Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-2

Uşaqların sosial-psixoloji inkişafı-2

Uşaqların sosial-psixoloji inkişafı-2

Erik Erikson və psixo-sosial inkişaf qaydası

Psixo‐sosial inkişafla bağlı ən geniş və əhatəli nəzəriyyə Erik Erikson tərəfindən ortaya qoyulmuşdur. Eriksonun bu nəzəriyyəsi əslində  Freydin düşüncələrinə istinad edir. Lakin Erikson insanın inkişafında ictimaiyyətin və mədəniyyətin rolunu əsas götürməklə Freyddən fərqlənir. Freyd, nəzəriyyəsini daha çox fizioloji və deterministik istiqamətdə dərinləşdirmişdir. Nəticədə Eriksonun nəzəriyyəsi psixo‐sosial, Freydin nəzəriyyəsi isə psixocinsi olaraq öyrənilir.

Eriksonun inkişaf mərhələlərinin qarşılaşdırılması

0‐1 yaş - İnam və inamsızlıq

2-3 yaş - Avtonomluq və utanc

3-6 yaş - Təşəbbüskarlıq və günahkarlıq

6‐12 yaş - Çalışqanlıq və özünə inamsızlıq

12‐20 yaş - Şəxsiyyət və şəxsiyyət qarışıqlığı

20–40 yaş - Yaxınlıq və yalnızlıq

40–65 yaş - Məhsuldar və durğunluq

65 yaş və yuxarı - Bütünlük və ümidsizlik

Erikson insan inkişafını səkkiz dövrə bölür və hər bir dövrdə insanın yerinə yetirilməsi labüd olan bir psixo‐sosial vəzifəsi olduğunu bildirir. Əgər bu vəzifə uğurla yerinə yetirilərsə, insana müsbət xüsusiyyət qazandırar və inkişafında sürətli irəliləməyə təsir edər. Əksinə, vəzifə uğurla yerinə yetirilməzsə, insan nəticədə qazandığı mənfi xüsusiyyətdən zərər görər. Bu bölünmüş dövrlərdə insanın vəzifəsi – bir dövrdən digər dövrə keçdikcə gözəl şəxsiyyət kimi formalaşmaqdır. Eriksonun nəzəriyyəsi, eyni zamanda “həyat boyu” (life ‐ span) nəzəriyyəsi olaraq da qiymətləndirilir.

Təməl inama qarşı inamsızlıq (0–1 yaş): Sağlam şəxsiyyətin ən vacib komponentlərindən biri həm başqalarına, həm də özünə qarşı inam hissini inkişaf etdirməkdir. Bu dövr doğumla başlayıb birinci ilin sonunda bitir. Bu dövr ərzində uşaq ətrafına və digər insanlara inanmağı və ya inanmamağı öyrənir. İnam və ya inamsızlıq əsas ehtiyacların qarşılanıb‐qarşılanmamasıyla bağlıdır. Uşaq yemək, qayğı, fiziki təmas kimi təməl ehtiyaclarının qarşılanmasında başqalarına bağlıdır. Əgər bu ehtiyaclar kafi səviyyədə və uyğun şəkildə qarşılanarsa, uşaq dünyanı etibarlı olaraq qəbul edir. Əks təqdirdə, uşaq dünyanı və insanları etibarsız olaraq qəbul edəcək. Bu dövrdə uşağa qayğı göstərən valideynə və ya dayəyə olan inam və ya inamsızlıq gələcəkdə başqalarına da yönələcək.

Buradakı əsas məqsəd uşağa yaşadığı dünyanın etibarlı bir yer olduğunu hiss etdirməkdir. Bu zaman uşaqda üç aspektə görə inam hissi yaranır. Tanışlıq, tutarlılıq və davamlılıq. Əgər uşağa diqqət göstərən, qayğısına qalan ona tanışdırsa, bir‐birini tamamlayan davranışlar göstərirsə və davamlı olaraq diqqət göstərirsə, onda inam hissi oyatmaq çox asandır.

Beləliklə, uşaq bir‐birinə uyğun olan hər şeyə inanacaqdır. Çünki tutarsız olanlar onsuz da etibarsızdır. Uşaqlar məhdudiyyətlərdən daha çox, birbirinə uyğun olmayan, mənasız hərəkətlərdən yorulurlar, narahat olurlar.

