Qadin.NET / Azərbaycan tarixindən yüz şəxsiyyət-70

Azərbaycan tarixindən yüz şəxsiyyət-70

Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.

Nəriman Nərimanov

(1870-1924)

Nəriman Nəcəf oğlu Nərimanov ilk təhsilini Tiflis müsəlman ruhani məktəbində almışdır. O zaman Rusiya imperiyası ərazisində ən qabaqcıl pedaqoji məktəb Qori müəllimlər seminariyası hesab olunurdu. Bu seminariyada imperiyanın ən yaxşı müəllim-metodistləri dərs deyir, burada hazırlanan bütün dərs vəsaitləri imperiyanın ərazisində yayılırdı. Gənc Nəriman burada o dövr üçün qabaqcıl biliklərə yiyələnmiş, ədəbiyyatla tanış olmuşdur.

1890-cı ildə Qori seminariyasını bitirən Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunur. Lakin qaynar təbiətə malik ziyalımıza, təbii ki, bir kənd mühiti darlıq edir. Odur ki o, 1891-ci ildə Bakıya köçür, burada dərs deyir və  xalqın maariflənməsi uğrunda mübarizəyə başlayır. Azərbaycanlılara həqarətlə baxan məmurlarla mübarizədə o, xalqının təhsil almaq, savad artırmaq hüququnun həyata keçirilməsini tələb edir. Müvafiq icazə aldıqdan və bir neçə tərəqqipərvər varlı azərbaycanlını işə qatdıqdan sonra o, 1894-cü ildə Bakıda türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanası təşkil edir. Onun fondlarında həm Şərq, həm rus və Avropa ədəbiyyatı var idi.

Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır. 1894-cü ildə Nərimanovun "Nadanlıq" pyesi Azərbaycan dilində çap olunmuş, 1895-ci ildə tamaşaya  qoyulmuşdur. Tamaşadan gələn gəliri Nərimanov qiraətxanaya sərf etmişdir. Onun "Dilin bəlası" ("Şamdan bəy"), "Bahadır və Sona" əsərləri bütün Azərbaycanda geniş yayılmışdır. Əsərlərində dövrün sosial-psixoloji problemlərini irəli çəkən Nərimanov hətta tarixi əsərlərində də onları qabarıq şəkildə verirdi.

1899-cu ildə çap etdirdiyi "Nadir şah" pyesində mütləqiyyətin bütün mənfi cəhətləri elə aydın və dürüst qələmə alınmışdır ki, uzun illər boyu çar məmurları ehtiyat edib onun tamaşaya qoyulmasına icazə verməmişlər. Nərimanovun elmi-publisistik fəaliyyəti cəmiyyətin ətalətdən qurtulmasına, türk-müsəlman əhalisinin milli oyanışına xidmət edirdi. Elə buna görə də sonralar Üzeyir Hacıbəyli Nərimanovu "ustad dramaturq" adlandırmışdır.

Daim yeni biliklərə can atan Nərimanov 1896-cı ildən etibarən Bakı realnı məktəbində dərs deyə-deyə humanitar elmləri öyrənir və 1902-ci ildə ekstern yolu ilə imtahan verərək Bakı kişi gimnaziyasının attestatını alır. Elə həmin ildə o, Odessa şəhərində yerləşən Novorossiya Universitetinin tibb fakültəsinə daxil olur. Tələbəlik dövründə Nərimanov teatr truppası yaradır və tamaşalar qoyur.

Bu zaman o həm də siyasi fəaliyyətlə məşğul olmağa başlamışdır. İnqilabi hərəkətlərə görə universitet müvəqqəti bağlanmış və Nərimanov Bakıya qayıtmışdır. "Hümmət" sosial-demokrat təşkilatına qoşulan Nərimanov, həmçinin, İranda "İctimai-amiyyun" partiyasının yaradıcılarından olmuşdur. Sonralar bu partiya İran inqilabı dövründə aparıcı rol oynamışdır. 1906-cı ildən etibarən "İrşad" və "Həyat" qəzetlərində onun siyasi məqalələri çap edilmişdir. Nərimanov Qafqaz müsəlman müəllimlərinin birinci qurultayının fəal təşkilatçılarından biri olmuşdur.

