Uşaq şəxsiyyətinə hörmət
Uşaq dünyabaxışının zəifliyi onun güclü şəkildə təqlidə meyil etməsinə səbəb olur. Buna görə, valideyn və tərbiyəçilər həmişə bu xüsusiyyəti nəzərə almalı, hərəkət və davranışlarında, adamlara münasibətlərində, danışıq zamanı uşaqlara nümunə olmağa çalışmalı, uşağın yaradıcılığının inkişaf etməsinə sərbəst yanaşmalıdırlar. Uşaq eşitdiyi pis sözü də çox tez təkrar edir. Valideynlər uşağı yalnız
onunla məşğul olanda və ya onu öyrədəndə deyil, həm də ona göstərişlər verəndə, iş buyuranda da tərbiyələndirməlidirlər.
Tərbiyə işində uşaqların qayğıkeşliyinə və adamlara həssas yanaşmalarına bəzən bir o qədər də əhəmiyyət vermirlər. Halbuki, qayğıkeşlik və həssaslıq insanın mədəniyyətini, sadə və təvazökar olmasını, təlimdə, işdə münasibətlərdə normal şərait, əsəb sakitliyi yaratmasını nümayiş etdirən çox mühüm əxlaqi göstəricidir. Bunu uşaqlarda kiçik yaşdan tərbiyə edib adət və vərdiş halına salmaq hər birimizin borcudur. Odur ki, kiçik yaşlı uşaqlar öz oyuncaqlarını səliqəli saxlamalı, paltarlarının təmizliyinə fikir verməli, ev işlərində
valideynlərinə kömək etməli, baba və nənələrinə xüsusi qayğı ilə yanaşmalıdırlar.
Bəzi ailələrdə isə “Körpədirlər, qoy hələ oynasınlar” deyə uşaqları gücləri çatan məişət əməyindən təcrid edirlər. Belə ailələrdə oyuncaqlar uşaqların qarşısına tökülür ki, təki oynasınlar, ağlamasın və nadinclik etməsinlər. Söz yox ki, belə ata‐analar tərbiyədə səhvə yol verirlər və nəticədə uşaq yaradıcı əməyə cəlb olunmur. Məsələn, yaxşı olar ki, yerdəki oyuncaqları sonradan uşağın özünə yığdırsınlar. Yaxud ana döşəməni siləndə 5 yaşlı qızı əl çəkmir: “Mən də silmək istəyirəm”, – Ana: “Sən hələ balacasan, böyüyəndə silərsən, get oyuncaqlarınla oyna”, – deyə istəyinin qarşısını alır. Halbuki, kiçik bir əski parçasını qızına verib onu işə cəlb etsə idi, daha
yaxşı olardı. Elə buna görə də bəzən valideynlərdən giley‐güzarlar eşidirik: “Heç bilmirəm kimə oxşayıb, çox səliqəsizdir. Onu hətta öz paltarlarını belə, yığışdırmağa alışdıra bilmirəm”.
Digər qrup uşaqlar tapşırılan işi ləng, səliqəsiz yerinə yetirirlər. Bəziləri hətta tapşırığı yerinə yetirmək istəmirlər. Uşağı tanımadan onu tərbiyə etmək olmaz!
Göydən yağan qar dənələri fərqlidir, eləcə də uşaqlar və onların xarakterləri fərqlidir. Qardaş və ya bacı olsa belə. Əgər bu müxtəlifliyi nəzərə almadan uşaqlarımızı tərbiyə etməyə çalışsaq, şahin xarakterli bir uşağı qorxaq qarğaya çevirə bilərik. Necə!?
Nağıl
Günlərin bir günü yaralı şahin quşu yaşlı bir qadının həyətinə düşür. Qadının şahinə yazığı gəlir və onu evinə aparır. Uşaqları üçün hazırladığı bulamaclı xəmirdən onun da qabağına qoyur. Şahinin qabağındakı bulamaca dimdiyini vurması ilə çəkməsi bir olur. Axı
şahinlər sadəcə ət yeyir. Şahini belə görən qadının ona yazığı gəlir; “Eh, sənin dimdiyin necə də uzanıb, yemək yeyə bilmirsən. Allah əvvəlki sahibinə insaf versin” deyir və küt qayçını əlinə alaraq yazıq şahinin dimdiyini kəsməyə başlayır. Şahin çırpınaraq yaşlı qadının əlindən qurtulmağa çalışır, amma alınmır ki, alınmır.
Şahin çırpındığı zaman qadının gözü onun uzun qanadlarına sataşır: “Eh, sənin əvvəlki sahibində də heç insaf yox imiş, qanadlarının biri uzun, biri qısa qalıb...” – deyərək yazıq quşun qanadlarını da kəsməyə başlayır.
Şahin çırpınır, çarəsiz qalaraq caynaqları ilə yaşlı cahil qadının qollarını itələməyə başlayır. Bunu görən qadın: “Eh, sənin əvvəlki sahibin sənə heç baxmayıb ki, dırnaqların da uzanıb”, – deyərək ov ovlamaqda ona kömək etdiyi dırnaqlarını kəsməyə başlayır.
Cahil yaşlı qadının əlində çox pis hal alan şahinin gözləri dolur, ağlamağa başlayır.
Bunu görən qadın “sənə də yaxşılıq yaramır” deyib onu havaya atır.
Şahin çırpınaraq uçmağa çalışır, amma olan olmuşdu artıq... Şahin bundan sonra nə ov ovlaya, nə uça, nə də, yeriyə bilərdi. Yerə enmək istədi, amma alınmadı. Çarəsiz qalıb özünü birtəhər böyrü üstə yerə atdı.
