Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-26

Uşaqların sosial-psixoloji inkişafı-26

 

Uşaqların sosial-psixoloji inkişafı-26

 

Yeniyetməlik dövrünə baxış

Yeniyetməlik dövründə ən çox baş verən həyəcan növləri

Qorxu

Yeniyetməlikdə qorxu hissi bir mənada uşaqlıq dövründə yaşanan hallar ilə eynidir. Gənc fərdlər üçün xüsusilə “bilinməyən” şeylər qorxunun əmələ gəlməsinə səbəb olur. Yeniyetmənin maraq göstərdiyi fəaliyyətlərin nəticəsini təxmin edə bilməməsi də onun qorxmasına səbəb ola bilər. Yeniyetməlikdə bütün hissi mövzularda fərdin özünə nəzarət edə bilmək vərdişini qazana bilməsi vacibdir.

Yeniyetməlikdə qorxu hissi üç əsas mərhələdə baş verir:

1. Obyektlərə qarşı hiss edilən qorxular: İlan, it, pişik, siçan, su, təyyarə, fırtına, od və sairə.

2. Sosial münasibətlərə qarşı hiss edilən qorxular: digər insanlarla tanış olmaq, lağlağa edən insanlarla bir yerdə olmaq, ictimaiyyət qarşısında danışmaq, ya da əksəriyyəti böyüklərdən ibarət bir qrupa üzv olmaq gənclərdə qorxu meydana gətirə bilər. Bu cür sosial qorxu utancaqlıq və ya təəccüblük şəklində görünür.

3. Yeniyetmənin özü ilə əlaqəli qorxuları: yoxsulluq, ölüm, özünün və ya ailəsindən bir fərdin ciddi bir xəstəliyə tutulması, məktəbdə və ya işində uğursuzluğa məruz qalması yeniyetmədə qorxu yarada bilər. Yeniyetmə qorxu vəziyyətində qaçma və ya vücudun taqətinin kəsilməsi, titrəməsi, tərləməsi kimi fiziki hadisələrlə qorxduğunu büruzə verir.

Yaş artdıqca, ətraf mühitlə olan münasibətlərin artması nəticəsində qorxuların yavaşвЂђyavaş azaldığı görünür.

Həyəcan

Həyəcanlar real səbəbdən çox, xəyali səbəblərdən əmələ gələn qorxu tipləridir. Ümumiyyətlə, həyəcan qorxudan daha uzun zamanı əhatə edir. Həyəcan, keçmişdə fərdi məmnun etməyən bəzi hadisələr nəticəsində əmələ gələ bildiyi kimi, fərdin gələcəklə əlaqəli fəaliyyətlərində də yarana bilər.

 

Uşaqların sosial-psixoloji inkişafı-26

 

 

Qəzəb

Yeniyetməlik dövründə qəzəbə səbəb olan hadisələr, ümumiyyətlə, sosial tərkibli hadisələrdir. Əgər yeniyetməyə lağ edilərsə, ona yalan danışılarsa, onda qəzəb halları baş verə bilər.

Ruh düşkünlüyü

Əgər bir yeniyetmənin arzu və ya məqsədinin qarşısına çıxan xarici və ya daxili maneələr varsa, o zaman yeniyetmədə ruh düşkünlüyü baş verə cəkdir. Belə psixoloji halların bir qismi qəzəbdən, amma əksəriyyəti psixoloji gərginlik və sıxıntı hallarından meydana gəlir. Müşahidələrimiz göstərir ki, bir qrup ruh düşkünlüyü yaşayan yeniyetmə üzüntülərini insanlara göstərməklə ətraf mühitin diqqətini cəlb edib onunla maraqlanmalarını istəyir. Fərdin ruh düşkünlüyü anında göstərəcəyi davranış onun yaşına, ictimai keçmişinə, təcrübələrinə və bu ruh düşkünlüyünün səbəbini qavrama ölçüsünə bağlıdır.

1. İctimai və bəşəri faktorlar yeniyetmədə özünə inamsızlıq hissi yaradır ki, bu da emosional gərginliyə səbəb olur.

2. Ailə içində emosional və sosial cəhətdən mükəmməl bir uşaqlıq dövrü keçirən fərd, yeniyetməlik dövrünün mənfiliklərini daha asan bir şəkildə həll edə bilər. Uşaqlıq illərində övladlarıyla dostcasına dialoq qurmağı bacaran valideynlər, bu dialoqu yeniyetməlik dövründə də davam etdirərək gənc üçün lazım olan rəhbərlik missiyasını da yerinə yetirmiş olurlar.

