Əziz Qadın. Net xanımları, mən sizə badımcan, pomidor, bibər dolmasının Naxçıvan variantını təqdim edirəm.
Tərkibi:
1 kq yumşaq ət
300 q baş soğan
300 q noxud ləpəsi
9-10 ədəd orta boylu badımcan
Pomidor, bibər
Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök
Əti və ləpəni ayrıca qablarda üzərinə su töküb bişməyə qoyuruq.
Ət bişib hazır olan kimi sudan çıxarırıq, soyuduqdan sonra xırda-xırda doğrayırıq.
Soğanı orta böyüklükdə doğrayıb, yağda qovururuq.Yağı bir az çox olsa yaxşı olar.
Soğan tam qızarmadan, doğradığımız əti bura əlavə edirik, bir az da ətlə soğanı bir yerdə qovururuq, sonra bişmiş ləpənin suyunu süzüb, əlavə edirik. Duzunu, istiotunu, sarıkökünü vurub, hazır içi soyumağa qoyuruq.
Badımcanların içini şəkildə göründüyü kimi oyuruq. Bir qaşıq duz və sarıkökü qarışdırıb, badımcanları duzlayırıq.
Qalan tərəvəzlərin də içini cıxarırıq.
Badımcanları əvvəlcə üzü aşağı yüngülcə sıxırıq, içini doldurub, dibinə azca yağ tökülmüş tavaya düzürük. Bibərləri də düzəndən sonra ətin bulyonunu, sürtgəcdən keçirilmiş pomidoru əlavə edirik. Pomidorları da üstdən düzürük, qapağın örtüb, orta odda bişməyə qoyuruq. 40-50 dəq-yə hazır olur.
Artıq dolmamız hazırdır! Nuş olsun!
Qeyd: İçi hazırlayarkən zövqə görə soğanı, ləpəni artırıb, azaltmaq da olar.