1906-cı ildə Odessaya qayıdıb orada təhsilini başa vuran Nərimanovun "Nadir şah" əsəri Volqaboyu, Türküstan, Cənubi Qafqazın iri şəhər teatrlarında, həmçinin Tehranda tamaşaya qoyulmuşdur. 1908-ci ildə Bakıya qayıdan Nərimanov şəhər xəstəxanasında işləmiş, həkimlik fəaliyyəti ilə bərabər, siyasi fəaliyyətlə məşğul olmuşdur. Rusiya sosial-demokratları ilə yaxınlaşan Nərimanov Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (RSDFP) nizamnaməsini Azərbaycan dilinə tərcümə etmişdir. 1909-cu ildə təyinatı Tiflisə verilən Nərimanov burada həkim-terapevt işləmiş, lakin İran inqilabçıları ilə əlaqədə günahlandırılaraq həbs edilmişdir. 6 ay həbsxanada saxlanıldıqdan sonra o, Həştərxana sürgün edilmişdir. Burada həkimlik fəaliyyətini davam etdirməklə yanaşı, o, mədəni-kütləvi tədbirlərdə iştirak etmiş, inqilabi fəaliyyətini də dayandırmamışdır. Həştərxan Xalq Universitetinin sədri seçilən Nərimanov şəhər dumasının üzvü olmuşdur. Onun fəaliyyətinin səs-sorağı hər yana yayılmışdır. Hətta Fransada çap olunan "Paris" qəzetində qeyd olunurdu ki, "Həştərxan quberniyasında yaşayan müsəlman əhalisi arasında N.Nərimanovun təbliğatı böyük uğur qazanmışdır".

1913-cü ildə Nərimanov Bakıya qayıdır, həkimliklə bərabər, "Nicat" cəmiyyətində fəaliyyət göstərir, ədəbi dərnəklər yaradır.

1917-ci ildə Nəriman Nərimanov "Hümmət" təşkilatı Komitəsinin sədri və RSDFP Bakı Komitəsinin üzvü seçilmişdir. O həm də Bakı Müsəlman İctimai Təşkilatları Bürosunun tərkibinə daxil edilmişdir. "Hümmət" qəzeti onun redaktəsi ilə nəşr olunurdu.

Bakı şəhər Dumasının üzvü seçilən Nərimanov I Dünya müharibəsində əsir götürülüb Bakıda saxlanılan türk əsgərlərinə qayğı ilə yanaşır, eyni zamanda S.Şaumyanın başçılığı ilə  bolşevik-erməni quldurlarının hərəkətlərinin qarşısını almağa çalışırdı. Məhz onun səyləri nəticəsində 1918-ci ilin əvvəllərində tərəflər arasında danışıqlar aparılmış,  I qarşıdurmanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilmişdir. Lakin bolşevik-erməni qüvvələri verdikləri əhdi pozmuş və Bakıda mart qırğınları törətmişlər. Odur ki Nərimanov Bakıda fəaliyyət göstərən ermənilərdən ibarət hərbi hissələrin ləğv olunması haqqında göstəriş imzalamışdır, lakin Rusiya bolşeviklərinin lideri V.Leninin dəstəyindən istifadə edən Şaumyan bu göstərişə əməl etməmişdir.

Bolşevik-erməni liderlərinin siyasətinə etiraz  edən  Nərimanov əvvəlcə şəhər təsərrüfatı komissarı təyin edilmişdir. Ağır xəstələndikdən sonra isə ümumiyyətlə, Həştərxana göndərilmişdir. Onun Bakıdan uzaqlaşdırılmasında məqsəd isə Şaumyan və əlaltılarının cinayətlərinə rəvac vermək idi. Həştərxanda müxtəlif vəzifələrdə fəaliyyət göstərən Nərimanov "Biz Qafqaza hansı şüarla gedirik?" proqram xarakterli məqaləsi ilə kommunizm ideyasına sadiqliyini göstərmişdir. O hesab edirdi ki, bu ideya ümumi bərabərliyə və son nəticədə bütün problemlərin aradan qaldırılmasına, ədalətli cəmiyyətin qurulmasına gətirib çıxaracaq.

