90-cı illərdə “uşaq” olmaq, həm də artıq uşaq olmamaqdı. Artıq qəbul eləməliydik bəzi şeyləri. Məcburən 10 yaşından 18-20 yaşlarına gəlməliydik. Həyatımıza yeni terminlər daxil olmuşdu və bunların çox pis şeylər olduğunu dərindən olmasa da, yavaş-yavaş öyrənirdik. “Sovet”, “Müharibə", “şəhidlər”, “qıtlıq” sözlərilə qulaqlarımız dolu idi artıq. Nə idi axı, bütün bunlar? Həmin illər anamı itirmiş, ağır bir uşaqlıq zədəsi almışdım, evimizdə nənəmin ağlaşmalarından qurtulub bir az məktəbdə uşaq olurdum ki, bir səhər məktəbdə də eyni halla qarşılaşdım. İlk o zaman öyrəndim müəllimlər də bizim kimi normal insan imiş .Onlar nəinki yeyib-içmək, hətta ağlaya da bilirlərmiş. İlk dərsimiz, gecə saatlarında Rus ordusunun bakıda törətdikləri qəfil qətliamla məlumatlandırılmaqla başlandı. Tam dərk eləməsəm də, anlamışdım bəzi şeyləri. Artıq qonşuluğumuzda yaşayan rus uşaqlarla oynamamalıydım. Bu məni çox sarssa da, yadıma uşaqlıq illərimin ən maraqlı günlərini keçirdiyimiz, yaşadığımız ərazidə yerləşən “Qorodok” deyilən hərbi şəhərcikdə rus uşaqlarla ağaca dırmaşıb tut yeyərkən, Vanyanın məni hündür ağacdan itələməsi düşürdü. İnsan dostuna bunu necə edə bilərdi axı? Anlamışdım və bu mənə uşaq ağlımca vəziyyəti qəbul eləməyə kömək edirdi. Demək ki, biz möhkəm dost deyildik...
Hər şey bir anda dəyişmişdi. Bu sürətə yetişmək çox çətinidi bizimçün. Normalda günbəgün, ilbəil böyüyürdüksə, indi dəqiqəbədəqiqə, saatbasaat böyüyürdük. Məcburən böyüməliydik. Hər yeni xəbərə hazır olmalıydıq və hər dəfəsində gözlərimiz heyrətlə böyüyürdü. Bu qədər ağırlığı qaldıra bilməkçün güclü durmağa çalışırdıq. Artıq oyunlarımız azalmışdı, günümüzü qonşu qadınların ağzından xoş söz eşitmək ümidiylə söhbət aralarında keçirirdik. Ancaq nafilə... heç bir ürək açıcı söz eşitmirdik ki, eşitmirdik...
Müharibə... nə demək idi axı bu? Niyə xoşbəxtliyimizi almışdı əlimizdən? Nə haqla mane olmuşdu uşaqlığımızı doya-doya yaşamağa? Harda qalmışdı dondurma almaq üçün sevinə-sevinə şəhər mərkəzinə qaçan uşaqlar? Susayıb sərin, “dvoynoy” qazlı su aldıqımız köşkümüz də bağlanmışdı artıq.
Bircə Sima xalanın tumları var idi. O da artıq əvvəlki kimi alınmırdı ...
Müharibə zonasında yaşamasaq da, dəhşətlərini görə bilirdik. Evimizin eyvanında bacılarımla durarkən, qəfil gurultu qopdu. Həyatımda bu qədər güclü səs eşitməmişdim. Başımızı qaldırıb havaya baxmağa macal tapmamış çox nəhəng bir qırıcı təyyarənin başımızın üstündən keçib, sürətlə sanki “klass” göstərərək uzaqlaşdığını gördüm. Nə olduğunu anlamadan kiçik bacımla ağlamağa başladıq. Bir neçə gün müəyyən vaxtlarda bu hadisə təkrarlandı və sonralar məlum oldu ki, rayonumuzda mövcud olan təyyarə bazasında olan təyyarələr sınaqdan keçirilirmiş və bu bir təlim imiş. Onsuz da millətin canına vəlvələ düşüb, bunlar da təlim keçməyə yer tapmayıblar sanki. Bir neçə ailə yığışıb ərizəylə müraciətdədilər ki, bundan sonra təlimlərini yaşayış məskənlərindən uzaq bir ərazidə keçirsinlər və deyəsən bu işə yaradı...
