deyiblər ki, hər ziyanda bir xeyir var. Daha heç nə Ona əzablar bahasına başa gəlmirdi. Mühitin və cəmiyyətin ədalətindən əlini üzmüşdü. Həyatın hər sürprizinə hazırıydı. Yaşamını köklü surətdə dəyişə biləcək heç nə gözləmədiyinə görə, narahat da olmurdu. Tapındığı ALLAHın mərhəmətinə sığınmışdısa da, Onun da dünya qədər vacib məsələlərin içində adidən-adi bəndəsinin problemlərinə vaxt ayıracağına ümid bəsləmirdi.

Və birdən... Ruhi sükunətini tənzimlədi. Psixoloji sədləri dağıtdı. Fizioloji ətalət halından çıxdı. Uçuşa hazır raket vəziyyəti aldı. “Gözləmə” dayanacağından start götürdü. Nə qədər yüksəklərə uçacağı və nə qədər uzağa gedəcəyi bəlli deyildi.

10 avqust 2012
GO BACK