Uşaqların yuxulara baxışı
(Ardı)
“Uşaqların yuxulara baxışı” mövzusu yeni və maraqlı olduğunda, Jan Piajenin “Childs Conception Of The World” kitabının “Dreams” başlığı altındakı hissəsini (səhifə 88‐112) olduğu kimi sizə təqdim edirəm.
Yuxunun emosional aspekti ondan ibarətdir ki, uşaqlar yuxuda gördükləri əşyaları deyil, şəxsləri yuxularının səbəbi kimi qəbul edirlər. Məsələn, uşaq əgər ayın və ya gecənin günəşi göndərdiyinə inanırsa, bu onların yuxuda ayı və ya gecəni gördüyünə dəlalət etmir. Ancaq yuxunu filan şəxs göndərdi deyirsə, demək həmin şəxsi yuxuda görüb. Bu daha realist bir baxışdır. Çünki görüntü insan qaynaqlıdırsa, o görüntünün fiziki varlığına inanmaq daha asandır, nəinki görüntünün digər əşyalardan törəməsinə. Çünki insanın görünməsi hiss və emosiyalar ilə daha çox əlaqəli və realdır.
Ümumiyyətlə, görüntü haqqında uşaqların fikirləri maraqlıdır. 14 yaşlı Dan uşaqlıqda heykəllərin canlı olmadığı haqqında ancaq düşünə bilərdi. Və ya şəkilli otaqda insanın tək olmadığına inandığını xatırlayır. 2 yaşlı Dar divardan asılmış rəsm yerə düşəndə ağlayıb, çünki düşünüb ki, şəkildəki qızlar zədə alıblar.
Bu uşaqlar tərəfindən görüntü ilə görüntünün qaynağı arasındaki əlaqə, həm də adlar və adların verildiyi əşyalar arasındakı əlaqə kimi başa düşülür. Bütün uşaqlar ilk dəfə yuxu gördükdə onun reallığına inanırlar. Sonra ətrafındakılar və valideynlərinin təsiri nəticəsində onlar bu fikirdən daşınırlar. 14 yaşlı Danın ailəsində inanclara yer yoxdur. O deyir ki, yuxu onun üçün real bir şey idi. Başqa bir dünya... Hər kəs yuxuya gedəndən sonra o dünyaya səyahət edir. Fiziki olaraq yatağında qalsa da, özü bütünlüklə o dünyadadır. Məsələn, o, yuxuda dəfələrlə pişikləri gördüyünü xatırlayır. Bu pişiklər onun arxasınca gəlirdilər. Bu, onu çox qorxudurdu. Ancaq real həyata qayıtmaq üçün onun bir silahı var idi. O özünü yerə atırdı və sonra ayılırdı. Ayılan kimi hələ də qorxu içində olan Dan pişiklərin onu yediyini düşünürdü.
Uşaq vaxtı Dan əksər uşaqların hiss etdiyi özünə qəriblik, şəxsiyyətin itirilməsi, hər şeyin məcburi bir səbəbdən dolayı baş vermə ideyası, hər şeyin öncədən qərarlaşdırıldığı, insanın etdiyi hərəkətə görə məsuliyyət daşımadığı və bu səbəbdən də cəzaların olmaması fikrini daşıyırdı. Eyni xüsusiyyətləri o, yuxu üçün də fikirləşirdi. Sanki yuxu ikinci bir dünyadır və bu dünyada hər şey yuxu görənin iradəsi xaricində baş verir. Danın dediklərində nə qədər həqiqət olduğunu demək çətindir. Ancaq bu qərara gəlmək olar ki, uşaqlığın birinci dövründə onlar yuxudakı görüntüləri ağlın xaricində və görüntünün mənbəyindən törəyən fiziki varlıq kimi qəbul edirlər.
İkinci dövr: Yuxunun mənbəyi bizik, ancaq yuxu yenə də bizim xaricimizdədir. Bu mərhələ birincidən daha maraqlıdır. Çünki uşaq realizminin ən kəskin formasını əks etdirir. Bu səviyyədə olan uşaqlar artıq yuxunun daxildən törəyən bir şey olduğunu anlayırlar. Ancaq onlar yuxuya xarici bir varlıq verir və onun otaqda, onların yanında olduğuna inanırlar.
Əksər hallarda uşaqlar müstəqil olaraq bu qənaətə gəlirlər ki, yuxu görmələrinin səbəbi onların fikirləri və ya başları ilə əlaqədardır. Yuxuların reallıqla olan ziddiyyətinə görə, onlar yuxuları ruhi şey olmasa da, ən azından reallıqdan uzaq olan və daha çox danışıq, görüntü və düşüncə ilə bağlı bir şey kimi qəbul edirlər.