Avtonomluğa qarşı utanma və şübhə (2–3 yaş): Bir yaşından üç yaşına qədər davam edən bu dövrdə uşaqlar avtonomluq və fərdiləşmə cəhdlərinin verdiyi inam və utanma duyğularını birgə yaşayırlar. Bu dövrdə ana‐atanın uşağa hədsiz nəzarət etməsi uşağın öz bacarıqlarına qarşı şübhəyə düşməsinə və bunun nəticəsində də utanmasına səbəb olur. Bu dövrü uğurla keçən uşaqlar gözütoxluq, özünəinam və özünüqiymətləndirmə kimi keyfiyyətlər qazanmış olurlar. Bunun öhdəsindən gələ bilməyən uşaqlar isə kimdənsə asılı olaraq yaşamağa vərdiş etməklə yanaşı, hədsiz utancaq olurlar. Özlərinə heç inanmırlar, bacarıqlarına daim

şübhəylə yanaşırlar. Çünki sərbəst olaraq bir işin öhdəsindən gəlmək üçün ona şərait yaradılmayıb.

Uşaq bu dövrdə yalnız özünün həyata keçirdiyi işlərdən, davranışlardan hədsiz zövq alır. Gördüyü işə heç kimin qarışmasını istəmir. Məsələn, pilləkənlərdən enərkən, ana, ya da ata uşağın yıxılmaması üçün əlini tutmağa çalışanda, o, inadla “dəymə, özüm düşəcəyəm” deyir.

Bu dövr ərzində uşağın davranışlarına məhdudiyyət qoymaq, onun özü üçün məşğul olduğu işə qarışmaq, görməli olduğu işləri onun yerinə həyata keçirmək uşağın öz bacarıqlarına şübhə etməsinə səbəb olduğu kimi, onun davranışlarını dəstəkləmək də onda avtonomluq duyğusunu artırır. 

Uşaqların sosial-psixoloji inkişafı-2

Təşəbbüskarlığa qarşı günahkarlıq duyğusu (3–6 yaş): Bu yaş dövründə uşaqlar yeni‐yeni inkişaf etdirdikləri sərbəstlik duyğusunu istifadə edərək ətrafı araşdırmağa, dildən istifadəyə, bilik və sosial bacarıqlarını inkişaf etdirməyə başlayırlar. Bütün bu cəhdlər, adətən, təşəbbüskarlıq olaraq qiymətləndirilir. Başqa sözlə desək, bacarıqlarını artırmağa, daha çox çalışmağa və daha yaxşı etməyə başlayırlar. Bu dövrün ən təhlükəli cəhəti günahkarlıq hissinin oyanmasıdır. Daha sosial və artıq bir qrupun tərkibi olmağa başlayan uşaq yavaşвЂђyavaş öz potensialını dərk etməyə başlayır. Bununla yanaşı uşaqda ətrafda baş verən pisliklərlə bağlı anlayış formalaşmağa başlayır. Bu dövrdə yaxın və ya uzaq ətrafı tərəfindən dəstəklənən, səhvlərini anlamasında, üzə çıxarmasında kömək görən, həvəsləndirilən uşaqlarda təşəbbüskarlıq hissi inkişaf etdiyi halda, əksinə davamlı olaraq tənqid edilən, cəzalandırılan uşaqlarda günahkarlıq hissi inkişaf etməyə başlayır.

Çalışqanlıq və müvəffəqiyyətli olmağa qarşı özünəinamsızlıq hissi (6–12 yaş): Bu yaşlarda uşaqların maraqları oyuna yox, artıq akademik və sosial mövzular üzərində cəmlənməyə başlayır. Eyni zamanda uşaq bu meyarlar baxımından özünü həmyaşıdlarıyla müqayisə edir. Öyrəndiyi və öhdəsindən gəldiyi işlərə görə tərif və dəstək gözləyir. Bu dövrdə uşaqlara qabiliyyətlərinə uyğun işlər verərək onlara özləriylə yarışmaq öyrədilərsə, müəyyən dövrdən sonra uşaqda qabiliyyətli olma duyğusu yaranmağa başlayacaq. Əks təqdirdə onlardan bacardıqlarından artıq nəticə gözlənilməsi, üstəlik, elədiklərinin bəyənilməməsi, hətta ondan qabiliyyətli uşaqlarla müqayisə edilməsi uşaqda özünəinamsızlıq və ya zəiflik duyğusunun yaranmasına səbəb olar. Bu dövr, məlum olduğu kimi, uşağın ibtidai sinifdə oxuduğu dövrdür və bu zaman uşaqlar müəllimlərinin onların gördüyü işi tərifləməsini və qiymətləndirməsini istəyir. Belə olduqda, uşaq özünü çox böyük bir nailiyyət qazanmış kimi hiss edər və özünəinamı artar. Əks təqdirdə, uşaq özünü uğursuz, işbilməz kimi görər və onda özünəinamsızlıq duyğusu yaranmağa başlayar.

