Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-19

Uşaqların sosial-psixoloji inkişafı-19

Uşaqların sosial-psixoloji inkişafı-19

Valideynlərə tərbiyə ilə bağlı tövsiyələrimiz

Evdə bütün işləri görən qadının ən vacib problemlərindən biri anaların uşaqlarına verdiyi tərbiyə qanunlarıdır. Bunu psixoloq Ramazan Boyacı belə təsnifləndirmişdir:

1. Uşaqların dünyasına girin, onları dinləyin, hisslərini öyrənməyə çalışın. Onların zehni qabiliyyətləri, maraqları və ruh dünyaları yeniyetmələrdən fərqlidir. Ona görə də “bu mövzuda sən nə fikirləşirsən?” kimi suallar verib duyğularını öyrənməyə çalışın.

2. Mülayim xasiyyətli və qərarlı olun. Mülayim xasiyyətli olmağınız uşaqların özlərini daha yaxşı başa düşməsinə, sərhədlərini bilməsinə kömək edəcəkdir.

3. “Nə üçün” sualını yox, “nə” və “necə” suallarını soruşun. “Bunu nə üçün elədin? Niyə əsəbisən?” və bu kimi suallar uşaqları qorxuda və əsəbi edə bilər. Onun yerinə “Nə oldu? Necə oldu?” kimi sualları soruşaraq onların duyğularını və düşüncələrini öyrənib bu problemlərin həlli yollarını taparaq fikir dünyasını inkişaf etdirməyə kömək edin.

4. Uşaqlarınıza qulaq asın. Müdaxilə etmədən onların nə hiss etdiklərini bilin, uşaqlarınıza bəzi hisslərə sahib olmağın normal olduğunu bildirin. Uşaqlarınızın sözlərinin arasında onların duyğularına da diqqət edin.

5. Ailə olaraq müəyyən qanunlara sahib olun. Bu halda uşaqlarınız təəccüblənməyəcək, hər şeyi normal qarşılayacaq. Müəyyən zamanlarda müxtəlif qanunlar qəbul edirsiniz, əgər məntiqə uyğundursa, uşaqlarınıza deyin ki, onlar sizi qərarsız bilməsinlər. Məsələn, yarım saat əvvəl “pəncərəni ört” dediniz, amma indi “aç” deyirsinizsə, bunun məntiqli səbəbini söyləyin.

6. Uşaqlarınızı başqa uşaqlarla müqayisə etməyin. Hər uşağın ayrı bir dünyası var. Fərqli bacarığı, fərqli ağlı və fərqli mənəvi dünyası vardır. Buna görə də onları başqalarıyla müqayisə etməyin. Bu, uşaqlara pis təsir edir.

7. Problemli davranışların qaynağı bilinirsə, o problemi həll etmək daha asan olur. Səhv həll yolları o problemi daha da böyüdəcək və başqa problemlərin mənbəyi olacaq.

8. Səhvlərini üzlərinə vurmaqdansa, onlara yaxın olun.

9. Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə göstərin və dilinizlə də söyləyin.

10. Evinizdəki problemlərin həllində uşaqlarınızı da dinləyin.

11. Uşaqlarınızın xüsusi olduğunu bildirin.

12. Lazım olanda “xeyr” deməyi də öyrənin. 

Kiçik yaşlı uşaqlarda ətraf mühitlə təmasdan yaranan suallar

İki‐üç yaş uşaqların ətraf mühitlə tanışlıq dövrüdür. Ona görə də uşaqlar bu yaşda çoxlu şüurlu və şüursuz suallar verirlər. Bu suallar uşağın təsəvvüründən və geniş fantaziyasından irəli gəlir. Ancaq siz heç də elə hesab etməyin ki, uşaq sualı sizə boş yerə verir. Bu suallar uşaq şəxsiyyətinin formalaşması və idrak prosesində təfəkkürlə təxəyyülün normal inkişafı ilə əlaqələndirilir. Təcrübələr göstərir ki, əksər valideynlər uşağın bir çox suallarına laqeyd və soyuqqanlı yanaşır, onun suallarına əsəbi halda cavab verir, onu tezliklə özlərindən uzaqlaşdırmaq istəyirlər. Məsələn, bir gün uşaq anasını suallarla yorur, nadinclik etməyə başlayır. Ana dözümsüzlük göstərib uşağı bir otağa salır və qapını üzünə bağlayır. Ananın başı ev işlərinə qarışır, uşaq ananın yadından çıxıb qaranlıq otaqda bir saat qalmalı olur. Bu cür sarsıntını yaşayan uşaq qaranlıq otaqda yata bilmir, daim gərginlik vəziyyətində olur, hətta sonradan nitqində kəkələmə halları yaranır. Çox vaxt valideyn uşağının yorucu suallarına dözə bilməyib ona: “Əgər bir də mənə sual versən ki, “Bu niyə belədir?” dilini kəsəcəyəm!” – deyir.