Aşağıdakı misallar birinci və ikinci dövr arasında keçid dövrünü yaşayan uşaqlara aiddir.
Horn (5; 3)
− Sən bilirsən yuxu görmək nədir?
− Bəli. İnsanları görəndə yuxu görürsən.
− Yuxu haradadır?
− Tüstüdə.
− Hansı tüstüdə?
− Yataq ağlarından gələn tüstüdə.
− Yuxular haradan gəlir?
− Buradan (mədəsini göstərir)
− Bəs onda necə olur ki, yuxu görəndə onlar yataq ağlarında olur.
− Çünki sən elə bilirsən.
Horn onu da əlavə edir ki, yuxu gözün qarşısına bir neçə santimetr aralı gəlir. O, düşüncənin ağız ilə aparılmasına inanmasa da, onu döş qəfəsində yerləşdirir. Bəs Hornun yuxunu tüstü ilə əlaqələndirməsi nəfəs almaqla əlaqələndirməklə eynidirmi? Ris və Faqın dedikləri ilə müqayisə etdikdə, elə olduğuna inanarıq.
Dug (6 ½)
− Yuxu nədir?
− Yuxunu axşam görürlər. Sən nəsə haqqında fikirləşirsən.
− Yuxu haradan gəlir?
− Bilmirəm.
− Sənin fikrincə?
− Mənim fikrimcə, onları biz düzəldirik.
− Sən yuxu görəndə o hardadır?
− Evdən kənarda.
− Nə üçün orada?
− Çünki sən o zaman ayıq olursan.
− Bəs sonra?
− Yuxu itir.
− Sən yuxu görəndə o haradadır?
− Bizimlə bir yerdə.
− Harada?
− Yataqda.
− Harada?
− Yaxında.
− Mən orada olsaydım, onu görə bilərdim?
− Yox.... Bəli, çünki sən yatağa yaxın olacaqdın.
− Yuxu haradan gəlir?
− Heç bir tərəfdən.
− Nəyin içindən çıxır yuxu?
− Yatağın içindən.
− Bəs o, oraya necə girir?
− Ona görə ki, sən yuxu görürsən.
− Yuxu harada düzəldilir?
− Yataqda.
− Necə?
− Hava ilə.
− Hava haradan gəlir?
− Çöldən.
− Nə üçün?
− Çünki pəncərə açıqdır.
− Sən nə üçün yuxu görürsən?
− Çünki dünən biz çimməyə getmişdik və çox qorxmuşduq.
− Yuxunu göndərən nəsə var?
− Bəli, quşlar.
− Niyə?
− Çünki onlar havanı xoşlayırlar.
Dug sonra dedi ki, o, yuxusunda əsgərləri görüb.
− Bu yuxu haradan gəlmişdi?
− Çöldən?
− Haradan?
− Çoox‐çoox uzaqlardan, oradan (pəncərədən çölü göstərir).
− Niyə?
− Ona görə ki, orada külək var.
− Yuxunu nə göndərir?
− Hava.
− Bəs sonra?
− Quşlar.
− Bəs sonra?
− Göyərçinlər.
− Bəs, sonra?
− Elə bu qədər.
− Niyə göyərçinlər?
− Ona görə ki, külək əsəndə göyərçinlər sevinirlər.
− Göyərçinlər yuxuları hər hansı bir səbəbə görə, məqsədli şəkildə göndərirlər?
− Yox.
− Onlar yuxuları göndərdiklərini bilirlər?
− Yox.
− Bəs niyə onlar yuxuları göndərirlər?
− Külək əsir deyə.
− Göyərçinlər yuxunu özləri düzəldirlər?
− Bəli.
− Necə?
− Küləyi gətirməklə.
− Külək olmasaydı, yuxu görə bilərdik?
− Yox, ona görə ki, yuxu gələ bilməyəcəkdi.
Bu iki maraqlı söhbət, birinci və ikinci dövr arasında keçid dövrünü yaşayan uşaqların düşüncə hadisəsi haqqında dediklərini xatırladır. Düşüncə səsdir, yəni tüstü və havadan təşkil olunmuşdur, həm daxili, həm də xaricidir.
Maraqlıdır ki, Dug adların zehni varlıq olduğunu dərk etməyə başlayan uşaqlar kimi, yuxunun heç yerdən gəlmədiyini qəbul edir. Aşağıdakılar birinci və ikinci dövr arasında olan uşaqlarla olan söhbətlərdir.
Pig (9 ½)
− Yuxular haradan gəlir?
− Yuxudaykən sən kiminsə yanında olduğunu düşünürsən. Gündüz bir şey haqqında çox fikirləşəndə, axşam onu yuxuda görürsən.
− Yuxu nədir?
− O, heç nə.
− O haradan gəlir?