Bir zamanlar göydə süzərək böyük ovlar ovlayan, hər kəsin qorxub hürkdüyü cəsarətli şahin cahil bir qadının əlində qorxaq qarğaya çevrilmişdi...
Bir çox valideynlər də bu qadın kimi uşaqlarını tanımadıqları üçün şahin kimi onları qorxaq qarğaya çevirirlər. Buna görə də uşağı tərbiyə etmənin ilk şərti onları tanımaqdan başlayır.
Uşaqlarda tapşırılan işə belə müxtəlif münasibət, hər şeydən əvvəl, ailə tərbiyəsindən irəli gəlir. Apardığımız müşahidələr zamanı əldə edilən təcrübənin nəticəsi göstərir ki, uşaqların tərbiyəsi düzgün qurulan ailələrdə valideynlər övladlarına son dərəcə tələbkar və məsuliyyət hissi ilə yanaşırlar.
Tələbkarlıq az olduqda, gələcəkdə uşaqlar özlərinə qarşı qeyri‐ciddi və məsuliyyətsiz ola bilərlər. Bu da onların normal insan kimi yetişməsinə əngəllər yarada bilər. Odur ki, ailədə uşaqlara məişət əməyi xarakterli və digər tapşırıqlar verərkən, bu işin uşağın yaşına uyğunluğuna xüsusi diqqət yetirmək lazımdır. Belə tapşırıqlar uşağa tez‐tez verilməlidir ki, uşaq ailə üzvü kimi həmişə məsuliyyət hiss etsin, ailə qayğılarından kənarda qalmasın. Bu, uşaqda vərdiş və adət halına çevriləcək, onda qürur hissi formalaşdıracaq,
özünəinam yaradacaqdır. İş zamanı uşaqlara həddindən artıq qəyyumluq etmək, eyni şeyi tez‐tez onlara xatırlatmaq və onları darıxdırmaq olmaz. Uşağı gördüyü işi görərkən həddindən artıq tərifləmək də məsləhət deyil. Belə hallar uşaqda lovğalıq, xudpəsəndlik, özündənrazılıq kimi mənfi hallar yarada bilər.
Uşağa verilən tapşırıq onun yaşına, bilik səviyyəsinə, səhhətinə, marağına və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Biz belə hesab edirik ki, uşağın ciddi və məsuliyyətli olması üçün onun etdiyi neqativ hərəkətlərə lüzumsuz olaraq daim “niyə?”, “nə üçün?” sualı
ilə müraciət olunmamalıdır. Çünki uşaq tərəfindən “niyə” sözü konkret olaraq təkrarçılıq və vərdiş yaradan bir cəhət kimi qiymətləndirilir. Eləcə də “niyə?, “nə üçün?” suallarını birbaşa deyərkən onda bu suallara qarşı maraq yaranır və tutduğu neqativ işi yerinə yetirməyə çalışır.
Hadisə:
– Mehman, ayaqqabılarını vannanın içinə niyə atmısan?
– İstəyirəm görüm ayaqqabı suda üzə bilir?
– Suda qayıq üzür. Mən sənə balaca qayıq alaram. Ayaqqabını isə suya atanda o suyun dibinə gedəcək. Sən də onu sonra geyinə bilməyəcəksən.
Hadisə:
– Tərlan, torpağı niyə Ülvinin başına tökdün?
– O, mənə maşını oynatmağa verəydi, mən də onun başına torpaq tökməzdim.
– Sən Ülvidən maşını istədinmi?
– Hə, ancaq o mənə maşını vermədi.
– Axı sən ağıllı balasan. Torpaq onun gözlərinə tökülə bilərdi. Onun da gözləri ağrıyardı. Sən istiyirsən Ülvinin gözləri ağrısın?
– Yox!
– Onda bir də belə hərəkət etmə!
Hadisə:
– “Rədd ol, gözüm səni görməsin” sözlərini eşidəndə Əlinin dünyası başına yıxıldı.
“Halbuki, mən onu bu dünyadakı hər şeydən və hər kəsdən çox sevirəm”,– deyirdi öz‐özünə. Göz yaşları içində maşınının yanına qaçdı. Ən sadiq dostu maşını idi. Yol hərəkəti qaydalarına və işıqforun işıqlarına baxmadan tam sürətlə hərəkət edirdi. Ətrafındakı bütün insanlar və maşınlar ona baxır, siqnal verərək onu dayandırmağa çalışırdılar. Əli isə ətrafındakıları sanki görmürmüş kimi tam sürətlə irəliləyir, qulağından “Rədd ol, gözüm səni görməsin” sözləri getmirdi. İçindən “Rədd olmuram..... sən məni sevməsən də, mən səni çox sevirəm, atam üçün çox darıxmışam, kaş indi burda olsaydı” demək gəlirdi ki, o anda atasının isti əli onun başını sığalladı. Bunu görən kimi maşınını yemək stolunun yanına qoyub göz yaşları içərisində atasının qucağına atıldı və “anam məni sevmir, mənə rədd ol, gözüm səni görməsin dedi” deyərək şikayətlənməyə başladı. Atası “anan səni çox sevir, oğlum” deyirdi ki, anası otağa girdi. Dediklərini
eşitmişdi və dərhal oğlunun könlünü ələ almaq istəyirdi: “Amma sən də o qədər işin arasında onu ver, bunu ver deyərək məni bezdirirsən, işlərimi görməyə imkan vermirsən ”.
Bu sözlərdən sonra oğlunun yaşlı gözlərini görən ana dayana bilməyib: “Sən haqlısan, bağışla, səni çooox sevirəm, birdənəm”, – dedi.
Əli gülümsəyərək anasının boynuna atıldı...
Hüseyn Xəlilov