Qadin.NET / Qızılgül mürəbbəsi (foto resept)

Qızılgül mürəbbəsi (foto resept)

Tərkibi:

100 q qızılgül ləçəyi (mürəbbə üçün ətri gözəl olan qızılgül növündən istifadə etmək məsləhətdir)

900 q şəkər tozu

1 və ya 1,5 st su

Yarım və ya 1 limonun suyu

Hazırlanması:

Ləçəkləri səhər-səhər şehi quruyan kimi yığmaq məsləhətdir ki, bu zaman ətri daha gözəl olur. Ləçəkləri toplayarkən ağımtıl hissələrini kəsmək yaxşıdır ki, onlar nisbətən bərk olur.

Toplanan ləçəkləri bol su ilə yuyub dəsmal üzərinə səririk ki, qurusun.

Quruduqdan sonra ləçəkləri bütöv şəkildə də saxlamaq olar, amma doğrayanda yemək daha rahat olur. Ləçəkləri quru bir qabda şəkər tozu ilə qat-qat yığıb ağzını bağlayaraq 1-2 sutkalıq sərin yerdə saxlayırıq.

 Sonra üzərinə suyu əlavə edib qazanı qaynamağa qoyuruq. Qaynara düşdükdən sonra orta odda 30- 40 dəqiqə bişiririk. Hazır olmasına 10 dəqiqə qalmış limon suyunu əlavə edirik (suyu sıxılmış limonu da mürəbbəyə əlavə edin, daha gözəl olacaq).

 Bişərkən rəngi qəhvəyi olan mürəbbə limon suyu əlavə etdikdən sonra gözəl rəng alacaq. Hazır mürəbbədən bir qənddan yeməyə götürürük, qalanını isə isti ikən şüşə bankaya qoyub ağzını möhkəm bağlayırıq və sərin yerdə saxlayırırq.

Nuş olsun!

6 avqust 2016
GO BACK