Şəxsiyyət qazanmağa qarşı şəxsiyyət qarışıqlığı (12–20 yaş): Yeniyetməlik dövrü uşaqlıqdan yeniyetməliyə doğru keçid dövrü kimi qəbul edilir. “Mən kiməm?” sualının suveren olduğu bu dövrdə insan orqanizmində həm də bəzi fizioloji və bioloji dəyişikliklər baş verir. Bu dövrdə yeniyetmə ana‐atasından daha çox, həmyaşıdlarından təsirlənir. 12‐20 yaş arası mərhələnin ən təhlükəli dövrü 14–16 yaş arasında baş verən orta yeniyetməlik dövrüdür. Orta yeniyetməlik dövründə yeniyetmə özünü hər bir şeyin mərkəzi kimi görür və nəticədə başqalarının düşüncələrini anlamaqda çətinlik çəkir. Son yeniyetməlik dövrünə doğru bu xüsusiyyətin

müsbət nəticəyə doğru irəliləməsi ümid edilir.

Bu dövrdəki qarışıqlıqların həll olunmasıyla yanaşı, gəncin şəxsiyyəti formalaşır, özünə uyğun peşə seçir və bu peşəyə hazırlaşır. Nəticə olaraq, yeniyetməlik dövrü, cinsə uyğun sosial rolların inkişafı, özünəməxsus bəzi dəyərlərin yaradılması, ictimaiyyətdəki rolunu müəyyən etməklə inkişaf etdirilməsi kimi qərarların həyata keçirilməsi üçün lazım olan illərdir. Bu və ya bu kimi hədəflərə nail olmamaq isə şəxsiyyət qarışıqlığı olaraq adlandırılır. 

Uşaqların sosial-psixoloji inkişafı-2

Yaxınlığa qarşı yalnızlıq (20–40 yaş): Gənc yeniyetməlik dövrü olaraq adlandırılan bu dövrdə dostluq əlaqələri böyük əhəmiyyət daşımağa başlayır. Özünəinam hissi isə sosial münasibətlərin səviyyəsindən və xüsusiyyətindən asılıdır. Qarşı cinslə münasibətlərdə artıq evlilik düşüncələri formalaşmağa başlayır.

Bu dövrdə ən təhlükəli inkişaf, gəncdə olan ayrıseçkilik və ya yalnızlıq duyğusunun inkişafıdır. Əgər gənc ətrafındakı insanlarla və qarşı cinsdən sevdiyi biriylə yaxın dostluq, əlaqə yarada bilmirsə, o, həmişə yalnız qala bilər. Adətən, tam formalaşmamış, sağlam olmayan şəxsiyyətə sahib gənclər məsuliyyət daşımaqdan qorxduqları üçün bölüşməyi və yaxın münasibətlər qurmağı bacarmırlar. Bu mənada yaxın dostluqda, sevgidə özündən əmin olmayan kəslər hər cür əlaqədən qaçmağa çalışacaq, ya da bu əlaqələri səthi olaraq davam etdirəcəklər.

Məhsuldarlığa qarşı durğunluq (40–65 yaş): Erikson məhsuldarlıq anlayışı ilə, xüsusilə, yeni nəsillərin inkişafıyla maraqlanma və onlara rəhbərlik etməyi nəzərə çatdırır. Yəni insan cəmiyyətə yararlı işlər görə bildiyi, yeni nəsillərə rəhbərlik edə bildiyi müddətdə məhsuldar sayılır. Öyrətmək və qəyyumluğu üstələmək ən geniş yayılmış məhsuldarlıq və diqqətgöstərmə formasıdır. Onu da deməliyik ki, bölüşməyi bilməyən və başqalarını düşünməyən biri məhsuldarlıq duyğusundan məhrumdur. Bu dövrdə problemlər sağlam bir şəkildə həll olunmayıbsa, yaşadıqlarından peşmanlıq duyan, davamlı şikayət edən, ölümlə ciddi şəkildə maraqlanan bir şəxs qarşımızda canlanır.

