Bir gün kədərli bir xanım atasının yanına gəlir. Artıq gənc, yaraşıqlı bir qadın olmasına baxmayaraq yenə də atasının hikmətli nəsihətinə ehtiyacı vardı. O, kədərli bir halda atasına dedi:
- Atacan, mən hər şeydən yorulmuşam. Həm işimdə, həm də şəxsi həyatımda problemlər başımdan aşır. Artıq gücüm çatmır. Dözə bilmirəm. Neynim?
Ata qızını qucaqladı, başını sığalladı, sonra şəfqətlə onun üzünə baxıb ayağa durdu və dedi:
- Dayan indi sənə göstərəcəyəm.
Ata üç qab götürdü, qazı yandırdı, hər birini su ilə doldurdu və qazın üzərinə qoydu. Sonra bir kök, yumurta və kofe götürüb, hər birini ayrılıqda su ilə dolu qaba qoydu. Bir az keçdikdən sonra qazı söndürdü. Sonra kənarda duraraq qızına dedi:
- Qızım, yaxın gəl. Bax gör bunlara nə oldu?
Qız qablara baxdı. Çox da araşdırma aparmadan dedi:
- Atacan, deməli, kök və yumurta bişdi. Kofe isə suda həll oldu.
- Ay sağ ol, düzdür. Əslində diqqətlə baxsaq görərik ki, möhkəm olan kök suda qaynadıqda yumşaldı. Yumurta isə, əksinə, qaynadıqda bərkidi. Onların zahirləri olduğu kimi qaldı. Ancaq mühiti onlara təsir etdi. Yəni olduqları kimi qalsalar da - qaynar su kimi düşmən mövqedə hesab olunan bu problem onları dəyişdi. Adamlar da bu cürdür. Bəzi güclü insanlar çətinliklə qarşılaşdıqda zəif və süst ola bilərlər. Amma elə zəif insanlar ola bilər ki, çətinliklər onları daha möhkəm və sarsılmaz edir.
- Ata, bəs kofe? - deyən qız təəccüblə bunun da cavabını eşitmək istədi.
- Kofe isə ən maraqlısıdır, mənim gözəlim. O, bu cür aqressiv mühitdə həll olaraq hər şeyi dəyişdi. Yəni qaynar suyu gözəl ətirli və dadlı bir içki halına gətirdi. Elə adamlar vardır ki, mühit və ya şərait onları dəyişə bilmir. Onlar özləri bu mühitə təsir edir. Onu nəsə yeni bir şeyə çevirirlər. Bununla yanaşı özləri üçün həm fayda əldə edirlər, həm də şəraitdən məlumatları olur. İndi, mənim ağıllı balam, çətin vəziyyətdə kim olacağın sənin əlindədir.
Farid Abdullah