Gecənin qayğısız qolları alır məni qoynuna. Yorğanın qayğıkeş əlləri dolanır boynuma. Arsız yuxu, bivec mürgü sığal çəkir vücuduma. Alıb aparmaq istəyir məni gündüzün qayğılarından uzağa. Xeyirxahlarımın sevgisindən, bədxahlarımın fitnə-fəsadından qırağa. Kütləşdirir duyğularımı yuxu, keyləşdirir şüurumu mürgü. Alır məni qanadlarına oğuz ərənlərinə qalib gələn YUXU. Qüdrətinə bax ki, cismimi yatağa gömüb ruhumu səyahətə aparır. Gözümə-könlümə hopmuş gözəlliklər diyarında gəzdirir məni. Xatirələrimin can çəkişdiyi iç dünyamdan uzaqlaşdırır. Uyudur məni. Reallıqdan ayırır. Aldadıb ömrümdən özünə ömür payı almayınca yaxamdan əl çəkmir. Həyatımın ortağı olan yuxuyla didişə-didişə üzü səhərə yol alıram. Budur. Yuxunun ram etdiyi İdrakım diksinib oyanır. Məlum keçmişimdən naməlum gələcəyimə aparan yolda bugünümü axtarır...