Yeniyetməlik dövrünə baxış
Yeniyetmələrdə təlim fəaliyyəti və idrak proseslərinin inkişafı
Yeniyetməlik uşaqlıqla böyüklük arasındakı ruhi inkişaf və həyata hazırlıq dövrüdür. Yeniyetmə dövrü həm də keçid dövrüdür. Çünki yeniyetmə nə uşaq, nə də böyükdür. Bu yaşda fiziki inkişafda da mürəkkəb dəyişikliklər baş verir, orqanizmdə lazımi möhkəmlik gedir, əsəb sistemi, əzələ‐damar sistemi sürətlə inkişaf edir. Bunların hamısı yeniyetmənin psixologiyasına təsir edir. Keçid dövrü olan bu mərhələdə gəncdə fizioloji, bioloji və psixoloji sahələrdə olduqca sürətli dəyişikliklər yaranır. Bu sürətli dəyişikliklərlə əlaqəli olaraq yeniyetmənin ruhi və emosional dünyası da bəzi dəyişikliklərə məruz qalır və buna öyrəşməyə çalışan yeniyetmə də təbii olaraq çətinliklər keçirir. Hər keçid dövründə olduğu kimi, yeniyetməlik də çətin bir keçidin yaşandığı mərhələdir.
Yeniyetməlik dövrü 11‐21 yaşlar arasında dalğalanmaların çox göründüyü çətin bir dövrdür. Bu mərhələ həm də fırtına‐gərginlik dövrü adlanır. Yeniyetməlik dövrü həm yeniyetmə üçün, həm də yeniyetmənin ailəsi üçün çətin bir mərhələdir. Ailə yeniyetməni başa düşməkdə çətinlik çəkirsə, yeniyetmə ətrafındakıların onu başa düşmədiyini düşünür. Valideyn bu dövrdə uşağını nə qədər tanıyarsa və bu mərhələnin xüsusiyyətlərini nə qədər dərindən bilərsə, valideyn – yeniyetmə münasibətləri bir o qədər mülayim olar. Yeniyetmə bu mərhələdə fiziki, cinsi, sosial və hissi sahələrdə fərqli bir dövrə girmişdir. Bu inkişaf dövründə yaşadığı hadisələr səbəbi ilə yeniyetmə özünü fərqli hiss edir və çox zaman özünü ifadə etməkdə çətinlik çəkir.
Bu dövrdə emosionallıq, fəallıq, oyanıqlıq daha çox üstünlük təşkil edir. Yeniyetmələr çox həssas və müstəqil olmağa çalışırlar. Lakin bunlara baxmayaraq, sadəlövh, “ürəyiaçıq” olurlar. Onların psixoloji əhval‐ruhiyyələri münasibətlərə görə dəyişkəndir. Nitqləri, xarici davranışları cəlbedici və oyanıqdır. Onlar özlərində qətiyyətlilik, cəsarətlilik və möhkəmlik kimi xüsusiyyətləri büruzə verməyə çalışırlar. Yeniyetmənin şəxsiyyətinin formalaşmasında təqlidetmə müəyyən üstünlüyə malik olur. Belə ki, onlar böyük şəxsiyyət kimi, möhkəm xarakterli şəxslər kimi özlərini göstərməyə çalışırlar. Yaş dövrləri nöqteyi‐nəzərindən gedən fizioloji və psixoloji inkişaf sonralar – yuxarı sinif yaşlarında özünəməxsus keyfiyyətləri əks etdirir.
