Qadin.NET / Nə üçün gözəllikləri görə bilmirik?

Nə üçün gözəllikləri görə bilmirik?


Qoca müdrikdən ibrətamiz dərs (Nə üçün gözəllikləri görə bilmirik?)


Günlərin bir günü qoca müdrik dostuna deyir:

- Oturduğumuz otağa yaxşıca göz gəzdir. Otaqda qəhvəyi rəngdə hər nə varsa yadında saxlamağa çalış.
Otaqda qəhvəyi rəngdə çox şey vardı. Müdrik qocanın dostu çətinlik çəkmədən, çox qısa bir vaxtda verilmiş bu tapşırığın öhdəsindən məharətlə gəldi. Cavab vermək istəyirdi ki, müdrik qoca sözünü kəsərək ikinci tapşırığı açıqladı:
- İndi isə, gözlərini yum və göy rəngdə olan bütün əşyaları bir-bir say!
Özünü itirən kişi, cəld toparlanıb, əsəbi halda müdrikə etiraz etdi:
- Mən göy rəngdə olan heç bir şey görmədim! Axı siz mənə qəhvəyi rəngdə olan əşyaları yadımda saxlamağı tapşırmışdız.
Müdrik qoca təbəssüm edərək, səbrlə cavab verdi:
- Aç gözlərini, yan-yörənə diqqətlə bax, gör otaqda nə qədər göy rəngdə olan əşya var. 
Qısa bir fasilə verdikdən sonra o, sözünə davam etdi:
- Əgər sən otaqda yalnız qəhvəyi rəngdə olan əşyaları axtarsan, gözünə istəyib axtardıqların dəyəcək. Həyatda da belədir. Pisliklərdən şikayət edən insanlara bax. Onlar gördükləri şeylər arasından gözəllikləri seçə bilirlərmi? Xeyr, yalnız pislikləri görür, seçir və bu xatirələri yaddaşlarına həkk edirlər... eynən sənin qəhvəyi rəngdə olan əşyaları axtarıb, göy rəngdə olanları görmədiyin kimi... Bunu yadında saxla, həyatda çirkinlik və pislikləri axtarmağa çalışsan, yaxşı və gözəl şeyləri heç vaxt görməyəcəksən!

Fərid Abdullah
26 iyun 2020
GO BACK