Uşaqlar sual verən zaman valideynin mimikasına, səsinin tonuna xüsusi diqqət verirlər. Xüsusilə zehni və qavrama qabiliyyəti yaxşı inkişaf edən uşaqlarda bu özünü daha qabarıq şəkildə göstərir. Ona görə də hər bir valideyn uşağın bu yaş dövrünü nəzərə almalı, onun psixologiyasını öyrənməli və belə məsuliyyətli işdən boyun qaçırmamalıdır. Müşahidələrimiz göstərir ki, bu yaş dövründə uşaqlar gün ərzində 200‐ə yaxın sual verirlər. 2‐3 yaşlı uşaqların verdiyi suallarda təkrarçılıq xarakteri özünü göstərir, 3 yaşından sonra isə verilən suallar öyrənmə xarakteri daşıyır.

Məsələn, 2‐3 yaşda:

– O nədir?

– Saat.

– Hə? Saat? O saatdır?

– Hə də, saatdır.

– Ver mənə.

– Ana, o nədir?

– Şamdır.

– Şam?

– Bəli, şam!

– Şamdır, şam!

3 yaşda:

– Bu nədir?

– Alma.

– Kim alıb?

– Ata alıb.

– Ata hanı?

– Yatıb.

– Niyə?

– Yorulub.

– Niyə?

– İşdən gəlib.

– Ata, bu kitabdır?

– Bəli, kitabdır.

– Kitabdır?

– Əlbəttə, kitabdır.

– O da kitabdır?

– Kitabdır. O, böyük kitabdır.

– Kitab?

– Bəli, kitab.

Valideyn uşağa verdiyi hər bir izahda diqqətli olmalı, düzgün cavab verməlidir. Çünki həmin sözlər sanki uşağın yaddaşına həkk olunur. Hətta bir müddət keçdikdən sonra uşaq həmin izahatı bir qanun kimi valideynin yadına salır.

Bəzən valideyn uşağın verdiyi sual qarşısında çaşвЂђbaş qalır. Hətta cavab verməmişdən əvvəl bir qədər dərin fikirləşməli olur. Çox vaxt valideynlər bu suallardan yaxa qurtarmaq üçün ümumi cavab verirlər. Bəzi valideynlər isə bu suallara məsuliyyətlə cavab verir, uşaqların dünyagörüşünün zənginləşməsinə kömək edirlər. Belə valideynlər öz uşaqlarının rəğbət və məhəbbətini qazanmış olurlar. Məsələn, 3 yaşlı Bayram iyul ayında havanın temperaturu +37° olan gündə atasına yalvarır: “Ata, mən qar istəyirəm. Allaha de, qar yağdırsın”. Belə vəziyyətdə valideyn nə etməlidir? Uşağa hirslənmək olmaz, uşağın könlündən qar keçir. Valideyn ilin fəsilləri haqqında məlumat verir. Eyni zamanda uşağın nə üçün qar istəməsi ilə maraqlanır. 

Uşaqların sosial-psixoloji inkişafı-19

Hadisə

Üç yaşlı Aysu gecə yatmır. Artıq gecə saat 11 tamamdır. Valideynlər isə səhər tezdən işə getməlidirlər. Nəhayət, atası Aysudan soruşur: "Qızım, niyə narahatsan, ürəyin nə istəyir, nə verim yatasan?" Uşaq sakitcə deyir: “İlik”. Ata və ana pis vəziyyətdə qalırlar, evdə isə ət xörəyi bişirilməmişdir. Ata düzgün yol seçir. Böyük təmkinlə uşağı həyətə çıxarır, ona başa salır ki, görürsən, hamı yatıb. Ətsatan da mağazanı bağlayıb. Sən yat, sabah gedib ət alaram, anan da sənin üçün bişirər, sən də istədiyin qədər yeyərsən. Uşaq atasının bu izahından razı qalır.

Hadisə

Körpə ikən anasını itirən Nailəni nənəsi və xalası böyüdür. Onlar uşaqdan həqiqəti gizlədib deyirlər ki, anan Avstraliyaya işləməyə gedib. Uşaq daim Avstraliya haqqında televiziya verilişlərini izləyir, tez‐tez anası haqda suallar verir, onun üçün şeirlər öyrənir, şəkillər çəkir. Uşaq böyüyür, nənə və xala çaşqınlıq içindədirlər: “Uşağa əsl həqiqəti necə bildirməli?” Onlar çox narahat idilər ki, uşaq dərin psixoloji sarsıntı keçirə bilər.