Təlim fəaliyyətinin təsiri altında yeniyetmələrin idrak proseslərinin inkişafında da dəyişiklik baş verir. Təlim fəaliyyəti yeniyetmələrin qavrayışına əsaslı təsir göstərir və onların inkişafını sürətləndirir. Bu dövrdə şagirdlərin qavrayışı geniş əhatəli olmaqla ardıcıl və seçici xarakter daşıyır. Onların qavrayışı ən çox maraqlandıqları cisim və hadisələrlə bağlı olur. Yeniyetmələrdə zaman, məkan, hərəkət qavrayışı da xeyli inkişaf edir. Yeniyetməlik dövründə hafizə də xeyli inkişaf edir. Məntiqi hafizə fəal şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr məntiqi, eləcə də ixtiyari hafizədən istifadə etməyə üstünlük verirlər. Bunun sayəsində mexaniki hafizənin inkişafı ləngiyir. Yeniyetmələrdə yaddasaxlamanı yaxşılaşdırmaq yollarına maraq artır. Kiçikyaşlı məktəblilərdən fərqli olaraq, yeniyetmələr maraqlı materialı ümumiləşdirməyə və sistemləşdirməyə daha çox yer verməyə çalışırlar. Tədricən yeniyetmələr belə bir qənaətə gəlirlər ki, mənalı yaddasaxlama və yadasalma daha üstün əhəmiyyətə malikdir. Şübhəsiz, hələ elə materiallar da olur ki, onları hərfən yadda saxlamaq və yada salmaq lazım gəlir (tərifləri, teoremləri və s.). Bu kimi hallarda mexaniki yadda saxlamağa ehtiyac hiss olunur. Lakin bu zaman mexaniki yaddasaxlama müəyyən dərəcədə məna əlaqəsilə şərtlənir. Məsələn, tarixi günləri yaxşı yadda saxlamaq üçün şagirdlər onları müəyyən hadisələrlə əlaqələndirirlər. Təlim fəaliyyətinin təsiri altında məntiqi hafizə fəal bir şəkildə inkişaf etməyə başlayır. Yeniyetmələr müəllimin köməyi əsasında yadda saxlamanın səmərəli yollarından istifadə etməyə başlayırlar.
Yeniyetməlik dövründə diqqətin inkişafında da özünəməxsus xüsusiyyətlər müşahidə olunur. Bu dövrdə diqqətin tez‐tez yayınması halları özünü göstərir. Uşağın təlim fəaliyyətindəki əsaslı dəyişikliklər tələbat və maraq dairəsini dəyişməsi, şagirdin ayrı‐ayrı fənlərə, müəllimlərə münasibəti, keçirdiyi psixi hallar, yeni və rəngarəng təəssürat bolluğu, cinsi yetişmənin başlanması ilə əlaqədar güclü təəssüratlar, yaşlılıq hissi ilə bağlı problemlər və s. diqqətin təzahür və inkişafına, burada mənfi halların özünü göstərməsinə səbəb ola bilir.
Təlim və tərbiyənin təsiri altında yeniyetmələrdə sabit‐ixtiyari diqqət inkişaf etməyə başlayır. Yeniyetməlik dövründə təxəyyülün inkişafında xeyli irəliləyiş baş verir. Bərpaedici təxəyyül yüksək inkişaf səviyyəsinə çatır. Romantik, fantastik surətlərin yaradılmasına meyil yüksək olur. Yaş artdıqca yeniyetmələrin təxəyyülü dəyişir. 14‐15 yaşlarda təxəyyül surətləri daha real və daha tənqidi xarakter daşımağa başlayır. Bununla yanaşı olaraq, həmin dövrdə də yeniyetmələr romantik surətlərdən tam yaxa qurtara bilmirlər.
Yeniyetmələrdə yaradıcı təxəyyül xeyli inkişaf etmiş olur. Yeniyetmələrin təxəyyülünün inkişafı təlim materialını daha səmərəli və yaradıcı şəkildə mənimsəmələrinə imkan verir. Yeniyetmələr əldə etdikləri bilikləri yeni sahəyə tətbiq etməyə başlayırlar.
Yeniyetmələrdə təfəkkürün inkişafında xüsusilə irəliləyiş baş verir. Onların təfəkkürü kiçikyaşlı məktəblilərin təfəkküründən əsaslı şəkildə fərqlənir. Bu dövrdə təfəkkür daha ümumiləşmiş, daha dərin və mücərrəd xarakter daşıyır. Adətən kiçikyaşlı məktəblilər əsasən konkret cisimləri müqayisə edir, fərdi hökmlərin ifadəsinə üstünlük verir. Başlıca olaraq ümumi təsəvvürlərə və məişət anlayışlarına əsaslanırlar. Yeniyetmələr isə elmi anlayışları mənimsəyir və onlara istinad edirlər. Daha çox ümumi hökmlərdən istifadə edir, onların təfəkkürü ən çox mücərrəd xarakter daşımağa başlayır.