3. Sosial təzyiq nəticəsində əmələ gələn inamsızlıq və şübhəlilik hisslərinin yerinə, yeniyetməyə, bir şəxsiyyətə sahib olduğu hiss etdirilməli, işində və sosial həyatında arzularını, bacarıqlarını və ehtiyaclarını uyğun bir şəkildə həyata keçirə bilməsinə köməklik göstərilməlidir.

4. Yeni bir mühitə uyğunlaşmaq hər yaşda çətin olduğu kimi, yeniyetməlik dövründə uyğunlaşmanın daha da çətin həyata keçirildiyi müşahidələrimiz nəticəsində məlum olmuşdur. Bunun başlıca səbəbi, yeniyetmədən qısa bir vaxt içində bir çox yeni mühitə uyğunlaşmasının gözlənilməsidir.

Yaxşı ki, etdim mərhələsi

Balaca bir qəsəbənin dörd müxtəlif məhəlləsi var idi. Birinci məhəllədə “Bəli amma”-lar yaşayırdı. Bu “Bəli amma”-lar elə düşünürdülər ki, hər zaman düzgün qərar verir və nə edəcəklərini bilirlər. Hər hansı bir problemlə üzləşdikləri zaman isə verdikləri cavab “Bəli amma” olurdu. Təbii ki, bu cavablar da həmişə yalnış idi. Günahı da başqalarının üzərinə atmaqda ustalaşmışdılar.

İkinci məhəllədə “Edəcəyəm”-lər məskunlaşmışdı. Nə edəcəklərini bildiklərinə inanır və özlərini bu edəcəkləri şeyə yavaşвЂђyavaş hazırlayırdılar. Tam edəcəkləri vaxtda şanslarının tərsinə döndüyünü iddia edirdilər. Bu məhəllədə yaşayan insanların dizləri döyülməkdən yara olmuşdu. Yaşamaları üçün vacib olan qərarları belə təxirə salırdılar. 

Üçüncü məhəllədə yaşayan “Kaş ki”-lər həyatı çox gözəl anlayırdılar. Nəyin necə edilməsi gərəkliyini çox gözəl bilirdilər, lakin… iş işdən keçdikdən sonra. Bunların da başları həmişə qan içində olurdu, divara vurmaqdan. 

Qəsəbənin təbiətinin və evlərinin ən gözəl olduğu məhəllədə isə “Yaxşı ki etdim”-lər yaşayırdılar. “Kaş ki”-lər bu məhəlləyə gəzintiyə gələr və onlara heyranlıqla baxardılar. “Edəcəyəm”-lər də “Kaş ki”-lərlə birlikdə bu məhəlləyə gəlmək istərdi, lakin heç cür vaxt tapa bilmirdilər. “Bəli, amma”-lar isə məhəllədəki gözəllikləri görmək əvəzinə, ağacların kölgələrinin kifayət dərəcədə sıx olmamasından, günəşin daha tez doğması gərəkliyindən şikayət edərdilər. “Yaxşı ki, etdim”-lərin ən böyük çatışmamazlığı isə beyinlərində bəhanə uydurma mərkəzlərinin olmaması idi. Buna görə də yaşadıqları mühit həmişə gözəl, nizamlı və rahat idi. Nə deyirsən?! Biz də bu həftə “Yaxşı ki etdim”-lər məhəlləsinə köçəkmi?

 

 

Yeniyetməlik dövründəki emosional davranışların səbəbləri

1. Hər yaşın özünəməxsus uyğunluq dövrü var və bu uyğunluq dövrü psixoloji cəhətdən emosional gərginliyi də özü ilə bir yerdə gətirmiş olur. Yəni sonrakı yaş mərhələsinin gətirdiyi yeni vəziyyətlərə uyğunlaşmaq, həm zehni, həm də hərəkətlə əlaqəli davranışlarda dəyişikliklərə səbəb olur.

2. Yeniyetmə uşaqlıq dövründəki vərdiş və fikirlərinin artıq özü üçün kifayət olmadığını fikirləşir. Emosional gərginlik mənimsənmiş olan bu vərdişlərin yerinə yenilərinin qazanılması nəticəsində ortaya çıxır.

