Beynin təbiətinə heyran olmaq üçün ümumiyyətlə neyrocərrah olmaq lazım deyil. Tanınmış neyrocərrah Rahul Candial iddia edir ki, beynin səmərəliliyini ən yüksək məhsuldarlığa qədər artırmaq çox səy tələb etmir.
Candial beynin aktivliyini artıran 3 vacib amili açıqlayıb.
Silikon Vadisi maqnatlarından başlayaraq hakerlərə qədər bütün insanlar beyin səmərəliliyini artıracağını vəd edən idrak stimullaşdırıcı preparatlar istifadə edir. Məşhur neyrocərrah Candialı narahat edən budur ki, insanlar həbləri aktiv şəkildə istifadə etsə də, onların effektivliyinin bütün dəlilləri tamamilə cəfəngiyatdır. “Bu, beynin optimal məhsuldarlığına necə nail olmağa dair elmi cəhətdən əsaslandırılmış bir kitab yazmaq üçün mənə ilham verdi”, - deyə neyrocərrah əlavə edib.
Rahul Candial “Neyrofitnes və ya məhsuldar həyat üçün beyin” kitabında beyni gücləndirməyin yollarından danışıb:
1. İki gün səhər yeməyindən imtina edin
İntervallı aclıq günləri bu gün dəbdədir, lakin orucun özü yeni deyil: bir çox dünya dinləri möminləri vaxtaşırı oruc tutmağa çağırır. Candial bunun birbaşa beyin funksiyası ilə əlaqəli olduğuna inanır. Son tədqiqatlar göstərir ki, intervallı aclıq zehni təmizləməyə və hissləri oyatmağa kömək edir, bununla da beynin fəaliyyəti yaxşılaşır.
Neyrocərrah həftədə iki dəfə oruc tutur. Alim deyir ki, 16 saatlıq oruc (yuxu vaxtı da daxil olmaqla) beyin inkişafının təbii amillərini artırır, bu da sinir bağlarının inkişafına kömək edir. Məhz neyronlar informasiyanın beynin müxtəlif sahələrinə və əsəb sisteminə ötürülməsinə icazə verir. Odur ki, neyronlarınız sağlamdırsa, tam gücü ilə işləyirsə, məlumatlar daha sürətli və dəqiq ötürüləcək, daha çox diqqət mərkəzində olacaqsınız. Eləcə də məlumatı daha asanlıqla mənimsəyə və yaddaşda saxlaya biləcəksiniz. Bu da idrak funksiyasının yaxşılaşmasına və məhsuldarlığına səbəb olur.
Con Hopkins tərəfindən aparılan araşdırmalar da göstərib ki, mütəmadi olaraq oruc tutmaq yaddaşı yaxşılaşdırmaqla yanaşı, Altsheymer və Parkinson kimi xəstəliklərin inkişafının qarşısını alır.
Candial iddia edir ki, səhər yeməyini ötürsəniz,16 saatlıq oruca olduqca asanlıqla tab gətirə bilərsiniz. Səhər yeməyi günün ən vacib yeməyi hesab olunsa da, neyrocərrah bu nəzəriyyənin hələ də elmi cəhətdən əsaslandırılmadığını iddia edir.
O, bazar ertəsi və cümə axşamı 16 saatlıq oruc tutur (əsas odur ki, bu günlər ard-arda olmasın), eyni zamanda səhər yeməyi və lançı ötürür, bütün lazımi kalorini nahar vaxtı qəbul edir.
Ancaq oruc tutmağa başlamazdan əvvəl neyrocərrah həkimlə məsləhətləşməyi tövsiyə edir. Belə ki, həkimlər yaşlılara, hamilə qadınlara və uşaqlara hər cür oruc tutmağa icazə vermir. Bundan əlavə, həddindən artıq davam edən orucun riskləri mövcuddur.
2. Dərin nəfəs alma
Stressli işə başlamazdan və ya çətin problemi həll etməzdən əvvəl zehni sakitləşdirmək üçün Candial 5 dəqiqə yavaş və dərindən nəfəs almağı məsləhət görür. Alim deyir ki, burnunuzdan yavaş-yavaş nəfəs ala biləcəyiniz bir yer tapın, sonra nəfəsinizi bir neçə saniyə saxlayın və astaca nəfəs almağa davam edin.
Gündə iki dəfə təkrarlanan bu cür meditativ nəfəs texnikası neyronları sakitləşdirməyə kömək edəcək ki, bu da daha sürətli və yaradıcı düşünməyə imkan verir. Bu cür nəfəs məşqlərindən sonra insan məhsuldarlığının zirvəsi baş verir.
Bundan əlavə, Candial deyir ki, beynin müxtəlif hissələri arasındakı sinir əlaqələrinin yaxşılaşdırılması qərar qəbul edilməsinə, impulsların idarə olunmasına və konsentrasiyasına birbaşa təsir göstərir.
3. Şaquli vəziyyət
Candial daha çox ayaqüstə qalmağa və gəzməyə çağırır: “Beyin bu vəziyyətdə bədən üçün hazırlanıb. Buna görə də bir insan gəzirsə, beyni özünü protein ilə təmin edir”, - alim sözlərinə əlavə edir.
Ekspertin fikrincə beynimizin bu proteinə ehtiyacı var, çünki o demək olar ki, 90 milyard sinir hüceyrəsinin sağlamlığını qorumağa kömək edir və bu da öz aralarında elektrik siqnallarının daha yaxşı ötürülməsinə kömək edir, odur ki, beynin işini yaxşılaşdırır.
Alim deyir ki, şaquli duruş beyin üçün bir növ dərmandır, yalnız həb və pəhriz əlavələri almağa ehtiyac duymayın.
Aytən Məftun (publika.az)