Uşaqları sevindirmək - dünyanın ən xoşbəxti olmaq deməkdir. Bu dəfə isə sizlərlə "Körpə ayı" tortunu bölüşürəm.Tərkibi biskvitli, az kremli olan bu tort uşaqlarımızın qida rejiminə uyğun ola bilər. Tort balaca və az tutumlu qabda hazırlanır. Sizdə bu qabdan yoxdursa, eyni tərkibli ərzaqlardan başqa balaca qablarda da bişirə bilərsiniz. Və ya iri bir qabda bişirmək istəsəniz, bu ərzaqları 2-3 dəfə artırmalı olacaqsınız.
Tərkibi:
Biskvit üçün:
2 ədəd yumurta
1 stəkan şəkər tozu
Yarım paket vanel
Yarım paket qabartma tozu
Bir damcı qida boyası
Bir xörək qaşığı su
1 xörək qaşığı sirkə
Bir stəkan un
Krem üçün:
250 qram qatılaşdırılmış süd
100 qram "Wellington" kərə yağı
Kakao
Üzərini bəzəmək üçün:
Küncüt (və ya maşından çəkilmiş fındıq, yaxud qoz ləpəsi)
Hazırlanması:
Əvvəlcə iki yumurtanı bir stəkan şəkər tozu ilə ağaranadək çalırıq.
Sonra üzərinə vanel, qabartma tozu, sirkə, qida boyasını 1 x. qaşığı suda həll edib və unu əlavə edib qarışdırırıq.
Ayı formasını yağlayırıq ki, yapışmasın.
Həmin qarışığı formaya töküb, 180-200 dərəcədə bişməyə qoyuruq.
Bişib soyuduqdan sonra üzərinə çaldığımız kremi çəkirik.
Qıraqlarını isə xırda gül forması ilə bəzəyirik, üstünü də küncütlə ayı formasına salırıq.
"Körpə ayı" tortumuz hazırdır.
Nuş olsun!