Qadin.NET / Bir işığın zərrəsiyik!

Bir işığın zərrəsiyik!

 

Bir işığın zərrəsiyik!

 

Yaxşı yadımdadır, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Orta əsrlərin klassik poeziyasından dərs deyən müəllimlərimiz sufilik təriqətindən danışarkən, onun mahiyyətini hamı nədənsə təqribən eyni sözlərlə izah edirdi: bütün kainatın yaradıcısı ümumi Küll, parlaq İşıq mənbəyidir. İnsanlar dünyaya gələrkən, həmin İşıq mənbəyindən ayrılır, müstəqil yaşamağa başlayır, həyatı boyu inkişaf edərək Şəriət, Təriqət, Mərifət mərhələlərindən keçir və nəhayət, Həqiqətə yetişərək, yenidən həmin Küllə, İşığa qovuşurlar. Orta əsrlərdə sufilərin həyat fəlsəfəsi qısaca bundan ibarət olub. XXI əsrin əvvəllərində həyatın dolanbac yolları məni yaşadığımız günahkar dünyanın müxtəlif yerlərinə, yaxın-uzaq guşələrinə atanda, ən müxtəlif insanlarla (akademiklərdən, xalq artistlərindən, əmək qəhrəmanlarından tutmuş, həyatın dibində yaşayanlara, daha doğrusu sürünənlərə qədər) görüşdürəndə, nədənsə, çox zaman sufiliyin həmin dünyagörüşü yadıma düşürdü. Gördüklərim məndə belə bir qəti inam yaratmışdı ki, müasir zəmanəmizin bir çox görkəmli, həm də “görkəmsiz” şəxsiyyətləri sufilərin neçə yüz il bundan əvvəl qoyduqları yolla gedir, onların mənəvi-əxlaqi, estetik normalarının daşıyıcılarına çevrilirlər. Əcaba, bu nə deməkdir? Günü bu gün də ətrafımızda qədim sufilər yaşayırlar, yoxsa sufilik sadəcə bütün zamanlarda ətraf gerçəkliyin ən düzgün və ən müasir dərki olmuşdur? Birmənalı cavab vermək çətindir!
Rusiya Federasiyasında yaşadığım və ictimai fəaliyyətlə məşğul olduğum zamanlar gördüyümüz işlərin xarakteri belə idi ki, zaman-zaman burdakı azərbaycanlıların ən müxtəlif zümrəyə, peşəyə, dünyagörüşə, savada məxsus nümayəndələri ilə görüşür, müəyyən mövzular ətrafında diskussiyalar aparır, onların və yerli elm, mədəniyyət xadimlərinin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirirdik. Sonra cəmiyyətimizin illik hesabatlarında yazırdıq ki, belə tədbirlər Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin yaxınlaşmasına yardım edir, bu ölkədə daimi və müvəqqəti yaşayan soydaşlarımızın həmrəylik əhval-ruhiyyəsini yüksəldir, nəhayət, diaspora quruculuğu prosesini daha da aktivləşdirir.
Bu yazılanlar tamamilə həqiqətdir. Təkcə Moskva şəhərində Azərbaycan icmasinin toplaşıb, hər il elliklə Novruz bayramını qeyd etməsini xatırlatmaq kifayətdir. Bilsəydiz ki, belə məclislərdə bir-birinə tamam yad insanlar necə asanlıqla tanış olub yaxınlaşırlar? Məsələn, hansısa ağır qutunu qaldırıb, harasa aparmaq lazımdır və Svetlana xanım (tibb elmləri doktoru, professor və belə məclislərin bir nömrəli təşkilatçısı) o tərəf-bu tərəfə baxıb, heç özünün də tanımadığı iki nəfər azərbaycanlı balasını haylayır. Bir-birini tanımayan həmin gənclər bir göz qırpımında qutunu götürüb, lazımi yerə aparırlar və qayıdanda artıq nə vaxtdan bəri tanış olan insanlar təki danışıb gülürlər.
Bütün bunlarla yanaşı, belə insanlarla görüşlərin, bu tip tədbirlərin hər birimiz üçün daha bir əhəmiyyətli cəhəti vardı ki, o heç zaman heç bir yazılı hesabatlara düşmürdü. Belə görüşlərdən sonra insanda qəribə bir qurub-yaratmaq, kiməsə yaxşılıq etmək həvəsi oyanırdı. Sən özünü ruhən daha yüksək pilləyə ucaldığını bütün vücudunla, bütün hüceyrələrinlə hiss edirdin. Yalan, riyakarlıq, paxıllıq, yerlibazlıq, əliəyrilik və digər bu kimi iyrənc insan xislətləri sənə həddən artıq ürəkbulandırıcı görünürdü. İnsan həm özü paklanır, həm də bütün ətrafdakıların paklanmasını ürəkdən arzulayırdı. Hansı dövrdə, hansı quruluşda yaşadığını sanki birdən-birə unudurdun. Çünki insanlar arasındakı qarşılıqlı münasıbətlərdə bütün dövrlər, bütün quruluşlar üçün dəyişməz olan, nəyləsə satın alınması, yaxud əvəzlənməsi mümkünsüz dəyərlər – Vicdan, Həqiqət, Ədalət, Əxlaq, İnam ön plana çıxırdı.
