Qadin.NET / Vətən təəssüratları (I hissə)

Vətən təəssüratları (I hissə)

 Vətən təəssüratları (I hissə)

Səhərin açılmasını səbirsizliklə gözləyirdik.Əslində mən ikicə saat yatmışdım.Bir az yemək hazırlayıb soyuducuya qoymuşdum ki,biz gedəndən sonra bir  neçə gün hazır yeməkləri olsun.

Getdiyimiz gün,çiskinli,buludlu bir hava idi.Yol boyu mənzərələr bir-birini əvəz edirdi.Gah kiçik qəsəbələr,gah da ağcaqayın meşələri  görsənirdi.  Hər yan sarı və qırmızı rəngə boyanmışdı.Sarı  yarpaqlı  agaclar  göz önündən ötüb keçdikcə, sanki, burda yaşadığımız  acılı şirinli günlərimiz də onlarla birgə arxada qalırdı. Həyatımızda yeni bir səhifə açılırdı. Ortancıl oglum özünə ömür-gün yoldaşı seçmişdi. Onu görməyə gedirdim.Və bir də qardaşımın uşaqlarının kiçik toyuna. Ürəyim,beynim o qədər qarışıq fikirlərlə dolu idi ki...Sevinc,kədər,həzinlik hamısı bir –birinə qarışmışdı.Bir an öncə təyyarədən  enmək istəyirdim. Gəncə hava limanına enəndə kövrəlməyə bilmirəm. Sanki bir an nəfəsim kəsiləcək bir hal keçirirəm.Gələndə də,qayıdanda da. Havaya baxdım,günəşə baxdım,çox sevindim.Hər tərəfi acgözlüklə seyr etdim. Sanki yay idi.Canım vətənim,səni hansı ölkə əvəz edə bilər ki?!Ölməz şairimizin bu misraları kecdi qəlbimdən: 

El bilir ki,sən mənimsən,

Yurdum,yuvam məskənimsən,

Anam, doğma vətənimsən,

Ayrılarmı könül candan,

Azərbaycan,Azərbaycan.

Avtomobilimiz irəlilədikcə görünən evlər,həyətlər,bağ-bağçalar adamın könlünü oxşayırdı.Ağaclar hələ də yamyaşıl idi.Ətrafın gözəlliyinə o qədər dalmışdım ki,artıq nə üçün gəldiyimi sanki unutmuşdum.Bir an qaynana olacağım yadıma düşəndə gülmək məni tutdu.Qaynanaya bax ha....Hələ öz aləmindədir.

Vətən təəssüratları (I hissə)

Nəhayət bu da doğulub boya-başa çatdıgım küçə.Bu da o möhtəşəm cinarlar.Bu yollarla doğma məktəbə gedib gəlmişəm. Bura mənim ən sevdiyim,ən bağlı olduğum yerdir. 

Həyətdə qonaqlar,qonşular əyləşmişdi. Hamı sabahkı kiçik toy mərasiminə hazırlaşırdı. Qadınlar çalışır,kişilər həyətə qoyulmuş uzun stolun arxasında çay içirdi. Bəli,bu tanış mənzərə ilk andaca ürəyimi açdı.Təki hamının qapısında xeyir işlər üçün süfrələr açılsın.Anamgilin başı bərk qarışıq idi. Gəldiyimi  bilirdilər,amma gəlib yetişən vaxt onları belə bərk məşgul etmişdi.Qardaşımın balaları sabah müsəlman olacaqdılar, əsl kişi olacaqdılar.Hamı bir an qapıya döndü,bizi gördülər. Görüşdük,sarıldıq, kövrəldik. Bu üzlər ,bu gözlər,bu baxışlardan ötrü nə qədər darıxmışdım ay  Allah. Şükür qovuşdurana.Qaynanam da burada idi.Onunla da görüşdüm, qonşularla da görüşdüm.Hamı yerində idi,şükürlər olsun Allaha min dəfə,yalnız əzizimiz,başımızın tacı atamdan başqa.Onun yeri görünürdü. Bir an yaş məni boğsa da,özümü ələ aldım.Onun o gözəl ,nurlu  üzü böyüdülmüş şəkildən bizə baxırdı. Sanki gülümsəyərək olanları seyr edirdi.Bu şəkildə atam sanki,hər dəfə bir cür baxır.Biz sevinəndə,elə bil o da sevinir,kədərlənəndə o da kədərli baxır.Nə etmək olar.Həyatın qanunları qarşısında biz acizik.Amma kaş ki,burda olaydın,kaş ki,sağ olaydın deməyə bilmirəm.Allah cəmi ölənlərə rəhmət eləsin.

Anamgilin həyətində üç ailə yaşayır.Sanki bir ailədirlər.Çox mehribandırlar.Hər bir məclisdə əl-ələ verər,beləcə bütün işlərin öhdəsindən gələrlər, sonuncu qabın yuyulmasına qədər.Onlar yenə də əl-ələ vermişdilər.

Bir az söhbətləşib əşyalarımı qoymaq üçün öz evimizə yollandıq,qaynanam və kiçik oğlum Nicatla. Bura yenidən qayıdacaqdım.

  Ardı var...

2 mart 2013
GO BACK