Heç bir valideyn uşaqlarla münasibətdə yəqin ki, bütün ömür boyu onları bir dəfə də olsa, cəzalandırmadan keçinməyib. Bəzi valideynlər bu işi fərqində olaraq, lazım olduğu şəkildə edərkən, bəziləri yanlışlığa yol verirlər. Necə etmək lazımdır ki, uşaqları cəzalandıranda bu onlarda şiddət yaratmasın, əksinə başa düşmələrinə səbəb olsun.
Dünyaca məşhur psixoterapevt Milton Eriksonun səkkiz uşağı var idi. Mövzu ilə bağlı sizlərə onun tərbiyə metodundan nümunə gətirəcəyəm.
Milton Erikson yazırdı: "Bir dəfə bazar günlərindən birində ailəlikcə oturmuşduq və qəzet oxuyurduq. Kristi anasına yaxınlaşdı, qəzeti dartdı, əlində büküşdürüb yerə atdı. Ana dedi: - Kristi, bu heç yaxşı hərəkət deyil, qəzeti yerdən qaldır, anaya ver və üzr istə."
"Buna məcbur deyiləm" - Kristina dedi.
Bizlərdən hər birimiz Kristiyə səhv hərəkəti barədə desək də, ondan eyni cavabı aldıq. O zaman mən Bettiyə dedim ki, Kristini yataq otağına apar. Özüm yataqda uzandım, Betti də Kristini yanıma uzandırdı. Kristi şübhə ilə mənə baxdı. Yataqdan qurtulmağa çalışdı, ancaq mən əlindən tutdum.
"Burax!" - dedi Kristi.
"Buna məcbur deyiləm", dedim.
Mübarizə dörd saat davam etdi. Bu müddət ərzində Kristi çırpındı və mübarizə etdi. Tezliklə o, bir əlini azad etməyə nail oldu, ancaq mən cəld ikinci əlini tutdum. Mübarizə iki nəhəngin səssiz döyüşü kimi davam edirdi. Dördüncü saatın sonunda Kristi məğlub olduğunu anladı və dedi: "Mən qəzeti yerdən götürüb anama verəcəm".
Bax həmin zaman gözlədiyim an yetişdi. Mən dedim: "Sən buna məcbur deyilsən".
Kristi bir az daha düşünərək belə dedi: "Mən qəzeti yerdən qaldırıb anama verəcəyəm və ondan üzr istəyəcəm".
Yenə təkrar etdim: "Sən buna məcbur deyilsən".
O zaman Kristi daha dərin düşünməyə məcbur oldu və dedi:
"Mən qəzeti yerdən qaldırıb anama verəcəm, mən qəzeti qaldırmaq istəyirəm, anamdan üzr istəmək istəyirəm".
"Yaxşı"- dedim.
Bu cür metod tətbiqindən sonra Erikson uzun illər uşaq cəzalandırmağın nə olduğunu unutmuşdu, çünki uşaqları öz davranışlarındakı məsuliyyətləri bu üsulla dərk etmişdilər.