Qadin.NET / Uşaqlarda "burunda artıq ət" problemi

Uşaqlarda "burunda artıq ət" problemi

Qulaq-burun-boğaz həkimi Sərdar Məşhur uşaqlarda bəzən eşitmə və rahat nəfəs ala bilməmə problemi haqda danışıb. Bunun asan fərq edilməyən "hiyləgər" xəstəlik olduğunu söyləyən həkim ''Əgər uşağı çağıran zaman reaksiya vermirsə, deməli, problem var. Bəzi valideynlər bunu hiss etmirlər.
Uşaqda gözlə görünən bir narahatlıq, ağrı, axıntı olmur. Amma eşitmənin yüngül azalması olur və valideyn diqqətli deyilsə, bunu fərq etmir'' deyə qeyd edib.
Burnunda problem olan uşağın rahat nəfəs ala bilmədiyini, ağzıaçıq yatdığını, xoruldadığını, yatağını islatdığını, yataqda davamlı yer dəyişdirdiyini, qarın ağrısı şikayəti ilə qarşılaşdığını izah edən Sərdar Məşhur bəzi ailələrin burunda ət məsələsini sadə qəbul etdiyini, amma bunun çox zaman pis nəticələndiyini bildirib. 


Məktəbdə diqqəti dağınıq olan uşaqların sayının artdığına işarə edən Məşhur sözlərinə belə davam edib: ''Uşaq dərs boyunca hərəkətsiz qaldığı zaman nəfəs ala bilmir və davamlı hərəkət etmək meylində olur.  Onların çoxunda diqqətsizlik, konsentrasiya pozğunluğu olur.  Belə uşaqlara hiperaktiv deyilir. Ancaq həm rahat nəfəs ala bilmədikləri, həm də müəllimi eşitmədikləri üçün bu uşaqların dərsə marağı olmur. Qulaqda 30-40 desibelə qədər, yəni orta dərəcədə eşitmə itkisi meydana gəlir.
İki sözdən birini eşitməyən uşaqda öyrənmə pozğunluğu olur, zəka geriliyi müşahidə olunur. Eşitmə problemi səbəbindən öyrənmə pozğunluğu olan uşaqlar var. Öyrənmə pozulduqca diqqətsizlik yaranır".
Məktəb yaşındakı uşaqlara nizamlı olaraq nəzarət edilməsinin lazım olduğunu və psixoloqa gedən bir çox uşağın bu cür narahatlıqlarla qarşı-qarşıya olduğunu ifadə edən həkim bildirib: ''Buna görə də əvvəlcə eşitmə testi keçirmək və burunda artıq ətin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Yaxşı eşitməyən uşaqdan diqqətini cəmləməsini gözləyə bilməzsiniz. Əgər uşağı psixoloqa aparsanız, uşağa yaxşılıq etmiş olmazsınız".

4 sentyabr 2011
GO BACK