Yeniyetməlik dövrü, hər bir insanın keçirdiyi bir dövrdür. Bəziləri üçün ilk menstruasiya, bəziləri üçün bədənində müəyyən dəyişikliklərin olması, qolaltından, qasıqdan tüklərin çıxması, “ bədənimi tük basacaq “ hissi ,” nəyə görə başqa yaşıdlarımda saqqal var, amma məndə yoxdu “ fikirləri , valideynə deməyə qorxulan hallar, bəziləri üçün artıq çəkinin alınması, sinənin böyüməsi və bu zaman hiss olunan ağrı və s. Təbii ki valideyni ilə arası yaxşı olan yeniyetmələr bu illəri rahat keçirəcək. Ana və atası onlar üçün sadəcə valideyn olanların vəziyyəti isə bir az ağırdır.
Mən yeniyetməlik illərimi rahat keçirmişəm. Çünki uşaqlıqdan bəri hər çətinliyin bitəcəyini, bu halı məndən başqalarının da yaşayacağını fikirləşmək hissi mənə rahatlıq verirdi. Amma narahat olanlardan danışmaq istəyirəm. Anası olduğu halda və ondan aybaşı haqqında məlumat almaq istəyi olduğu halda onunla danışa bilməyən, döşləri çıxmağa başlarkən hiss etdikləri ağrıların səbəbini bilməyən qızlar, “övladla ana arasında sərhəd olmalıdı “ kimi boş fikirləri beynində daşıyan analar , hormon uçuşunun onda xəstəlik olduğunu fikirləşən yeniyetmə oğlanlar, bu halın bu yaşlarda normal olduğunu söyləməyin mədəniyyətsizlik olduğunu fikirləşən atalar. Övladınızı bir az da özünüzdən uzaqlaşdıracaqsınız.
Övladınız yeniyetməlik dövrünə çatdıqda onsuz da bunu hiss edəcəksiniz. Bir çox yeniyetmə belə olur.
1) Danışdırmasan danışmaz.
2) Azadlıq axtarar ( əsasən də uşaqlıqdan bəri ailə tərəfindən sıxılanlar ).
3) Bəzən normal qidalanmalarından yayınar, qeyri-sağlam qidalara yönələrlər.
4) Valideyn tərəfindən rahatlıq verilməyənlər evdən getməyə, dostları ilə yaşamağa yönələrlər .
5) Əsəbi olarlar, bu əsəbin səbəbi isə çox zaman bəlli olmaz ( övladını tanımayan valideynlərə görə ).
6) Ən əsası isə , bu dövrdə valideynlərinin ona əvvəl olduğundan daha çox diqqət yetirməsi onların xoşuna gəlməz .
Bəli, dövrün dəyişdiyini anlamağın ən yaxşı üsulu övladınız özünü anlayandan bəri sizin də onun yaşıdı kimi davranmağınızdı. Əgər nənə-babaya 12-18 yaş aralıqlarının necə keçdiyini soruşsanız əsasən böyük bir qismi eyni cavabı verəcəklər “ bizim vaxtımızda belə şeylər yox idi. Atanın üzünə dayananda şilləni qoyurdu sifətimizə. Gedib adam olurduq “ deyəcəklər . Bu yaşadıqlarının da doğru olduğunu öz övladlarına ötürmüş, düzgün düşüncə sahibi olmayan nəsil yetişdirmişdirlər. Təbii ki bu mənim fikrimdir .
Yeniyetmə övladınızla necə davranmalısınız ? Mən bir gənc olduğum üçün, mən də vaxtında bu yollardan keçdiyim üçün hansı hərəkətlərin yeniyetmələrə əsəb verdiyini, onları sakitləşdirdiyini, onların nə hiss keçirdiyini ən yaxşı mən anlayıram. Buna görə də yazdıqlarımı diqqətlə oxuyun.
1) İlk əvvəl, övladınızı hələ uşaq yaşlardan doğru böyütməyə çalışın ki, gələcəkdə sevgisiz böyüyən biri halına gəlməsin. Doğru böyütmək isə budur ki, ona sevgi verin. Onu anladığınız düşünsün. Uşaqlıqdan ona valideynlik etməyin, onunla dostluq edin. Vaxtı gələndə sizdən qaçmasını istəmirsinizsə, onun üçün hər zaman gənc olmağa çalışın. “ Sən anlamazsan “ deməsini istəmirsinizsə...
2) Siz uşaq olarkən yaşadığınız bütün pis anları unutmağa çalışın. Yaşadıqlarınızı övladınıza yansıtmayın.
3) Əgər övladınızın ayrı otağı varsa, bu otağa gələrkən qapını döyün. Nə qədər valideyn olursanız olun, o bir şəxsiyyətdir. Sizin onun şəxsi məkanına istədiyiniz kimi girməyə haqqınız yoxdur. Uyğun vəziyyətlə olmaya bilər . Sizinlə arası yaxşı deyilsə, bunu edin.
4) “ Sən artıq uşaq deyilsən “ deməyin. Onu tanıyın.
5) Əgər onunla aranız sadəcə valideyn-övlad münasibətidirsə, onda onu hər dəqiqə narahat etməyin və ya onunla artıq bu yaşında dostluq qurmağa çalışmayın. Böyük ehtimal ki, sizin onda bilmədiyiniz xasiyyətlərini göstərəcək və valideyninin onu tanımadığını fikirləşəcək.
6) Onun haqqında “ bunu bacarmaz “ deyə fikirləşməyin. İstədiklərini etməyə imkan verin, maddi və mənəvi dəstəyi kəsməyin. Bəlkə də böyüyəndə dünyanın məşhur şəxsiyyətlərindən biri olacaqdır.
7) Əsla qız-oğlan ayrı-seçkiliyi etməyin.” Qız uşağının gecə bayırda işi olmaz “ (saat bəlkə də 6dır ), qız uşağı qısa geyinməz, qız uşağı bunu etməz , onu etməz və s. Ümumiyyətlə bu yaşda bu hərəkətiniz onlarda sizə qarşı nifrət oyadacaqdır .
8) Övladlarınızı ( yaşının neçə olduğunun fərqi olmadan ) şəxsiyyət kimi yetişdirin. Ona sizə qarşı nəsə bir yanlış hərəkət etdikdə “ səni 9 ay qarnımda daşımışam “ deməyin. İnanın ki, bu söz bizə 1 şillə vurulmasından daha ağırdır
9) Övladlarınızı olduğu kimi sevin. Lezbi, homoseksual, transseksual və ya başqa cinsi azlıqların içinə daxil olduqları üçün onları qınamayın. Bu cür sevin. Həm də ki, sevginin cinsi yoxdur. Sevgi sevgidir.