Qadin.NET / Eşq-i Dərün (1-ci hissə)

Eşq-i Dərün (1-ci hissə)

Osmanlının böyük padşahı Qanuni Sultan Süleyman və böyük  sevgisi  Xürrəm sultanın bir qız uşağı dünyaya gəlir. Əfsanəvi bir eşqin meyvəsi idi bu uşaq və buna görə bəlkə də əfsanəvi eşqin şərəfinə adı Mihrimah qoyulmuşdur.  ”Mihr-ü” farsca Günəş, “Mah” isə Ay deməkdir. Zaman sürətlə keçmiş, Mihrimah Sultan böyüyüb 17 yaşına gəlmişdi, o zamanlar üçün evləndirilməsi uyğun olan bir yaşda idi. İki namizədi olur: biri Diyarbakır qubernatoru Rüstəm Paşa, digəri isə Sarayın baş memarı  Memar  Sinan. Padşah yeganə qızını Rüstəm paşa ilə evləndirir və Sinanın evli və 50 yaşında olduğunu deyir. Amma memar Sinan Mihrimah Sultana dəlilər kimi aşiq olur.

 

Memar Sinan aşiq olduğu Mihrimah Sultana qovuşa bilməmişdir, lakin ona olan eşqini sənətinə köçürmüşdür. Memar Sinandan İstanbulun ən gözəl yerlərindən birinə - Üsküdara Mihrimah Sultan adına bir məscid tikməsini  istəyirlər. Memar Sinan 1540-ci ildə inşa etməyə başladığı məscidi 1548-ci ildə tamamlayır. Məscid inşa edilərkən bir tərəfdən də heç şübhəsiz öz eşqini izah edir. Və əsərində sanki "ətəkləri yerlə sürünən bir qadın" siluetini verir. Ayrıca, məscidin arxitekturası üçün nümunə götürdüyü  bir başqa  yer isə müqəddəs eşqə həsr edilmiş şah əsər Ayasofya olur.

Bəhs edilən bu məscid 2 minarəli olub padşahın fərmanı ilə tikilən bir sənət əsəridir. Amma Sinanın söyləyəcəkləri bununla bitmir, bu əsərdən 14 il sonra o günə qədər ilk dəfə padşah fərmanı olmadan Edirnəkapı divarına çox yaxın, heç kimsənin maraqlanmadığı ucqar, amma İstanbulun ən yüksək təpəsi olan bir yerdə ikinci bir əsərini yaratmağa başlayır.

Mihrimah Sultana ithafən yaratığı bu əsər də sanki sevdiyi qadını əks etdirir. Məscid Mihrimah sultanın o sadə və bir o qədər zadəgan gözəlliyinə istinadən kiçikdir və  38 metrlik bir minarəyə malikdir. Bir ədəd incə qübbəsinin üzərindəki 161 pəncərə isə daxili gözəlliyinin nə qədər işıqlı və aydın olduğunu təmsil edir  və gün işığının hər küncdə sanki rəqs etdiyi qadına xas ədanı əks etdirir (O tarixdə bu alçaqlıqda və bu qalınlıqdakı bir qübbəyə o qədər pəncərə dünyada yalnız Memar Sinan tərəfindən inşa edilə bilərdi). Məscidin içindəki pandatiflərdə və minarə kənarlarındakı uzun naxışlarda  Mihrimah Sultanın ayaq topuqlarını döyən gözəl uzun saçları təsvir edilmişdir. Və qeyd edilir ki, məscidin  tək minarəli olması Mihrimah Sultanın usta Sinanin yeganə böyük sevgisi olduğunu göstərir.

 

 

Amma Sinan eşqinə elə sehrli bir tilsimlə möhürləmişdir ki, bu sirrə məəttəl qalmamaq, o sevdanın  gücünə  inanmamaq mümkün deyil. Sinan Ustanın eşqinin vəsiqəsidir bu iki məscid. Sanki hər iki məscidin də yeri diqqətlə seçilmişdir. Onlar Günəşin şərq və qərb yerləri müəyyən edilərək tikilmisdir. Edirnəqapıdakı Mihrimah Sultan məscidini eyni anda görə biləcəyiniz bir yer müəyyən edin. Günbatanda (əlbəttə, ilin yalnız bir günü - martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi gündür və ən maraqlısı budur ki, o gün Mihrimah Sultanın doğum günüdür) görəcəyiniz möhtəşəm mənzərə budur: Edirnəqapı məscidinin tək minarəsinin arxasından günəş batarkən Üsküdardakı məscidin minarələri arasından ay doğulmaqdadır!

 

 


 
21 noyabr 2011
GO BACK