Tap görək
Yaş: 6-10
Oyunçuların sayı: 6-8 nəfər
Bir dəstə uşaq bir yerə yığılır və hər bir uşağa ad qoyulur. Eləcə də adlarına müvafiq onların yeyəcəyi xörək təyin edilir. Məsələn: uşaqların biri dovşan yediyi-kələm; ikinci adam yediyi-çörək, üçüncü kirpi yediyi-ilan, dördüncü tülkü yediyi-toyuq, beşinci toyuq
yediyi-darı, altıncı qarğa yediyi-pendir və beləliklə, oyun başlanmazdan əvvəl bütün uşaqlar adlarına uyğun yeməklə təmin
olunur.
Uşaqlar dairə vurub otururlar. Onlardan biri dairənin mərkəzinə gəlib barmağı və yaxud əlindəki ağac ilə yerdə dairə çəkə-çəkə deyir:
"karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma". O biri uşaqlar da barmaqları ilə və ya təbaşirlə (çöplə) dairə çəkə-çəkə "karıxma-darıxma, darıxma-karıxma, karıxma-darıxma" deyirlər.
Dairənin ortasındakı uşaq birdən barmağını yuxarı qaldıraraq yoldaşlarının birindən soruşur: "Yediyin nədir?" Həmin uşaq çaşmayaraq
qabaqcadan təyin edilən xörəyin adını düzgün söyləyərsə, oyun davam edər. Uşaqlar yenə "karıxma-darıxma" kəliməsini təkrar edirlər.
Ortadakı uşaq yenə birdən uşağın birinə üzünü tutub "Adın nədir?" deyə soruşur. Uşaq cavab verir. Əgər cavab verən uşaq yanılıb öz adını, yaxud xörəyinin adını düzgün deməzsə, əvəzinə öz adını deyərsə, o uşağa cəza verilir. Verilən cəza belədir. Uşaq başını aşağı əyməli, yəni digər uşaqlara hörmət əlaməti olaraq təzim etməlidir və ya dairəyə daxil olub rəqs etməli, ya da bildiyi şeirlərdən parçalar
söyləməlidir. Cəzanı uşaq qəbul etməzsə, yəni imtina edərsə, ona başqa bir tənbeh də vermək olar. O, bu cəzalardan da imtina edərsə, onda ona arzuladığı cəzanı vermək məqsədəuyğun olar. Verilmiş cəzanı qəbul etməyən uşaq oyundan kənarlaşdırılmalıdır.
Əl üstə kimin əli
Yaş: 6-14
Oyunçuların sayı: 5-8 nəfər
Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri isə əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: "Əl üstə kimin əli?"
Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa, o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: "Götürün vurun yalandır". Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin
əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir. Oyun təxminən 30-40 dəqiqə davam edir. Əlləri "yatan" uşağın kürəyinə zərblə vurmaq olmaz.
Cızığa girmə
Yaş: 10-16
Oyunçuların sayı: 10-16 nəfər
Uşaqlar oyun yerinə gəlir və iki bərabər dəstəyə bölünürlər. Yerdə tabaşir və ya ucu şiş daşla böyük bir dairə çəkirlər.
Bundan sonra dəstələrdən biri özünü "yaş", o biri isə "quru" adlandırır. Bir balaca yastı daş parçası götürüb bunun bir üzərini yaşlayır və daşı yuxarıya (göyə) atırlar. Quru tərəf olanlar: "ya quru, ya quru" deyib qışqırır, "yaş" tərəf olanlar "mən yaşam, mən yaşam" deyib səslənirlər. Daş hansı üzü üstə düşərsə, o tərəf cızığın içərisinə
girməli olur.
"Yaş" və ya "quru" cızığın içərisinə onun kənarından başlayaraq dairənin mərkəzinə doğru qayışlar qoyur. Qayışlar 50-60 sm məsafə saxlamaqla düzülür. Sayı isə cızıq içərisində olan uşaqların sayı qədər olmalıdır. Cızığın içərisində duran hər uşaq bir qayışın yanında durub onu qorumalıdır. Qayışlar ayaqlar arasında olur. Ayaq ilə qayışı basmaq və cızıqdan kənara cıxmaq olmaz. Cızıqdan kənarda olan uşaqlar çalışır ki, müxtəlif hərəkətlərlə cızığın içərisindəki uşaqların başını qarışdırıb və qayışları bir-bir cızıqdan çıxarsınlar.
İki ayağı cızıqdan çölə çıxarılan uşaq isə oyundan çıxarılır.
İçəridə duran uşaqlar çalışırlar ki, qayışları və özlərini cızıq daxilində saxlasınlar. İçəridəkilərin çöldəki uşaqların ayağını basmaq, ayağına ayaq və əl ilə toxunmağa ixtiyarı vardır. Əgər çöldəki uşaqların birinin bədəninə əl və ayaq ilə toxunulursa, o zaman dəstələr yerlərini dəyişməli və oyun yenidən başlamalıdırlar. Ələ keçirilmiş qayışla rəqibi vurmaq olar. Amma bərk vurulmamalıdır.
Cızığın içərisindəkilər o zaman uduzmuş hesab olunur ki, onlardan bir neçəsi oyundan kənara çıxarılır və ya qayışlardan 3-4-ü rəqib dəstənin əlinə keçmiş olur.
Cızığın kənarında olan oyunçular isə o zaman uduzmuş hesab edilirlər ki, onlardan bir neçəsinin qayışı əlindən alınmış və ya onlardan bir neçəsi rəqib tərəfindən cızığa salınmış olur.
Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"