Uşağın yaddaşı seçicidir – həkimə getmələrini hətta ən kiçik yaşda belə neqativ hadisə kimi yadda saxlaya bilirlər. Və elə həmin gündən də həkim adı gələndə onda xoş olmayan təəssürat yarana bilər. Uşağa həkimdən qorxmamağı öyrətmək çox vacibdir – bununla da onu lazımsız streslərdən uzaq tuta və həkim nəzarətini hay-küysüz yola verə bilərsiniz.
Bunun üçün ən geniş yayılmış üsul həkim oyunudur. Oyuncaq xəstəxana, həkim alətləri və sevimli oyuncaqlar əsl köməkçiniz olacaq. Doktor Ayboliti tanıyırsınız – uşağa onun haqqında nağıllar oxuyun, birlikdə cizgi filmlərini izləyin. Həkim alətlərinin hansının nə işə yaradığını izah edin. Əvvəl oyuncaqlarda, daha sonra isə uşağınızın üzərində göstərin. Gəlinciyi “müalicə edin” – iynə vurun, əlini saryın, yaralarını yodlayın. Bu işləri həyata keçirərkən uşağınız həm öz qorxularından azad olacaq, həm də bunların necə yerinə yetirildiyini öyrənəcək.
Həkim nəzarətinə daha erkəndən hazırlanın. Uşağa hara və nə üçün getdiyinizi mütləq izah edin. Əgər maşınla və ya avtobusla gəzməyi sevirsə, ona bu vasitələrlə səfər edəcəyinizi mütləq bildirin. Çox vaxt valideynlər uşağı qorxutmamaq üçün “İynə ağrıtmır” – deyə aldadırlar. Bunu etməyin! Uşağınız sizə olan inamını itirə bilər. Açıqca izah edin – iynə necə vurulacaq və bu zaman o özünü necə hiss edə bilər. Və mütləq qeyd edin: ağrı tez keçəcək və səhəri gün o bunu heç xatırlamayacaq da.
Bu məsələdə həkimin özünün də köməyindən istifadə edə bilərsiniz. Həkim kabinetinə uyğunlaşması üçün ona bir az zaman verin (özünüz həkimlə söhbət edin). İynə vurulan və ya digər bir xoş olmayan prosedur keçirilən zaman uşağa ürək-dirək verin. İnamla danışın və nəvazişli olun. Hirslənməyin, uşağın üstünə qışqırmayın, bununla onu daha da qorxudacaqsınız.