Qadin.NET / Bu gün səni istədim

Bu gün səni istədim

Bu gün səni istədim

Bu gün nədənsə səni istədim. Əllərini tutub, gözlərinə baxmaq istədim. Sənin gülüşünü, səsinin ahəngini eşitmək istədim. Sənə toxunmaq, nəfəsini hiss etmək istədim. Mənə sarılmağını, saçlarımı oxşamanı istədim. Amma bilirəm ki, bu mümkün deyil, ona görə də sadəcə xəyalımda istədim səni. Təbiəti, dünyanın bütün gözəlliklərini əks etdirə biləcək qədər güc istədim Tanrıdan. Rəssam olmaq istədim. Misli, bərabəri olmayan bir tablo yaratmaq istədim. O tabloda qaranlıq gecədə səninlə ulduzları seyr etmək istədim. Axan bir ulduz görüb, sanki bütün arzularımız gerçəkləşəcəkmiş kimi arzu tutmaq istədim. O arzuda səni istədim. Bir payız günündə, yarpaqlarını tökmüş bir bağda, səninlə yan-yana yerimək istədim. Ayaqlarımız altında xəzəllərin xışıltısını duymaq istədim.

Bu gün səni istədim

Payızın soyuq küləyindən sanki üşüyürmüş kimi mənə bərk-bərk sarılmağını istədim. Yağışlı havada islanmağımızı, amma islanmağımıza baxmayaraq yağış damlalarını tutmağa çalışmağımızı istədim. Səninlə mavi dənizi seyr edərək xəyallara dalmağımızı istədim. Dənizin qumlu sahilində əl-ələ yeriyərkən, ləpələrin ayaqlarımıza vuruşunu istədim. Günəşin doğuşunu, qüruba enməyini birgə izləməyimizi istədim. Bu gün nədənsə səni istədim. Bu qədər istəyərkən səni, niyə yanımda deyilsən?Kimin gözü dəydi bizə, niyə ölüm girdi aramıza? Niyə axı? Niyə? Sən getdin... Və bu son gedişin oldu. Son gedişində son bir dəfə dönüb arxaya, yaralı, kədərli, peşman baxışlarla mənə baxdın. O baxışlardan sanki ayaqlarım yerdən kəsildi. Sən getdin və gedişinlə üzümdəki, gözlərimdəki təbəssüm də səninlə birgə getdi. Əvəzində isə mənə göz yaşı qaldı. Sənə deməyə o qədər sözüm, sualım var ki. Amma heç birini deməyəcəyəm. Çünkü artıq çox gecdir. Bir şeirdə deyildiyi kimi: "Son sözün dilində dondu qaldı, aciz baxışın üzündə qaldı." Ayrılmaq istəmirdin sən bizdən, zalım ölüm canını güclə aldı. Yoxdur artıq məni güldürən, mənim nazımı çəkən. Bəzən hirsləndirən, bəzən də ağladan. Yoxdur artıq o dəli oğlan.

Bu gün səni istədim

Olmayacaq sənli, xoşbəxt günlər. Olmayacaq... Amma nədənsə çox istədim bu gün səni... Sadəcə səni xatıırlamaq keçdi ürəyimdən... Hər zaman yanımda olduğunu, səni ürəyimdə yaşatdığımı və hər zaman bir ümidimin olduğunu bilməyini istədim. Bir mahnıda deyildiyi kimi:

"Bir gün bulud ürəyindən keçərəm, bir gün sənin gözlərinə köçərəm.

Üzümü söykəyib göyün üzünə, bir gün saçlarına sığal çəkərəm."

Hər şeyə görə çox sağ ol deyirəm. Yaşatdığın gözəl, xoşbəxt, sevgi dolu günlərə görə sağ ol. Xoşbəxtliyi, sevgini mənə daddırdığın üçün sənə minnətdaram. Bu gün sadəcə sən olmaq istədim. Amma nə üzünü, nə gözlərini, yalnız səsini eşitmək istədim... Bu da mənim ürəyim. Bu da mənim xəyalım. Səninlə dolu olan ürəyim və xəyalım... 

Bu gün səni istədim
17 mart 2014
GO BACK