Bildiyimiz kimi 2 yaşınadək körpələr üçün ana südü əvəzedilməz qidadır. Lakin 6 ayından (bəzən də 4 ayından) sonra uşağa ana südü ilə yanaşı əlavə yeməklər də verilir: kartof püresi, meyvə püreləri, peçenye, düyü və qarabaşaq unlarından hazırlanmış sıyıqlar və s. Biz, analar da körpələrimizə daha vitaminli, tez həzm edilən yeməklər hazırlamağa çalışırıq. Sizə təqdim edəcəyim resept uşaqların sevə-sevə yedikləri qarabaşaq unu ilə alma sıyığıdır. Ümid edirəm siz və ən əsası körpəniz bəyənəcəkdir.
Ərzaqlar:
3 x.q. qarabaşaq unu (evdə hazırlasanız gözəl olar)
1 ədəd alma (armud ya banan əlavə etsəniz bişirməyin)
1 st su
1 x.q. kəsmik
Uşaq peçenyesi
Hazırlanması:
Qazana 3 x.q. qarabaşaq unu əlavə edirik.
Sonra almanın qabığını soyub, doğrayırıq. Doğranmış almaları da qazana tökürük.
Üzərinə su əlavə edib bişməyə qoyuruq.
Bişdikdən sonra bir qaba 3-4 ədəd peçenye yerləşdirib, sıyığımızı üzərinə əlavə edirik.
1 x.q. kəsmiyi də əlavə edirik.
Buyurun qarabaşaq unundan hazırlanmış alma sııyığı hazırdır.
Nuş olsun!
P.S. Qarabaşaq qan azlığı olan uşaqlara xüsusilə faydalıdır.