1919-cu ilin avqustunda Moskvaya çağırılan Nərimanov Rusiya Xarici İşlər Komissarının (nazir vəzifəsinin analoqu) Şərq məsələləri üzrə müavini vəzifəsində işləmiş, həmçinin Leninin bu məsələlər üzrə müşaviri olmuşdur. O, bolşeviklərin yerlərdə kommunizm adı ilə əslində terror siyasətini yürütməsini, bu siyasətin ağır nəticələr verməsini vurğulamışdır. Nərimanovun fikrincə, güc tətbiq etmədən Azərbaycanda ideal kommunist sovet respublikası qurulmalı, insanların zəranı yaxşılaşdırılmalıdır. Belə olduqda digər Şərq ölkələri də Azərbaycanın nümunəsi ilə sovet rejimləri yaradacaqlar. Lakin Lenin və onun əlaltılarının Nərimanovun dediklərini həyata keçirməyə nə vaxtı, nə də həvəsi var idi.

Nərimanovun biliklərini yüksək qiymətləndirən Lenin təkcə güc, zor hesabına fəaliyyət göstərməyə öyrəşmişdi. 1920-ci ilin aprelində Azərbaycan hərbi yolla işğal edilmiş, burada repressiyalar başlanmışdır. Nərimanov Azərbaycanda yaradılan sovet respublikasının idarəetmə orqanlarına qiyabi olaraq seçilsə də, ona Bakıya qayıtmağa icazə verilmirdi. Yalnız repressiyaların birinci dalğası başa çatdıqdan sonra o, mayın 16-da Bakıya gələ bilmişdir. Azərbaycanda gördüklərindən dəhşətə gələn Nərimanov Leninə göndərdiyi teleqramlarda yazırdı: "Azərbaycanı başdan-başa qarət edirlər, sağa və  sola güllələyirlər". Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin bir çoxunun xaricə getməsinə məhz Nərimanov imkan yaratmış və bununla da onları sovet repressiya maşınının ağzından xilas etmişdir. Lakin Lenin bütün səlahiyyətləri S.Kirov və S.Orconikidze kimi qatillərə vermişdi. Nərimanov "millətçilikdə" günahlandırılmış, ideyaları isə həqarətlə "nərimanovçuluq" adlandırılmışdır.

Azərbaycan dilinə dövlət statusunun verilməsini, dinə toxunmamağı, mədəni-maarif işlərinin keçirilməsini, milli ziyalıların qorunmasını tələb edən Nərimanov getdikcə daha artıq dərəcədə Moskvanın və onun Azərbaycandakı nümayəndələrinin təzyiqi ilə üzləşirdi. Artıq Zəngəzuru itirmiş Azərbaycan indi də Dağlıq Qarabağ, Naxçıvan, Zaqatala və Bakının itirilməsi təhlükəsi qarşısında idi. Bunların qarşısı yalnız Nərimanovun gərgin fəaliyyəti nəticəsində alınmışdır. Azərbaycan neftinin 15%-nin respublikanın maarif və səhiyyəsinə sərf olunmasını o tələb etmişdir. Ölkəmizdə rəhbər vəzifələrə ermənilərin, rusların və d. millətlərin nümayəndələrinin təyin edilməsinə qarşı da o çıxmış, Azərbaycana ağır zərbələr vuranları "kommunist cildinə girmiş daşnaklar" adlandırmışdır. Moskvada Azərbaycanla bağlı qərarlar qəbul edilərkən Azərbaycan nümayəndəsinin dəvət olunmamasını təhqir hesab edən Nərimanov Moskvanı hətta üsyanların başlayacağı ilə hədələyirdi.