− Bilmirəm. Məncə, öz‐özünə gəlir.
− Haradan?
− Heç yandan.
− Yuxu harada düzəldilir?
− Otaqda.
− Harada?
− Sən yatarkən.
− O harada düzəldilir? Otaqda, yaxud sənin içində?
− Mənim içimdə ….. Çöldə.
− Səncə, hansıdır?
− Çöldə.
− Yuxu haradan gəlir? Sənin içindən, yoxsa çöldən?
− Mənim yanımdan.
− Harada?
− Otağımda.
− Nə qədər uzaqda?
O, 30 cm önünü göstərir.
Dus (9) təxminən eyni vəziyyətdədir. O da inanır ki, yuxunun mənbəyi həm daxili (ağızda), həm də xaricidir. Bu, ağzı ilə düşündüklərinə inanan və düşüncəni hava ilə eyni tutan uşaqların vəziyyətinə bənzəyir. Pig bir az daha irəli gedərək gördüyümüz və düşündüyümüz şeylər haqqında yuxu gördüyümüzü, yəni yuxugörmədə özümüzün də əhəmiyyətli rol oynadığımızı deyir. Ancaq o, hələ də yuxunun bizim içimizdən gəldiyini və əslində qaynağının daxili olduğunu qəbul etmir.
Aşağıdakı misallar aydındır ki, ikinci səviyyəyə aiddir. Bu səviyyədəkilərin inancına görə, yuxu bizim içimizdən gəlir, ancaq yuxunu görərkən o, xaricdə yerləşir.
Schi (6) çox ağıllı balaca oğlandır. O, bizim suallara böyük maraqla cavab verirdi. Ona görə də onun cavabları çox dəyərlidir.
− Sən bəzən yuxu görürsən? Yuxu nədir?
− Sən, gecəyarı nəsə haqqında fikirləşirsən!
− Yuxunu nə ilə görürsən?
− Ruhunla, düşüncənlə.
− Yuxu haradan gəlir?
− Gecə ikən. Yuxunu bizə göstərən gecədir.
− Bu nə mənaya gəlir? Yuxunu görərkən o, harada olur?
− O… (ağzının ucunda “başımda” sözü var), o, gecə ilə başım arasındadır (!)
− Sən yuxu görərkən gözlərin bağlı olur, yoxsa açıq?
− Bağlı.
− Bəs onda yuxu haradadır?
− Qaranlıq olan kimi yuxu gəlir.
− O haradadır?
− Ayıqkən başındadır. Yuxudaykən çölə çıxır (!). Gecəykən gecə olur. Sən yatandan sonra artıq gecə olmur.
− Yuxu gələndə o harada olur?
− Gözlərimin önündə və ondan sonra divara doğru gedir.
− Sənin atan onu görə bilər?
− Yox.
− Təkcə sən görə bilərsən?
− Bəli, çünki yatan mənəm.
Sci yuxunun düşüncədən əmələ gəldiyini və onun əsl qaynağının özümüz olduğunu bilir. Ancaq o hələ də yuxunun bədənə nisbətən daxili bir şey olduğunu dərk edə bilmir. Yuxunu görə bilmək üçün gözlər bağlı olsa belə, o, gecə ilə göz arasında olmalıdır. Bu səbəbdən də Sci yuxuya gedərkən yuxunun “çölə çıxdığını” düşünür. Scinin fikrincə, bir şeyin görünə bilməsi üçün onun mütləq çöldə olması gərəkdir. Onun realist düşüncələri, “xaricdə olmaq”, və”xaricdə görünmək” arasındakı fərqi başa düşməyə mane olur. Əgər o, yuxunun əsl mahiyyətini başa düşsəydi, onu divarın qarşısında deyil, ya başında, ya da gördüyü obyektlərdə (məktəbdə, göldə)
yerləşdirərdi. Bütün bunlara baxmayaraq, Sci başa düşür ki, təkcə özü öz yuxusunu görə bilər.
Aşağıdakı söhbət isə bir rəsm ilə əlaqədar aparılır.
Fav (8) müəlliminin tapşırığı ilə məktəbdən kənarda onun başına gələn hadisələri “Müşahidə dəftəri”nə qeyd edir. Qeydlər yazı, yaxud rəsm ola bilər. Bir səhər Fav dəftərinə belə bir qeyd yazır: “Bu gün yuxuda şeytanın məni yandırmaq istədiyini gördüm” və yazının aşağı hissəsinə yuxusunu təsvir edən bir rəsm çəkir. Rəsmin sol tərəfində Fav yataqda uzanıb, ortada Şeytan var, sağda isə gecə paltarlarında Fav ayaq üstündə, onu yandırmaq istəyən şeytanın qarşısındadır. Favın bu rəsmi uşaq realizminin bariz nümunəsidir. Yuxu çarpayının kənarında cərəyan edir. Ona görə də Fav gecə paltarındadır. Sanki şeytan onu yatağından çıxarıb.