Əlbəttə, həqiqəti uşağa birdən‐birə demək olmaz. Uşaq tədricən buna hazırlanmalıdır. Məsələn, uşağa buna oxşar hadisələr danışılmalı, hətta bu hadisəyə oxşar filmlər göstərildikdə, hadisə uşağa izah edilməlidir ki, onun şüurunda belə hadisələrə münasibət formalaşsın. Uşaqlarda iradi keyfiyyətlər sürətlə inkişaf etdiyi üçün hər hansı sarsıntını tez bərpa edirlər. Bununla belə, hər bir hadisədə uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.

Sərbəstlik – uşaq dünyasında müsbət və zəruri hesab olunan amillərdən biridir. Sərbəstlik uşağın psixologiyasında istedadı və yaradıcılıq qabiliyyətini üzə çıxaran, müsbət təsir qüvvəsinə malik olan faktordur. Ümumiyyətlə, uşaqların ailədə birgə televizora baxması, otaqda tək olaraq top-top oynaması, gəlinciyinə layla çalması, həyətdə özü üçün o tərəf‐bu tərəfə qaçaraq hərəkət etməsi hələ onların tam sərbəst olması deyil. Bir çox valideynlər sərbəstliyi məhz bu cür başa düşürlər. Bu yalnız sərbəstliyi yaradan amillərdən biridir.

Sərbəstliyin bir sıra növləri vardır: fiziki sərbəstlik, fikir sərbəstliyi, danışıq sərbəstliyi. Fiziki sərbəstlik uşaqlarda hərəkilik qabiliyyətinin, fikir sərbəstliyi intellektinin, danışıq sərbəstliyi isə nitqinin, hərəkət və davranışının inkişafına, formalaşmasına təsir göstərir.  

Uşaqların sosial-psixoloji inkişafı-19

Uşaqlarda sərbəstliyin inkişafı üçün onların oyunlara, musiqiyə, rəqsə, şəkil çəkməyə olan həvəslərini öyrənib onları həmin məşğuliyyətlərə cəlb etmək lazımdır. Həmçinin aşağıdakı oyunları təklif edirik.

Uşaqlar “Top‐top” oyununu çox sevirlər. Bu oyun onların zövqünü oxşayır, əhval‐ruhiyyəsini dəyişir, enerjilərini artırır. “Top‐top” oyununun xüsusiyyəti ondan ibarətdir ki, uşağın bədən və əl əzələlərinin inkişafına müsbət təsir göstərir. Psixoloji nöqteyi‐nəzərdən isə uşaqlarda oyuna qarşı həvəs və marağın artmasına səbəb olur. Yaxşı olar ki, uşaq top‐top oynayarkən siz də ona qoşulasınız. Əvvəlcə hər ikiniz yerdə oturub topu birbirinizə diyirlədin. Sonra oyunun ritmini intensivləşdirin. Bir qədər keçdikdən sonra ayağa qalxıb topu ritmik şəkildə yerə vurmaqla saymağa başlayın. Bu zaman uşaq topu sizdən almaq istəyəcək. Topu ona verib oyunu davam etdirin. Əlbəttə, uşağın topla sizin kimi oynamasına fiziki gücü çatmayacaq. Həmin an uşaq əyilərək topla oynayacaq və həm də sizin kimi saymağa cəhd edəcək. Oyunun harmonik və rəngarəng olması üçün şeir və mahnı oxuyaraq topla oynasanız və uşağı da oyuna iştirakçı

etsəniz, daha məqsədəuyğun olar.

Oynaq topum, oynaq topum,

Əlvan rəngli qıvraq topum.

Atdım, tutdum düşdün yerə,

Atdım göyə, düşdün yerə,

Döndün sağa, döndün sola.

Qaçdın getdin birdən‐birə.

Uzaqlaşma məndən, topum,

Getmə, dayan, səni tutum.

Bu zaman uşaq da sizinlə oxumağa çalışacaq və onun yaradıcılıq qabiliyyəti üzə çıxacaq. Bu, həm də onun fantaziyasını genişləndirir. 

Digər oyunlar:

1. “Gizlən-qaç”

2. “Həkim‐xəstə”

3. “Müəllim‐şagird” (adətən evdə məktəbli uşaq olduqda o, kiçik yaşlı bacı‐qardaşı ilə oynayır). Bu oyunları uşaqlar özləri tez‐tez oynayırlar. Yaxşı olar ki, valideyn özü də hərdən uşaqlara qoşulub oyunu zənginləşdirsin.

4. 2‐4 m uzunluqda ipi və yaxud kəndiri döşəməyə düz istiqamətdə uzadıb onun üstündən əvvəlcə gözüaçıq, sonra isə gözü yumulu o tərəf, bu tərəfə keçmək.

Hüseyn Xəlilov

26 oktyabr 2014
GO BACK