Heç vaxt yadımdan çıxmaz, bir dəfə məşhur yazıçımız, filologiya elmləri doktoru, professor Çingiz Hüseynovla telefonla danışmışdıq ki, onun “Direktoriya İqra” adlı yeni çapdan çıxmış kitabını Moskvanın kitab mağazalarından birinin arzusu ilə (bu haqda həmin mağazanın rəhbərliyi ilə əvvəlcədən danışıb razılaşmışdım) ora çatdırmalıyıq. Əgər istəyirsə, o da bizə qoşula bilər. Çingiz müəllim böyük həvəslə razılığını bildirmişdi. Çünki, o zamanlar kitab üçün heç bir qonorar verilmirdi. Əvəzində nəşr olunmuş məhsulun müəyyən faizini müəllifə pul yerinə təqdim edirdilər ki, satıb özünə götürsün. Çingiz müəllimdə də həmin kitabdan xeyli nüsxə qalmışdı. Durub qapı-qapı düşmək, yəni kitab mağazalarını bir-bir gəzib hamıya öz kitablarını təklif etməyi isə ziyalılığına sığışdırmırdı, əlbəttə. Bu işi onun yerinə diaspora təşkilatımız görmüşdü və gizlətmirəm, bu maraqlı şəxsiyyətlə növbəti dəfə görüşməyimə, eyni zamanda Moskvanın məşhur kitab mağazalarından birinin rəhbərliyini Azərbaycan xalqının tanınmış ziyalı oğlu ilə tanış edəcəyimə həm sevinir, həm də qürurlanırdım. Keçmiş İttifaqın dağılmasındansonra keçən dövr ərzində bu şəhərdə yaranmış bir neçə nəslin həddən artıq “müasir” nümayəndələri biz azəriləri, açığını demək lazımdır ki, inkişafdan, elmdən, mədəniyyətdən uzaq bazar alverçiləri kimi tanıyırdılar. 
Gürüş vaxtı yetişəndə Çingiz müəllim gəlib çıxdı, amma... Amma gözlərimə inana bilmirdim. O, elə bir geyimdə idi ki, yazıçı və professordan daha çox hansısa veteran idmançıya oxşayırdı: başında idmançı idmançı papağı, əynində plaş malından idmançı gödəkçəsi, belində də orta məktəb şagirdlərinin gəzdirdikləri aşırma çanta. Yadımdadır, mən hər ehtimala qarşı ehtiyatla soruşdurdum ki, o, kitab mağazasına getməyə hazırdımı? Çingiz müəllim tamamilə sakit tərzdə cavab verdi ki, tam hazırdır və sualımdan bir qədər təəccübləndi də. Naəlac qalıb yığışdım və beləcə gedib kitabları mağazaya verdik, tez də qayıdıb gəldik (halbuki, müəyyən hazırlıq görmüşdüm, Çigiz müəllimi mağaza kollektivinə tanıtmaq üçün əməlli-başlı çıxış da hazırlamışdım, amma hər şey boşa getdi). Bu hadisə uzun müddət beynimi və hisslərimi narahat edən hadisələrdən biri oldu və indi də elədir. Görəsən, nədən? Həqiqətənmi insan üçün xarici görünüş, maddi aləm bu qədər əhəmiyyətsizdir? Bəlkə insan daxilində qurub yaratdığı özəl dünyasında yaşayanda real dünyanın onun haqqında nə düşünəcəyinin fərqinə varmır? Bəlkə həmin insan yox, biz – bütün rəsmi davranış, ədəb-ərkan qaydalarına qeyd-şərtsiz əməl edən, çoxdan formalaşmış stereotiplərlə yaşamağa üstünlük verən ətrafdakılar düzgün yaşamırıq? Axı, bir zamanlar Don Kixot da haqq-ədalətin, xeyirxahlığın qələbə çalması uğrunda döyüşə atılanda, ətraf aləm onu başdan xarab hesab edirdi.
Başqa bir həmvətənlimiz – sovet dönəmində uzun illər “İdarəolunan Kosmik Uçuşların Qəbulu üzrə Dövlət Komitə”nin sədri vəzifəsində çalışmış general-leytinant, Sovey İttifaqı Qəhrəmanı Kərim Kərimov da eynilə bu cür maraqlı və bəzilərinə qəribə görümə biləcək xarakteri ilə yaddaşıma həkk olub. İlk baxışdan rəsmi və həddən artıq quru görünən bu təkrarolunmaz şəxsiyyətə bir zamanlar o qədər aludə olmuşdum ki, qarşıma mütləq haqqında əhatəli yazı yazmaq məqsədi qoymuşdum və 1997-ci ildə, 80 illik yubileyi ərəfəsində nəhayət məqsədimə çatdım. Qəribədir ki, ümumi məclislərimizin