Yuxunun qaynağı ilə inancda Fav da Sci kimi düşünür, yuxunun düşüncədən əmələ gəldiyinə inanır.
− Yuxu nədir?
− O, düşüncədir.
− Yuxu haradan gəlir?
− Sən nə isə görürsən, sonra onun haqqında fikirləşirsən.
− Biz yuxuları özümüz düzəldirik?
− Bəli.
− O, çöldən gəlir?
− Yox.
Fav həm də onu bilir ki, biz öz beynimiz və şüurumuz ilə düşünürük. Bundan başqa, o, yuxusunu, təkcə özünün görə biləcəyini bilir. Nə biz, nə də bir başqası onun otağına gələn Şeytanı görə bilməzdi. Onun başa düşmədiyi şey isə yuxunun daxili mahiyyətidir.
− Sən yuxu görərkən o, haradadır?
− Gözümün qarşısında.
− Harada?
− Sən yataqda ikən, gözünün qarşısında.
− Harada, çox yaxında?
− Yox, otaqda.
Biz rəsmdə Favın portretini göstərdik.
− Bu nədir?
− Mənəm.
− Hansı sənsən – bu (|) yoxsa bu (||)?
− Yuxuda bu (|| nu göstərir).
− Bu (||) nədir?
− Bu mənəm. Mənim gözlərim xüsusilə orada (|) qalmışdı ki, baxa bilsin (yuxuya) (!)
− Sənin gözlərin ordaydi? Necə ordaydi?
− Mən bütünlüklə orada idim, xüsusilə, mənim gözlərim orada idi.
− Bəs sənin bədəninin başqa hissəsi?
− O da orada idi (yatağı göstərir).
− O necə ola bilər ki, sən həm yataqda olursan, həm də ayaq üstə?
− Məndən iki dənə var idi. Mən, eyni zamanda, həm yataqda idim, həm də ayaq üstə baxırdım.
− Gözlərin bağlı idi, yoxsa açıq?
− Bağlı, çünki mən yuxulayırdım.
Bir az sonra sanki Fav yuxunun daxili mahiyyətini başa düşdü.
− Sən yuxuda ikən yuxu sənin içindədir, yoxsa sən yuxunun içində?
− Yuxu bizim içimizdədir, çünki yuxunu görən bizik.
− O, başın içindədir, yoxsa çölündə?
− İçində.
− Elə indicə sən demişdin çöldə. Bu içində dedikdə nə demək istəyirsən?
− Sən yuxunu gözünlə görə bilməzsən.
− Yuxu haradadır?
− Gözün önündə.
− Gözün önündə nə isə olur?
− Bəli.
− Nə?
− Yuxu.
Fav başa düşür ki, yuxunun daxili mahiyyəti var. O anlayır ki, yuxunun xaricdə görünməsi illüziyadır. Ancaq o, yenə də deyir ki, illüziyanın yaranması üçün xaricdə nə isə fiziki bir varlığın olması zəruridir.
− Sən həqiqətən orada idin? (||)
− Bəli, ikiqat orada idim (| və ||).
− Mən orada olsaydım, səni görə bilərdim? (||)
− Yox.
− Sən “mən ikiqat ordaydım” deməklə nəyi nəzərdə tutursan?
− Mən yuxuda ikən həm həqiqətən orada idim, həm də şeytanla idim.
Verilən cavablardan aşağıdakı nəticələri çıxarmaq olar. Fav yuxunun xaricdə görünməyi ilə xaricdə olmanın fərqini başa düşmür. O başa düşür ki, yuxunun baş ilə bir əlaqəsi var, çünki “yuxunu görən bizik”. Ancaq o, yuxunun xaricində fiziki olaraq mövcud olduğuna şübhə etmir. Ona görə də Fav üçün yuxu, sanki güzgüdə görünən xəyaldır. Fav keçid dövrünü yaşadığı üçün ziddiyyətli fikirlər deyir. Təbii ki, o bundan xəbərsizdir.
Fav ikinci şəklin fiziki olaraq onunla əlaqəli olduğuna inanır. Həmçinin, həm yataqda, həm də ayaq üstə olmağın mümkünlüyü Favın realizminin məhsuludur. İkinci rəsmin birinci rəsm ilə əlaqəsi realist inancı sübut edir. Bizə görə, şəkil ilə onun təsvir etdiyi insan arasında heç bir əlaqə yoxdur. Ancaq realist beyinlər üçün otaqda olan xəyal və rəsmin, onun təsvir etdiyi insanla yaxından əlaqəsi vardır.
Hüseyn Xəlilov