Qadin.NET / Bunu etməsən sənə nə deyərlər?

Bunu etməsən sənə nə deyərlər?

 

İnsan dünyaya gəldiyi gündən bu dünyadan köçənə qədər “cəmiyyət atmosferinin” təzyiqi altında yaşayır. Əvvəlcə valideynlər övladlarını bu mənfi əhval-ruhiyyədə böyüdürlər. Daha sonra özü bu axara düşərək, məhdud həyatını yaşayır və bu ənənəni davam etdirərək gələcək nəslə ötürür. İş o yerə çatır ki, şəxs qəsavət bağlamış bu ideya ilə qəbir evinə yollanır. Cəmiyyətimizin sağalmaz yarasına çevrilmiş bu xəstəliyin çox böyük mənfi təsirləri var.

 

Gəlin, araşdırma apararaq cəmiyyətin və fərdin nəzərini incələyərək nəticə çıxarmağa çalışaq:

Bunu etməsən sənə nə deyərlər?

Cəmiyyət atmosferi

 

Cəmiyyətin nəzəri “ürf” kimi də qeyd olunur, bu termin müasir dilimizdə işlənir. Yaşadığımız mühitdə ürfün nəzəri böyük əhəmiyyət daşıyır. Lakin heç bir ürfi nəzər səhvdən sığortalanmayıb. Kütlənin nəzəri öz mənbəyini həqiqət çeşməsindən almalıdır. Yoxsa o tək başına qalaraq anlamadığı şeyləri səhv yozacaq və bu, onların milli mənsubiyyətinə sirayət edəcəkdir. Ürfün nəzəri nisbi məfhumdur, zamanla dəyişə bilir.

 

İndi isə iki misala baxaq:

 

a) Mahmud dindar bir oğlandır. Dinin vacib hökmlərinə riayət edir. Məscidə getdiyi zaman bir dəstə onu başdan ayağa süzərək: ”Qısaqol niyə geyinmisən?”-deyərək irad bildirir. Mahmud bu sözlərdən sıxılaraq özünü pərt olmuş kimi hiss edir, bu, onun psixoloji durumuna təsir göstərir. Bundan sonra o, həmin şəxsləri gördükdə qaçacaq, ya da uzunqol köynək geyib tez-tez özünü onlara göstərəcək. Haşiyəyə çıxaraq deməliyik ki, savab (müstəhəb) işlərdə təkid göstərmək, pərt edərək məcbur etmək əxlaq normalarından kənardır. Bu cür davranış göstərmək cəmiyyət içində ideologiya və şəxsi münasibətləri təhlükə altına atır. Bu işə o zaman etiraz etmək olar ki, Mahmud ictimai və ya fərdi qanunları pozaraq qəsdən fəsad törətsin, nəsihət qəbul etmək istəməsin. Bilməməzlik üzündən insan cəmiyyətdə hökm sürən fikri ya əsassız qəbul edir, ya da etirazının məğlubiyyətlə nəticələnəcəyindən qorxaraq geri çəkilir.

 

b) Aysel universitet tələbəsidir. Səhər dərsə gedir, dərsdən sonra evə gələrək anasına kömək edir və imtahanlarına hazırlaşır. Rəfiqələri Ayseli təhrik edərək ona dərsdən sonra parkların birinə gedib istirahət etmək, kafelərin birində yemək yeyib əylənmək təklif edirlər. Aysel bu təklifi rədd etdikdə rəfiqələri istehza edərək “geridəqamış”, “səviyyəsiz” və s. ləqəblərlə tənə vururlar. O da, bu ictimai atmosferə düşərək, onların sözündən çıxmır və rəfiqələrinə qoşularaq gününü boş şeylərə sərf edir. Bu ənənə bir neçə gün davam edir, nəticədə Aysel imtahandan kəsilir.

 

Hər iki misala nəzər saldıqda görürük ki, kütlənin nəzəri hər zaman müsbət nəticə vermir. Bəzən kütlə doğru hesab etdiyini mühafizə edir, onunla bir düşünənləri sırasına qatmaq istəyir.

 

İnsanın təsir altına düşməsi

 

İnsan kütlənin sözünü həqiqət bilir. Bunun bir neçə səbəbi var. Fərd kütlədən asılı olduğu üçün (ünsiyyət baxımından insan cəmiyyətdən asılıdır. Bu qarşılıq insan qanunlarından biridir.) təsir altında olur. Kütlənin onun başına sərki vuracağından, səhv buraxarsa adı "sözəbaxmayanlar siyahısına" düşəcəyindən ehtiyat edir. Bu səbəbdən hətta bəzən İlahi qanunlar da ayaqlar altına atılır.

 

Zümrüd işdə namaz qılmadığını deyir, çünki işdə namaz qılanlara pis baxırlar. Muxtar uşaqlar ilə içki məclisinə gedir, çünki bunu etməsə, tənqid olunacaq. Xəyalə rəfiqəsinin içkili toyuna getmək məcburiyyətindədir, çünki rəfiqəsi ondan inciyər. Asif hicabsız yoldaşını dindar dostugilə qonaq aparmağa çəkinir, çünki ona imansız deyəcəklər.

 

Gördüyünüz kimi, təsir altına düşmək insanda ömürlük kompleks yaradır. Zamanca bu kompleksi dağıtmaq çətin gəlir.

 

Təsir altından çıxmaq

 

a) Məhəmməd peyğəmbərin zamanında qız uşağı olan kişiyə pis baxırdılar. Qızı olan utancından az qala yerə girirdi, öz əllləri ilə qızını diri-diri torpağa basdırırdı. Peyğəmbər isə, həmin dönəmdə qızı Fatiməni bağrına basar, hər yerdə onu əzizlər, ona ehtiram göstərərdi. Bu davranış tədricən cəmiyyətdəki mənfi adəti məhv etdi.

 

b) Peyğəmbərimizin zamanında qula ehtiram göstərmək eyib sayılırdı. Hələ ki, o qul zənci olsun. Lakin Hz. Məhəmməd azad edilmiş zənci Bilal Həbəşini bağrına basar, ayrı-seçkilik salmaz və ona ehtiram edərdi. Hətta ən böyük vəzifələrdən biri olan müəzzin vəzifəsinə Bilalı təyin edir.

 

Amma cəmiyyətin nəzəri hər bir halda səhv deyil. Etiraf edək ki, cəmiyyətdə hökm sürən bir sıra yazılmamış qanunlar var ki, cəmiyyətin nizamına nəzarət edir, onu cızıqdan çıxmağa qoymur.

 

Fərid Abdullah

11 may 2020
GO BACK