Tərkibi:
yarım kilo çəkilmiş ət
1 ədəd orta baş soğan (xırda-xırda doğrayın)
2 y/q pomidor sousu
yarım st yumru düyü ( yaxşıca yuyub suyunu süzün)
yarım st keşniş
yarım st şüyüd
2-3 qaşıq kərə yağı
1 ç/q duz
¼ ç/q istiot
1 baş kələm (təxminən bir kilo yarımlıq)
1 st yarım qaynar su
2 y/q kərə yağı
Hazırlanması:
Əvvəlcə içliyi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxşıca qarışdırın. Kənara qoyun.
Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin. Sonra isə kəfkirlə sudan çıxardın və süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.
Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsdiklərinizi qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 y/q dolu içlik qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.
Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.
Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasınlar. Qazanın qapağını örtün. Dolmanı orta dərəcədə təxminən 1 saat bişirin.