Yeniyetməlikdə əqli inkişaf

Yeniyetmələrdə fiziki və cinsi dəyişmələrlə birlikdə, zehni bacarıqlarında da dəyişikliklər baş verir. Əqli inkişaf yeniyetmələrin yalnız özlərinin, ailələrinin, yoldaşlarının və müəllimlərinin deyil, dünyagörüşləri üzərində də uzun müddət təsirli olur. Yeniyetmələrin düşünmə prosesi dəyişir. Getdikcə daha çox gələcək haqqında fikirləşir və mücərrəd düşüncələrin təsiri altına düşürlər. İdealizm, cinsilik, əxlaq, din və s. mövzularla əlaqəli özlərinə aid dəyərlər qazanırlar. 11‐12 yaşlarında başlayan məntiqi düşünmənin yeniyetmələr səviyyəsinə çatdığı bu zamana mücərrəd fəaliyyət dövrü deyilir. Mücərrəd fəaliyyət dövründə olan bir uşaq əsl problemlərini həll etmək məcburiyyətində olduğu halda (çünki onun düşüncəsi indiki zaman ilə məhduddur), mücərrəd fəaliyyət düşüncəsinə sahib olan yeniyetmə, ətrafını nəzəri bir keçmişə, ya da gələcəyə bağlayan ehtimal daxilində olan problemlərlə məşğul olur (gələcəyi nəzərə ala bilir). Mücərrəd fəaliyyət dövründə bir uşağa bilik mücərrəd olaraq verildikdə, biliyi sistemli və məntiqli bir ölçüdə qəbul edə bilir. Yeniyetmə isə hadisə baş vermədən nəticələrini təxmin etmək bacarığını inkişaf etdirir. Zehnində bir çox alternativləri gözdən keçirib analizetmə bacarığına sahib olan yeniyetmə məntiqi nəticələr əldə edə bilir və istər mücərrəd, istər konkret ölçüdə olsun, mürəkkəb problemləri sistemli şəkildə həll edə bilir.

Son nəticə etibarilə, yeniyetmələr gələcəyi proqnozlaşdırdığı istiqamətdə görmə və real, ya da ehtimal olunan problemlərə alternativ həll yolları fikirləşməklə bacarıq qazanırlar.

Yeniyetmənin gələcəyə meyilli planlar qura, davranışlarını tənqid edə, dəyərlər sistemini inkişaf etdirə bilməsi və özünü tanıyaraq qəbul edə bilməsi mücərrəd fikirləşmə bacarığının qazanılmasına səbəb olur. Bu səbəblə məktəblərimizdə uşağı maraqlandıran mövzular üzərində mücərrəd düşünmə bacarığının sərhədlərini genişləndirəcək debatlara yer vermək, onları dərsdən əlavə mütaliəyə istiqamətləndirmək, oxunanları dəyərləndirmək kimi fəaliyyətlər olmalıdır.

Valideynlərə tövsiyələr

• Övladlarınızın məktəb həyatı ilə maraqlanın.

• Övladlarınızın yoldaşları ilə siz də dost olun.

• Övladlarınız arasında ayrı‐seçkilik salmayın.

• Övladlarınızda bəyəndiyiniz cəhətləri söyləyin və ona dəyər verin.

• Övladlarınızı tez‐tez tənqid etməyin.

• Televizora baxmaqlarında övladlarınıza yaxşı vərdişlər qazandırın.

• Övladlarınızın müəllimləri haqqındakı fikirlərini və yaxud narahatlıqlarını dinləyin.

• Övladlarınıza ehtiyacı olduğu qədər pul verin, digər bacı və qardaşı, eləcə də şagird yoldaşları ilə müqayisə etməyin.

• Övladlarınızın vaxtlı‐vaxtında dərsə gedib‐gəlməsinə nəzarət edin.

• Məktəbin ictimai həyatında iştirak etməsinə icazə verin.

• Ailədə maddi vəziyyətin yaxşı olmadığına görə, övladlarınıza soyuq və laqeyd münasibət göstərməyin.

• Ata ilə övlad arasındakı münasibət şah ilə vəzir arasındakı münasibətə bənzəməlidir.

• Övladlarınıza cavabdeh olun, məsuliyyətdən boyun qaçırmayın.

• Övladlarınızla təmənnalı şərtlər kəsməyin.

• Övladınızın dərsə və seçdiyi ixtisasa marağını artırın.

• Ailədə övladın isti sevgiyə, nəvazişə, diqqətə ehtiyac duyduğu bir vaxtda ona qarşı soyuq və kobud münasibət göstərməyin.

• Övladınızı güclü və iradəli olmağa çağırın.

• Övladlarınıza bahalı hədiyyələr almaqla, onları buna vərdiş etdirməyin.

Hüseyn Xəlilov

21 noyabr 2014
GO BACK