Azərbaycan neftinə azərbaycanlıların yiyə durmasını tələb edən Nərimanov Bakı -Tiflis-Batum neft kəməri və Bakı-Culfa dəmir yolunun tikintisini başa çatdırmışdır. O, Şərq xalqlarının Bakıda keçirilən 1-ci qurultayında fəal iştirak etmiş və sovetlərin Şərq siyasətində dərin səhvlər buraxdığını göstərmişdir. Rusiya ilə Türkiyə arasında dost əlaqələrin qurulmasında onun müstəsna xidmətləri olmuşdur. Belə ki, Moskvadan İstanbula yollanan hər bir dövlət heyəti, səlahiyyətli şəxs Bakıda Nərimanov tərəfindən təlimatlandırılırdı. Bakıda  saxlanılan  ingilis  əsirlərinin  Maltada  saxlanılan  türk  əsirlərinə dəyişdirilməsi də  onun  səyləri nəticəsində baş  tutmuşdur (ingilislər və  türklər vətənlərinə qayıtmışdılar). İngilis əsirliyində saxlanılan Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (Qars respublikası) liderlərinin azad edilməsində də onun böyük xidmətləri olmuşdur. Türkiyəyə və Atatürkə rəğbət bəsləyən Nərimanovun fəaliyyəti türk mətbuatında geniş işıqlandırılır. Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona fəxri qılınc təqdim olunmuşdur. 1921-ci ildə Nərimanovun səyi ilə imzalanan Qars müqaviləsinə əsasən, Naxçıvana olan təzyiqlər aradan qaldırılmış və bunun qarantı kimi Türkiyə çıxış etmişdir.

Azərbaycam Sovet Rusiyasının müttəfiqi görmək istəyən Nərimanov ölkəmizin müstəqilliyinin ləğv edilməsi və Rusiya tərkibinə qatılmasına qətı etiraz edirdi.  O  belə  tədbir  həyata  keçirilərsə, tutduğu  vəzifələrdən istefa  verəcəyini bildirirdi. Nərimanovun fəaliyyəti Moskva və onun Azərbaycanda olan nümayəndələrini hiddətləndirsə də, xalq arasındakı böyük nüfuzu, təkcə Azərbaycanda deyil, Şərq və Qərb ölkələrində tanınması onu dərhal aradan qaldırmağa imkan vermirdi. Odur ki, onu Azərbaycandan tədricən aralamaq qərarı qəbul edildi.

1922-ci ildə o, sovet nümayəndə heyəti tərkibində Genuya konfransında iştirak etmiş, yenicə yaradılmış SSRİ dövlətini idarə edəcək qurumun-Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri seçilmişdir. SSRİ hökumətində Nərimanov bütün ölkədən gələn şikayətlərə baxılmasına və müvafiq tədbir görülməsinə nəzarət edirdi. Faktik olaraq milyonlarla insanların son ümid yeri o idi. Moskvada onun rəhbərliyi ilə "Yeni Şərq" jurnalı və Şərqşünaslıq Elmi Cəmiyyəti fəaliyyət göstərirdi. 1925-ci ildə məhz onun təklifi ilə Böyük Sovet Ensiklopediyasının yazılmasına başlanılmışdır. "Ucqarlarda inqilabımızın tarixinə dair" iri məktub-məqaləsində Nərimanov sovet hakimiyyətinin törətdikləri vəhşilikləri cəsarətlə göstərmiş və yazmışdır: "Bu sənədin işıq üzü görməyə imkanı yoxdur, lakin vaxt gələcək ki, tarix müqəssirləri axtaracaqdır". O, həmçinin yazırdı: ''Hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edəcək partiya yoxdur... Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir... Orconikidze və Stalinin simasında biz türklərə etibar edilmir və Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılır".

1925-ci ilin əvvəlində Nəriman Nərimanovun ictimai-siyasi və elmi-ədəbi fəaliyyətinin 30 illiyi Moskvada təntənə ilə qeyd edildi və həmin ilin martında, o qəflətən vəfat etdi. Müəmmalı şəkildə qəflətən vəfat edən Nərimanovun zəhərləndirilərək öldürülməsi, özünü pis hiss etdikdə ona həkim yardımı göstərilməməsi fikri xalq arasında geniş yayılmışdır. O, martın 23-də Moskvada, Qızıl meydanda Kremlin divarı yanında dəfn olunmuşdur. Onun dəfn günü bütün SSRİ-də matəm günü elan edilmişdir.

Stalin hakimiyyəti tam ələ aldıqdan sonra "Nərimanovçuluğ"-u dəstəkləyənlər bir-bir aradan götürülmüşdür. Hətta uzun illər Nərimanovun adının çəkilməsi qadağan edilmişdir. Onun fəaliyyəti yalnız 1955-ci ildən sonra tədqiq edilməyə başlanmışdır.

28 oktyabr 2015
GO BACK