Mənlik bütünlüyünə qarşı ümidsizlik duyğusu (65 yaş və yuxarı): Mənlik bütünlüyünə qarşı ümidsizlik qarışıqlığı yaşlılıq dövründə üzə çıxır. Bu dövr, bir sözlə, yaşamla hesablaşma dövrüdür. Sağlam, məhsuldar, sakit bir şəxsiyyət formalaşdıraraq mənalı həyat keçirən insanlar fiziki, psixoloji və sosial məhdudiyyətlərə baxmayaraq, həyatlarının bu dövründə xoşbəxt və dincdirlər. Amma bundan əvvəlki dövrlərini sağlam yaşamayan insanlar isə bu dövrdə tündxasiyyət, qeyri‐sosial biri olaraq yaşayırlar. Nəticədə ömürlərinin boşa keçdiyini düşünsələr də, bu dövrdə ölüm qorxusuyla, ümidsizlik hissiylə yaşamağa davam edirlər.

Maslov və tələbatlar iyerarxiyası

Humanist psixologiyanın təşəkkül tapmasında, inkişaf etməsində A.Maslovnun (1908‐1970) xidmətləri əvəzsizdir. Elə bu səbəbdən də onu humanist psixologiyanın “mənəvi atası” adlandırırlar. Humanist psixologiyanın başlıca məsələlərini: özünüfəallaşdırma, şəxsiyyətin inkişaf mexanizmləri və tələbatın növləri problemlərini də A.Maslov işləmişdir.

Maslou Viskonsin Universitetini bitirmiş və 1934‐cü ildə psixologiya elmləri doktoru dərəcəsi almışdır. Onun psixologiyaya marağında və konsepsiyalarının inkişafında Avropa filosoflarının, xüsusilə ABŞвЂђa emiqrasiya etmiş alimlərin böyük təsiri olmuşdur. M.Vertqeymerlə tanışlığı isə Maslovun “şəxsiyyətin özünüfəallaşdırması  ”ideyasına güclü təkan vermişdir. 1951‐ci ildə Maslov Brenden Universitetinə dəvət olunur. 1968‐ci ildən ömrünün sonunadək psixologiya bölməsinn sədri olur.

Maslov sağlam bir şəxsiyyətin inkişaf edə bilməsi üçün lazımlı olan ehtiyaclardan ibarət bir tələbatlar iyerarxiyası ortaya çıxarmışdır.

Maslova görə, insanların davranışlarını istiqamətləndirən onların tələbatlarıdırehtiyaclarıdır. Tələbatlar iyerarxiyasında insanın ilk və əsas məqsədi, əsas ehtiyac olaraq bilinən qidalanma, bəslənmə və özünü təhlükədən qorumaqdır (təhlükəsizlik). Sevgi, kiməsə məxsusolma, aidolma, qəbuledilmə kimi digər ehtiyaclara isə, vacib iki ehtiyacımızı (bəslənmə və təhlükəsizlik) ödədikdən sonra meyil edirik. Bu ehtiyaclarımızı da ödədikdən sonra özünə hörmət üçün əsas şərt olan tanınma, dəstəklənmə, yararlı olmaq ehtiyaclarımız ortaya çıxır. Bunlardan da yuxarıda özünüformalaşdırma ehtiyacı mövcuddur.

Tələbatlar iyerarxiyasında “özünüformalaşdırma səviyyəsinə gələnə kimi mütləq əvvəlki tələbatları ödəməlisən ki, sonrakılara nail olasan” deyilsə də, bəzi istisnalar mövcuddur. Məsələn, günlərlə ac qalan insanın şeir yazmağa, ya da sənətin digər sahələriylə məşğul olmağa marağı olmaz desək də, tarixdə əhəmiyyətli dərəcədə vacib, gözəl əsərləri olan bəzi filosof və elm adamları bu halları özləri xüsusi olaraq istəyirdilər. Günlərcə ac olsalar belə, dünya şöhrətli əsərlər yarada biliblər.

Əvvəlcə onu deyək ki, tələbatlar iyerarxiyasında ən üst sırada duran özünüformalaşdırma anlayışına görə, insanın davranışlarını istiqamətləndirən əsas motiv özünüformalaşdırma istəyidir. Bu mənada özünüformalaşdırma heç şübhəsiz, insan üçün həyatı boyu davam edir.

Hüseyn Xəlilov

Ardı var...

21 avqust 2014
GO BACK