O zamana qədər müharibənin nələr yaşada biləcəyini təsəvvür belə etmirdim. Çox qorxsam da, özümə təskinlik verməyə başladım. Ermənilər bizdən çoox uzaqdadırlar və hələ bizim rayona yaxınlaşmağa çox var. Bir də atamın sözləri hər zaman qulaqlarımda idi:
-”Kimdir erməni? Bizə yaxınlaşa da bilməz. Öldürərəm hamısını.
- Papa, bəs silahın, avtomatın yoxdur, axı?
- Odey, orda qılıncım var, görmürsən? Kəsərəm onları”
Atam qəhrəman idi mənimçün. Həqiqətən də, kitab rəfinin kənarında atama hədiyyə olunan qədimi bir qılınc asılmışdı. Bir necə dəfə toxunanda əlimi kəsmişdim. Əvvəl atama, sonra da qılıncın kəsiciliyinə inamım çox idi. Artıq qorxum azalmışdı.
Qıtlıq... o zamana qədər o sözü nənəmdən çox eşitmişdim. Nənəm ikinci dünya müharibəsinin ən ağır üzünü görmüşdü. Aclıq, yoxsulluq, yetimlik, xəstəlik...
Həyat yoldaşı, yəni babam gənc yaşlarında müharibəyə getmiş, uzun illər əsirlikdən sonra evinə dönmüşdü. Nənəmin dediyinə görə başı çox müsibətlər çəkmişdi. Ağır döyüşlərdə iştirak etmiş, medalllar, ordenlərlə təltif olunmuşdu. Həm də çox savadlı kişi imiş. Bir sözlə nənəmin idealına çevrilmiş bir insandır babam. Daha bilmirəm, bu heyranlıqda nənəmin “veteranın dul arvadı” kimi aldığı yüksək məvacibin də rolu vardır yəqin. Çünkü hər söz düşəndə :”Allah rəhmət eləsin, hələ də onun çörəyini yeyirəm” deyir. Nənəm də ən az babam qədər qəhrəman idi... Evdə hər zaman unumuzu, çayımızı, qəndimizi artıqlaması ilə saxlayardı. Hələ müharibə başlamamışdan kisələrdə ehtiyatımız olurdu. Bəzən gülürdük :”Ay nənə, hər şey doludu mağazalarda. Neyniyirsən, bunları aldırıb?” Arvad heç kimi eşitmirdi sanki...
Elə bir zaman gəldi ki, mağazalar da boşaldı. Hər bir ərzaq siyahıyla adam başına gəlib, satılırdı.İlk əvvəllər hər şey bir qədər normal idi. Hər kəs sakitcə gedir öz payını alır gedirdi. Lakin zamanla bu da olmadı. Artıq gün ərzində bir dəfə çörək gəlirdi, o da rayon üzrə ancaq bir mağazaya. İnsanlar təlaş içində idilər. Ya çörəksiz qalarlarsa...
Evin kiçiyi həm də bir az qoçaq olduğum üçün , çörək almağa məni göndərirdilər. Heç zaman da çörək almamış qayıtmazdım evə. Əslində heç kim boş qayıtmırdı, amma millətimiz hər zamankı kimi növbədənkənar “soxularaq” daha çox, daha rahat çörək götürmək istəyərkən, o qədər itələşərdilər ki, qocalar bəzən dözə bilməyib özlərini sıxlıqdan zorla kənarlaşdıra bilirdilər. Ya da çörəkləri o qədər əlləşdirərdilər ki, babat çörəklər də yeyilməyəcək hala düşürdülər. Bəzən satıcı Ramiz dayı hirslənib, piştaxtanı bağlayırdı və sakitləşincəyə qədər heç kimə çörək satmırdı. Bəzi qadınların hədə-qorxularına məhəl də qoymurdu belə olduqda.
Uşaq olsam da, bu mənzərə kənardan dözülməzliyi ilə ürəyimi bulandırdı. Təbii ki, o izdihama qarışsam, həyatda çörək ala bilməzdim. Odur ki, kənarda dayanıb, Ramiz dayının məni çağırmasını gözləyirdim. Amma ürəyimdə qorxurdum hər zaman. Ya Ramiz dayı bu qədər adamın içində məni unutsa neyləyərəm? Amma belə şey olmurdu.
