Qadin.NET / Kitab haqqında düşüncələr

Kitab haqqında düşüncələr

Fransız filosofu Klod Adrian Helvetsi deyir: “İnsanlar kimi, kitablar arasında da yaxşı və pis cəmiyyətin içinə düşmək mümkündür.”

“Hamı kitab oxumalıdır!”, “Boş-boş oturma, kitab oxu!”, “Kitab oxumayan cəmiyyət bədbəxtdir!” kimi ifadələri yəqin ki, siz də eşitmisiz.

Boş qab çox səs çıxartdığı kimi, boş və natamam bilikli insan da çox səs-küy salır.

Cəmiyyətdə kitabı sevdirməyə çalışan insanları: kitab oxumayan; kitabı sevib amma mütaliə etməyə tənbəllik edən; kitabxanasını doldurmağı hobbi seçərək on ədəd kitab oxumayan; sərf edəni oxuyan; çoxluq oxuyanı mütaliə etməyi özünə peşə hesab edən; “kitab oxumasam mənə uzunqulaq kimi baxarlar” fikri ilə yaşayan; kitabları satılsın deyə hər gün kitabdan danışan gördüm...
Kitab oxumaq vacib və zəruri bir şey deyil. Oxumadan yaşamaq da mümkündür. Amma kitab, insana necə yaşamağı, yaşayışını necə yaxşılaşdıracağını öyrədə bilir.

Kitab ehtiyac xəzinəsidir. Bu xəzinədə qızıl, gümüş, ləl-cəvahirat olduğu kimi, dəmir, mis, alüminium, paslı əşya (bilgi) da ola bilər. Xəzinəyə yol tapmaq, faydalı olanı seçə bilmək üçün ya özümüz sərraf, səyyah olmalıyıq, ya da bu yola yaxşı bələd olan birindən yardım istəməliyik.

Unutmayaq ki, zövqlər müxtəlifdir və biz başqalarının zövqü ilə yaşamamalı, ehtiyac duyduğumuz, maraqlı, həmçinin zəruri bilgiləri əldə etməliyik. Gərəksiz informasiya evdə heç bir işə yaramayan, istifadəsi mümkün olmayan yekə, yöndəmsiz bir əşyaya bənzəyir. Yadigardır deyə ata bilmirsən, heç kəs almayacaq deyə sata bilmirsən, MKİS səni cərimələyər deyə, zibil qutusuna da qoya bilmirsən. Ömür boyu özünlə daşıyırsan.

Kitab oxumaq məqsəd deyil. Məqsəd üçün vasitədir. Odur ki, “Nəyi oxuyaq?” sualı barədə düşünmək lazımdır. Bir çox kitablarda yazılanlar QİÇS, xərçəng və s. xəstəliklər kimidir. Sağaltmaq əvəzinə öldürür. Bəzi kitabları oxumaq isə vaxt itkisidir.

Odur ki, yaxşı cəmiyyət içərisində yaşamaq istəyiriksə alabəzək üzlü, bahalı, keyfiyyətli, müəllifi məşhur yazçı olan, ən çox satılan kitablara aldanmamalıyıq. Onlardan həyatımız üçün faydalı olanlarını seçməli, oxuyaraq həyatımızda tətbiq etməli və bu mirası buna ehtiyac duyan şəxslərə çatdırmalıyıq.

Fərid Abdullah

16 sentyabr 2020
GO BACK