Qadin.NET / Abituriyentlər, hazırsınızmı?

Abituriyentlər, hazırsınızmı?

Az qaldı, lap az. Qəbul imtahanlarının qoxusu əməlli-başlı hiss edilməyə başlandı. Dərslərini əla, yaxşı və ya zəif oxuyanlar... fərqi yoxdur, hamı eyni həyəcanı keçirir. Hələ valideynləri demirəm. Onlara həmişə eyni şeyi deyirlər: “Elə bil imtahanı sən verəcəksən...” Amma onlar yenə eyni “valideynliklərini” edirlər. İmtahana doğru günlər qısaldıqca ən azı imtahan qədər əhəmiyyət qazanan, abituriyentləri, valideynləri, müəllimləri düşündürən bir məsələ də ortaya çıxır: ixtisas seçimi.Təcrübə göstərir ki, 320 bal toplayıb, heç bir yerə qəbul olmayan da var, 250 balla tələbə adını qazanan da. Ona görə ixtisas seçiminin düymələrini hər adamın ixtiyarına vermək olmaz. Bəs ixtisas seçimində nələrə diqqət etməliyik? Ümumiyyətlə, seçim qarşısında və ya qərarsız qalmış abituriyentlərə, adətən, bir neçə faktorun təsir ehtimalı var: valideynin məsləhəti və ya ixtisası, ətraf mühitin təsiri, sinif yoldaşlarının və ya çox istədiyi bir dostunun seçimi, seçmək istədiyi peşədə bir və ya bir neçə insanın qazandığı uğur və s. 

Duyğu, yoxsa ağıl? Hiss, yoxsa məntiq? 
İxtisas seçimində bunların hansından istifadə etməliyik? 
Dərhal cavab verim ki, hər ikisindən. Bir xatirəmlə mövzuya aydınlıq gətirməyə çalışım. 
675 bal toplamış şagirdim yanıma gəldi. İxtisas seçəcəkdik. Hamıya verdiyim sualı ona da ünvanladım: 
- Hansı ixtisası istəyirsən? 
- Müəllimlik. 
Etiraf edim, bu cavabı gözləmirdim. Qarşımızda elə bal var idi ki, hansı ixtisası birinci yazsaq, şagird oraya qəbul olacaqdı. Təəccübümü gizlətmədim, bir də soruşdum: 
- Hansı ixtisası yazsaq, ora qəbul olacaqsan ha. Doğrudan, müəllimlik istəyirsən? 
- Bəli, müəllim. Fizika müəllimliyi. 
Əlbəttə, qərarı şagird verirdi. Amma bir şeyi dəqiqləşdirməliydim. Görəsən, hissi ilə qərar vermişdi, yoxsa məntiqi ilə? 
- Yaxşı, yazıram, amma təsdiqləmirəm. Get, valideynlərinlə də məsləhətləş, son qərarını mənə bildirərsən. 
Bir neçə gündən sonra qarşıma rəngi saralmış, kefi pozulmuş halda qayıtdı: 
- Müəllim, mən ixtisasımı dəyişirəm. Müəllimliyi seçmirəm. 
- Bəs hansı ixtisası seçirsən? 
- Hansını istəyirsiniz, yazın. 
Tutuldum. Bu, həmin şagirdimdən gözlədiyim bir cavab deyildi. Bu qədər bal toplamış bir şəxs “hansını istəyirsiniz, yazın” deyə bilməzdi. Nəsə olmuşdu. Çox isrardan sonra məlum oldu ki, valideynləri və qonşuları onu fikrindən daşındırıblar. O da bu istəyindən, idealından əl çəkmək üzrədir. İdealı bir daha dəqiqləşdirdim: 
- Sən müəllimlik istəyirsən? 
Cavab ürəyin dərinliklərindən gəlirdi sanki: 
- Mən müəllimdən başqa, heç nə ola bilmərəm. 
Artıq qərar verilməli idi. Bütün məsuliyyəti öz üzərimə götürdüm: 
- Mən səninçün fizika müəllimliyini yazıram. Kim nə deyir desin. Valideynlərinə söylə, narazı qalsalar, mənimlə görüşsünlər. 
Beləliklə, ixtisas seçimində əsas şərtlər: 
1. İxtisasa qarşı şiddətli arzu hiss edilməlidir. 
2. Arzu ilə potensial üst-üstə düşməlidir. 
3. İxtisasın bu günü yox, gələcəyi düşünülməlidir. 
4. Hər adamın yox, bu işin əhli olan insanların fikirlərindən istifadə edilməli, amma son qərarı abituriyentin özü verməlidir. Son olaraq, unutmayın ki, ən yaxşı yaxşının düşmənidir. Mükəmməlliyyətçi insanlar “ən yaxşısı olsun, ən doğrusu olsun” deyə-deyə heç cür qərar verə bilmirlər. Səhv etməkdən qorxa-qorxa heç nə etməmək səhvini edirlər. Əziz abituriyentlər, əgər “idealım, amalım, məqsədim nədir?” sualının real cavabını verə bilsəniz, istiqaməti bəlli olan gəmilər kimi, bu həyat səfərində hədəfinizə doğru əmin addımlarla irəliləyər, dərin sularda batmazsınız.
Mənbə:Milli.Az
10 may 2014
GO BACK