Bir dəfə Ramiz dayı dayı mənim çörəyimi uzadarkən, götürməyçün bacardığım qədər irəlilədim. Yan tərəfdən bir qadın necə itələdisə, artıq çörəyini alıb aralanmaq istəyən bir qoca kişinin əlindəki çörəyin kənarındakı qupquru çıxıntı qolumda dərin cızıq saldı. Qolum qanaya-qanaya evimizə gəldim, əlimdə çörək. Dava-dərman tapılmayan bir zamanda nənəm öz türkıçarələriylə günlərlə qolumu sarıdı, hətta irinləmişdi də. Qolumun ağrıdığını isə heç hiss elemirdim sanki, donmuşdum bütün balaca varlığımla. Uşaqlıq çağımı dondurub, bir daha və daha sürətlə böyümüşdüm.
O gündən sonra çörək almağa nənəm özü getdi. Qolumdakı çörəyin açdığı iz hələ də durur. Hər dəfə görəndə müharibəni, qıtlığı, insanların üzündəki aclıq qorxusu dolu ifadələri, veteranlar mağazasında aldığım çörək yarasını xatırlayıram...
Kübra İ-va
XƏBƏR LENTİ
Düşmən Madagizdə döyüşə girməkdən imtina edir - RƏSMİ
Sellofanda toyuqla kartof
Avropa çempionatında inanılmaz dəyişiklik
Putin bir gündə beş naziri istefaya göndərdi
Gözəl saçlar üçün 9 məsləhət
Azərbaycan milli uşaq oyunları-5
Cavan olmam bir də mən?
Arktikada yeni ada və boğaz tapıldı
Qadınları cəlbedici edən xüsusiyyətlər
Məşhur tərzi: Billie Eilish
Yataq örtüyü modelləri
Sözümüzü "yuxarılara" necə çatdıraq?
Michael Grab
Farmanyana cavab: "Ermənistan əsgərlərinin Azərbaycan torpaqlarında nə işi vardı?"
"Azərbaycan" jurnalının yeni sayı işıq üzü gördü
Çap edilmiş sümüklər insanı xilas etdi
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Əncirli keks (foto-resept)
Gut xəstəliyi ilə mübarizə aparmağın 12 yolu
Ayaqqabı alarkən nələrə diqqət etməliyik?
Castin Timberleykdən GÖZLƏNİLMƏZ ADDIM
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə yeni müsabiqə başlayır
Bakı-Qazax qatarı ləğv edilir
Azərbaycanda 500-ə yaxın insana orqan köçürülüb
Kür çayı üzərindən keçən ikinci dəmir yolu körpüsünə ilkin baxış keçirilib
Ermənilər qul kimi yaşamağa hazırdırlar, təki...
Ermənistan və Azərbaycan arasında status-kvo partladılır
Eşitmə qüsurları
Sürətli saç uzadan kök maskası
Zander (foto resept)
Eyni şəxs üçüncü dəfə koronavirusa yoluxdu
Koronavirusun altı “növü” mövcuddur. Hansı daha təhükəlidir?
Daha bir türk serialı başlayır
Alişan 100 min dollar istəyib
"Uğursuz" dahilər
Manatın taleyi necə olacaq?
Bakıda yeni metro stansiyası
Şanxay sakinləri daha 2 həftə “ev həbsində” olacaq
Sobada tərəvəzli salat (foto resept)
Məşhur aktrisa xəstəxanalıq oldu
Məşhur aktrisa gəncliyindən danışdı
Məşhur cütlüyün Boşanma Səbəbi məlum oldu-FOTO
Yeni dollarlar
Enerji içkilərinin satışı ilə bağlı mühüm dəyişiklik
İdmana yeni başlayanlar üçün yağ yandıran 2 hərəkət
"Beyni qan" uşaqları necə qoruyaq?
Pensiya və maaş qalxacaq
Məşhur fransız brendi saxta çıxdı - FOTO
Bu azərbaycanlı Cocuq Mərcanlıya 3 milyon ayırdı
Rəngli görmə
- ŞƏRHLƏR