“Nisa” surəsinin 78 və 79-cu ayəsinə diqqət etdikdə görürük ki, birinci ayədə pislik və yaxşılıqların hamısının Allah tərəfindən olduğu söylənilir. Halbuki sonrakı ayədə pisliklərin insan tərəfindən olduğu qeyd edilir. İndi nəticə necə olur?
İki ayənin məzmununa diqqət etdikdə bir neçə nöqtə ilə qarşılaşırıq ki, verilmiş suala ayrılıqda olaraq cavab vermək mümkündür:
1 – Quranın digər ayələrindən belə nəticə əldə olunur ki, pis və yaxşı olmasından asılı olmayaraq hər bir şeyi Allah xəlq etmişdir. (“Ənam”, 101) Özü də nəyi xəlq etmişsə, gözəl və yaxşı xəlq etmişdir. (“Səcdə”, 7) Deməli, dünyada hər nə varsa, Allaha aiddir. Hər bir şeyin varlığı özü üçün xeyirdir. Ancaq pisliklər yoxluqdan yaranır və Allahın məxluqatı onlara aid edilmir. Pislik dedikdə məqsəd odur ki, məxluqun hədəf və inkişafına maneə olsun. Ona görə də, bütün varlıqların Allahın məxluqatı olduğunu nəzərə alsaq, varlıqların əməlləri və onlar arasındakı rabitə nəticəsində yaranan pisliklər də Allaha nisbət verilir. Bu, elə birinci ayədə qeyd olunan məsələdir. Başqa bir tərəfdən isə, pislik o yerdə hasil olur ki, Allah xəlq etmiş olduğu məxluqun varlıq kamalını ondan almış olsun. Həmçinin Allah heç vaxt Öz geniş rəhməti səbəbilə xeyir və rəhmət yönləndirməsini əsirgəmir. Bir halda ki, onu qəbul etmə bacarığı fərdlərdə mövcud olmasın. Çünki bu bacarığı yaratmaq, yaxud aradan aparmaq insanların öz ixtiyarındadır. Deməli, burada demək olar: Xeyir işlər Allah tərəfindən, pis işlər isə bəndələr tərəfindəndir ki, öz naqislikləri və ilahi rəhməti qəbul etməkdə aciz olduqları üzündən kəsb etməmişlər. Bu da ikinci ayənin mənasıdır. (“Əl-Mizan” təfsirindən istifadə olunub)
2 – Ayəyə başqa bir baxışdan nəzər salsaq, demək olar ki, dünyanın bütün hadisələri, hətta yaxşı və pis olmasından asılı olmayaraq, bizim əməl və davranışlarımız belə, bir nöqtədə Allahla əlaqədardır. Çünki bizə qüdrət, ixtiyar və azadlıq vermiş olan, məhz Odur. Ancaq eyni halda əməllərimiz bizimlə əlaqədardır və bizim varlığımızdan qaynaqlanır. Çünki əməlin təyin olunma amili, iradə və ixtiyar bizimdir. Buna görə də biz öz əməllərimiz qarşısında məsuliyyət daşıyırıq. Əməllərimizin qeyd etdiyimiz tərzdə Allaha istinad olunmasına baxmayaraq, məsuliyyət bizim üzərimizdən götürülmür və məcburiyyət əqidəsinə səbəb olmur.
Ona görə də “yaxşılıqlar və pisliklər Allahdandır”, – deyildikdə, Allahın hər bir şeyə nisbətdə faili olduğu nəzərdə tutulur. Ancaq “Pisliklər isə sizdəndir”, – deyildikdə isə, işin icraçısının biz olduğumuza, həmçinin iradə və ixtiyar məsuliyyətinə malik olduğumuza işarədir. (“Nümunə” təfsirindən istifadə olunub)
3 – Bu iki ayə üçün başqa bir təfisrə isə Əhli-Beytdən nəql olunan xəbərlərdə işarə olunmuşdur. (Əli ibn İbrahim Qumi, “Təfsiri-Qummi”) O da budur ki, Quranda yaxşılıq və pislik iki mənadadır.
Birinci məna – insanların ixtiyari əməllərilə bağlılığı olmayan yaxşılıq və pisliklərdir. Məsələn, xəstəlik və sağlamlıq.
İkinci məna – insanların əməlləri sayəsində meydana çıxan yaxşılıq və pisliklərdur. Həmçinin cəza və savab ünvanında bu dünyada üzə çıxır. Məsələn, quraqlıqlar və abadlıqlar.
Birinci ayədəki yaxşılıq və pisliklər birinci mənanı, ikinci ayədəki isə ikinci mənanı daşıyır.
Ən doğrusunu Allah bilir.
Farid Abdullah