Bu dövr mücərrəd təfəkkürün inkişafı üçün sensitiv dövr hesab olunur. Konkret və əyani‐obrazlı təfəkkür öz yerini mücərrəd nəzəri təfəkkürə verir. Yeniyetmələrin təfəkkürü geniş ümumiləşdirməyə cəhd göstərməklə səciyyələnir. Hansı davranış formasını seçməsindən asılı olmayaraq, yeniyetmələrdə təfəkkürün müstəqilliyi və tənqidiliyi özünü göstərir.
Yeniyetmə nə hiss edər və necə davranmaq istəyər?
1. Ümumiyyətlə, yeniyetmənin hisslərində sabitlik olmadığı görünür. Bir gün əvvəl sevincli və enerjili olan yeniyetmə, ertəsi gün çox məyus və üzgün ola bilər. Hisslər qısa zamanda da dəyişə bilər. Bu səbəblə də valideynin bunu qəbul etməsi və hər dəfə “Dünən çox yaxşı idin, indi nə oldu sənə?” kimi sorğu‐sual etməməsi və təzyiq xarakteri daşıyan yaxınlaşmalardan istifadə etməməsi lazımdır.
2. Bu dövrdə yeniyetmə hisslərini çox dolu və coşğulu yaşayır. İstər səs tonu olsun, istərsə də mimikaları əvvəlki mərhələlərə görə, hisslərini daha çox istifadə etdiyini göstərməkdədir.
3. Digər dövrlərdən fərqli olaraq, bu dövrdə daha çox xəyal qurur və reallıqdan müəyyən müddət uzaqlaşır. Bu xəyallar gələcək planlarla, yaxud da qarşı cinslə əlaqəli ola bilir.
4. Yetkin şəxs müəyyən müddət yalnız, tək qalmağa da üstünlük verə bilər. Öz otağına çəkilən və yalnız, tək qalmağı istədiyini söyləyən yeniyetmənin ciddi bir problemi olduğunu fikirləşib narahat olmamaq daha məqsədəuyğundur.
5. Bu dövrdə dost çox vacib bir amildir. Bu səbəblə dost seçimi mövzusunda yeniyetmənin çox diqqətli olması və ailənin onunla həssas davranması lazımdır.
6. Bu dövrdə yeniyetmənin fərqləndirilmə və təqdiredilmə ehtiyacı ortaya çıxır. Bu ehtiyacını ailə içində qarşılaya bilməyən yeniyetmə, onu fərqli dostluq münasibətində olduğu qruplarda ödəməyə çalışır.
Yeniyetməlik dövründə yaranan ruhi sıxıntılar
Müşahidələrimiz göstərir ki, bu dövrdə bir qrup yeniyetmədə depressiya halları daha çox özünü göstərir. Özünəinam problemi, qarşı cinslə yaşanan problemlər, məktəb və ailə içindəki problemlər buna səbəb ola bilər. Ümumiyyətlə, bu tip depressiyalar qısa müddət ərzində yaşanır və müdaxilə etmək elə də vacib deyil. Yeniyetmə özünü üzgün və pis hiss edir, ancaq gündəlik həyatına davam edə bilər. Ruhi sarsıntı keçirən yeniyetmələrdə isə depressiyanın ağır formaları yaranarsa və belə bir psixoloji vəziyyətin qarşısı alınmazsa, yeniyetmə intihar edə bilər. Məsələn, özünü mənəvi cəhətdən dəyərsiz hiss edir. Bunun səbəbləri arasında yaxınlarını incitmək, ölümün nə olduğunu bilmək istəyi, yalnızlıq hissi, uşaqlıqdan gələn sevgi əskikliyi, ölüm‐ayrılıq və s. kimi travmatoloji mərhələlər vardır.
Bundan əlavə, yeniyetmə müəyyən zaman əsəbi cəhətdən gərginləşəcək hallara düşə bilər. Bu zaman onunla söhbət etmək mənasızdır. Belə olan hallarda yeniyetmənin sakitləşməsini gözləmək məsləhətdir. Digər bir problem də yemək yemə qaydalarının pozulması ilə bağlıdır. Xüsusilə, çox yemək və ya yeməyi rədd etmə, həmçinin kök olduğunu fikirləşmək yeniyetmənin həlli vacib olan problemlərindəndir.
Hüseyn Xəlilov