Sual: Zəhmət olmasa bunlara cavab verərdiniz: 1) “Vəlimə” nədir? 2) “Əqiqə” nədir? 3) Sünnət etmək baxımından İslamın nəzəri nədir? 4) Yenicə doğulmuş körpənin saçlarını qırxmaq barədə İslamın nəzəri nədir?
Cavab: Qeyd etdiyiniz şeylər övlad dünyaya gəldikdən sonra görülməsi müstəhəb olan işlərdən və ədəblərdəndir. Belə ki, övladın dünyaya gəlişi çox bərəkətli bir məsələdir. İslamın onun üçün xüsusi proqram və ədəbləri vardır. Onlardan bəzilərini qeyd edirik:
1. Körpəyə qüsl vermək: Rəvyətlərdə bir sıra qüsllərdən söz açılmışdır. Onlar arasında “Mövlud qüslü” (yeni doğulan körpənin qüslü) də vardır. (Hürr Amili, “Vəsailüş-Şiə”, c.3, s.304) Ona görə də bəzi fəqihlər körpəyə qüsl verməyi (zərər dəyməyəcəyinə dair arxayınçılıq hasil olduqda) körpənin doğulması ilə əlaqədar ədəb və müstəhəb işlərin bir hissəsi hesab etmişlər. (Fazil Lənkərani, “Cameül-Məsail”, c.2, s.387. Əlbəttə, digər fəqihlər qeyd etmişlər ki, körpənin qüslündən məqsəd uşağı çimizdirməkdir. Yəni “ğəsl” mənasındadır, “ğusl” mənasında deyil. (Şeyx Tusi, “Əl-Cüməl vəl-Uqud fil-İbadat”, s.192)
2. Azan və iqamə demək: Müstəhəbdir ki, körpə dünyaya gəldiyi ilk gün, yaxud göbəyinin bəndi düşməzdən öncə sağ qulağına azan, sol qulağına isə iqamə deyilsin. (İmam Xomeyni, “Tovzihul-Məsail”, s.203)
3. Başı qırxmaq: Yeddinci gün müstəhəbdir ki, körpənin başının tükləri qırxılsın və onun çəkisində qızıl, yaxud gümüş sədəqə verilsin. Əlbəttə, uşağın başını qırxmaq vacib deyil və bundan boyun qaçırmaqla, yaxud icra etməməklə günaha bulaşmış olmursunuz.
4. Əqiqə: Əqiqə bundan ibarətdir: Qoyun qurban kəsmək və onun ətini yeni doğulan körpənin salamatçılığı üçün sədəqə vermək.
5. Oğlan uşağını sünnət etmək: Yeddinci gün sünnət etmək daha yaxşıdır. Bu gündən daha sonraya təxirə salınmasın. Həddi büluğa çatdıqdan sonra isə onun özünə vacibdir. (“Cameul-Məsail”, Behcət, c.3, s.581)
6. Vəlimə: Vəlimə (Qonaqlıq) bundan ibarətdir: Orada ən azı on nəfər qonaq iştirak etmiş olsun. Həmçinin müstəhəbdir ki, körpə doğulduqda camaata və qonuşalara vəlimə versinlər. Əgər onun üçün əqiqə emtişlərsə, daha üstündür ki, əqiqə ətindən istifadə etməsinlər. (“Cameul-Məsail”, Behcət, c.3, s.581)
Farid Abdullah