birində onunla məhz bu məqsədlə görüşmək istədiyimi bildirəndə, düşündüyümün əksinə olaraq, o dəqiqə razılıq verdi (açığı, düşünürdüm ki, bəzi “yüksək intellektli” vəzifə sahiblərimiz kimi, o da yəqin əvvəlcə özünü dartacaq, xeyli nəm-nüm edəcək və yüz xahiş-minnətdən sonra bəlkə razılaşdı). Nəinki sadəcə razılıq verdi, üstəlik, evlərinə ən qısa və asan yolu izah edib, balaca kağız parçası üzərində mini-sxem də çəkdi. Yazı ilə əlaqədar hər dəfə evlərində olanda isə (onun evini müxtəlif mükafatlarla, hədiyyələrlə dolu balaca muzey də adlandırmaq olar) məni liftin qarşısında qarşılayır, qapının kandarında üst geyimimi əlimdən alıb asılqandan asırdı. Sonra da müxtəlif otaqlara müşayət edərək, marağıma səbəb olan hər şey haqqında bütün təfərrüatı ilə danışırdı. Onun bir çox hərəkətlərində, ətrafdakı maddi sərvətlərə münasibətində qəribə bir laqeydliyi açıq-aşkar müşahidə etmək mümkündü.
Bu insanın necə maraqlı və zəngin həyat yolu keçməsini xatırlatmaq, yəqin ki, yersizdir. Onun çatdığı bir çox zirvələrə bizim xalqın hər hansı digər nümayəndəsi, güman ki, hələ uzun müddət çata bilməyəcək. Özü isə bütün bunlar haqqında həmişə qəribə soyuqqanlıqla danışırdı. Sanki o, bütün vücudu ilə həmsöhbətinə çatdırmaq istəyirdi ki, bu uğurlar, mükafatlar, ad-san ola da bilərdi, olmaya da. Bütün bunlar şəxsən onun başına gəlib, lakin bir başqasının da taleyinə yazıla bilərdi. O zaman, yəqin ki, Kərim müəllim adi bir insan taleyi yaşayacaqdı və bununla o, yenə də elə indiki Kərim Kərimov xarakterli insan olaraq qalacaqdı. Ən başlıcası odur ki, həyatını halal zəhmətinlə yaşayıb başa vurasan, qalan məsələr ikinci dərəcəlidir. Bu sözlərin heç birini o şəxsən mənə söyləməyib. Onları mən Kərim Kərimovun hər hansı təşvişdən, narahatlıqdan, cılız hisslərdən və merkantil arzulardan uzaq, 80 yaşında körpə uşaq üzü qədər təmiz, səmimi simasından oxumuşam.
Bura qədər yazılanları oxuyan diqqətli oxucu yəqin düşünür ki, görəsən müəllif xüsusi həssaslıqla təsvirini verdiyi qəribəliklərlə bizləri hansı nəticəyə gətirmək istəyir? Doğrudan da, görəsən mən qeyri-adi nəsə demək istəyirəm, yoxsa bütün bunları maraqlı olsun deyə yazıram? Qoy bu suala hər kəs bildiyi cavabı versin. Öz tərəfimdən yalnız onu əlavə etmək istəyirəm ki, hər hansı insan üçün kainatın yaradıcısı, ona yetişmə mərhələləri müxtəlif cür adlana bilər: Allah, Boq, Budda və ya Şəriət, Təriqət, Mərifət və s. Məncə, əsas bu deyil. Əsas odur ki, həmin o Yaradıcı, o əbədi İşıq mənbəyi mütləq mövcud olsun və insan ona can atmağa çalışsın. Qoy hərə öz tutduğu cığırla getsin. Bəzən çaşsın, büdrəsin, yıxılsın. Amma bizim hamımızı son nəticədə mənəviyyat və ruh yüksəkliyi pilləsinə qovuşduracaq həmin yoldan dönməyək, ucalığa doğru addım-addım olsa da irəliləyək. Bu zaman bir də ətrafımıza baxıb görəcəyik ki, sən demə bu yolun xeyli yolçusu varmış. Biz burda bəzən gündəlik həyatda olduğu kimi özümüzü yalqız hiss etməyəcəyik. Bundan sonra müasir kompüter və sürət əsrində vicdanla yaşamaq, çətinliklərə sinə gərmək və xetrin şər üzərində qələbə çalacağına inanmaq bizlər üçün xeyli asanlaşacaq.
Bəli, inanmaq! Bu, çox vacibdir. Adı-soyadı keçən əsrin dərinliklərində itib-batmış müdrik insanlardan biri demişdir ki, güclü inam ürəyə keyfiyyətli sürtkü yağı mühərrikə göstərdiyi təsiri göstərir. Bu məsəli yalnız dəqiq elmlərin həqiqiliyini qəbul edən, humanitar fənlərə barmaqarası baxan bir qrup insanlarımıza yuxarıda sadaladığım mənəvi-ruhani arqumentlər daha anlaşıqlı olsun deyə gətirdim.
Hamıya uğurlu yol arzulayıram!

 2004

Etibar Kərimli 

13 oktyabr 2016
GO BACK