Bəzi Avropa ölkələrində ailə iclasları keçirmək, həftəlik ailə qəzetləri hazırlamaq ənənəyə çevrilib. Demək istəmirəm ki, bu iş nə qədər doğru, nə qədər yanlışdır. Ancaq bir məsələ çox yaxşıdır ki, bu cür iclaslarda hər kəsin problem gündəmə gətirilir, ailənin kiçiyindən tutmuş, böyüyünə qədər hər kəs öz düşüncələrini, fikirlərini ortaya qoyur.
Əgər ailə mühüm bir qərar qəbul etmək istəyirsə, həmin məsələ bu ailə iclasında ciddi müzakirə olunur. Etiraf edək ki, bizim mentalitetimizdə bu cür toplantıları keçirmək, müzakirələr aparmaq heç də qəbul edilmir. Ya kişi tək başına qərar verir, ya da uzaqbaşı xanımın ağzını arayır, fikrini öyrənir. Dünya qloballaşır, mənəvi dəyərlər üz-üzə, baş-başa gəlir. Bu gün Avropa həyat tərzi televiziyalar, qəzet-jurnal yolu ilə evimizə ayaq açır. İstər-istəməz ailə münasibətlərinin tənzimlənməsində hansı faktorlara üstünlük verəcəyimizi ciddi-ciddi düşünməliyik.
Əgər ailədə tərəflər bir-birinin sözünü eşitmirsə, birinin fikri qarşı tərəfdən etinasızlıqla qarşılanırsa, demək, o ailədə dialoq yoxdur, olsa-olsa, ayrı-ayrı monoloqlar var. Elə bil ki, hər kəs üzünü divara və ya küncdəki kaktus bitkisinə tutub danışır. Təbii ki, bu cür münasibətlərin hakim olduğu ailələrdə nə səmimiyyətdən, nə də xeyir –bərəkətdən açmağa dəyər. Doğrudur, ailə qəzetləri çıxarmaq, ailə iclasları keçirmək bizdə yayılmış ənənə deyil, ancaq ailədə gərək hər kəs bir –birindən xəbərdar olsun, kimin hansı qayğı ilə, hansı ağrı ilə yükləndiyini öyrənsin.
Siz ailə başçısısınız, 15 yaşlı oğlunuz 4 gündür ki, gözünüzün qarşısında fikirli dolaşır. Ürəyində nə düşünür, içində nəyi götür-qoy edir, kimə qəzəblənib, kiminlə “ döyüşə” hazırlaşır, bilmirsiniz. Ancaq onu bilirsiniz ki, nəsə narahatdır, dərdini açıb deyə bilmir. Ailə həm də ağrı-acıları, dərdləri bölüşmək üçündür. Siz ondan xəbərsiz qalmamalısınız, onun ağrısını, acısını öyrənməli, onu incidən məsələləri həll etməlisiniz.
Bu heç də o demək deyil ki, siz birbaşa yol tapıb məsələyə müdaxilə etməlisiniz. Xeyr. Ən müxtəlif yollarla məsələni çözməlisiniz. Bəlkə sizə demək istəmədiyini anasına deyəcək, ya bibisinə açacaq dərdini, ya da hər hansı yaxın bildiyi birinə. Təbii ki, ailədə valideynlə övlad arasında müəyyən pərdə olur. Övlad hər şeyi ata-anasına deyə bilmir. Belə məqamda onu öz ağrıları ilə baş-başa buraxmaq nəticə etibarilə ailədə soyuq münasibətlərin formalaşmasına gətirib çıxara bilər. Sizin vəzifəniz təkcə işləyib pul qazanmaqla bitmir. Hər həftə iclas keçirməsəniz də, bu müddət ərzində ən azı 2-3 dəfə toplaşıb gəzməyə getməli, ən azı gündə 1 və ya 2 dəfə süfrə başında əyləşməlisiniz. Qısası, övladlarınızın içindəki təlatümləri, qayğıları, problemləri vaxtında öyrənməyə çalışın ki, tədbir görməkdə gecikməyəsiniz. Yoxsa, bir də göz açıb görərsiniz ki, o sizdən çox başqalarına bağlanıb, onların sözlərinə daha çox dəyər verir. Ailə təkcə eyni soyadı daşımaq deyil, birlikdir, bütövlükdür, mənəvi yaxınlıq, doğmalıqdır. Çalışın, bu duyğunu, bu atmosferi evinizdə formalaşdırasınız.