Dil bilməyən balacaların bəzən ağlamalarının səbəblərini anlamayan analar narahat olmağa başlayır. Bu narahatçılıq bəzən uşaqların yuxu rejiminin pozulması ilə də əlaqədar ola bilər. Bəs görəsən buna səbəb nədir?
Səs-küylü mühit
Yeni doğulmuş südəmər çox vaxt süd əmdikdən sonra yatır və səslər onu narahat etmir. Dörd ayına keçmiş körpələr artıq ətraf mühitin təsirini anlamağa başlayır. Səs-küylü ortama düşəndə yuxu pozğunluğu yaranır. Bu da körpənin rejiminə mənfi təsir edir. Analara məsləhət görülür ki, körpə oyanan kimi tez onun yanına qaçmasınlar. Çünki o yenidən yuxuya gedə bilər.
Qorxu və iztirab
Bəzi körpələrdə iki yaşından sonra qaranlıqdan qorxmaq kimi xüsusiyyətlərin əmələ gəlmə ehtimalı var. Bəzən onlar kölgədən, pərdənin tərpənməsindən qorxurlar. Bunun əsas səbəbi uşağa qorxulu hekayələrin söylənilməsi ola bilər. Başqa bir səbəb isə onların ata, ana ilə bərabər qorxulu filmlərə baxmalarıdır. Yuxu zamanı valideynlərin onunla bərabər olmaması və filmdəki səhnələrin fikrinə gəlməsi onu yatmağa qoymur. Ona görə də uşaqlara bu cür hekayələr danışmamaq məsləhət görülür.
Uşaq hər hansı bir pis iş gördükdə bəzi valideynlər onu tənbeh məqsədi ilə yatızdırırlar. Bu hərəkət olduqca səhvdir. Ona görə ki, uşaq bunun səbəbini anlayır və yatmır. Valideyn bu cür hərəkətləri təkrarlayarsa, uşaqda yuxu pozğunluğu əmələ gələr.
Uşaqda mənfi hisslərin oyadılması
Uşaqda mənfi duyğuların oyadılması onun yuxu pozğunluğunun digər mühüm bir səbəbidir. Bəzi vaxtlar uşaq yatmamağı ilə ata, anasının fikrini özünə çəkir. Siz onu hər nə qədər yatızdırmağa çalışsanız da yatmır. Günorta işdə olan valideynlərin uşaqları adətən gecə yuxusu zamanı problemlər yaradır. Bunun əsas səbəbi körpələrin valideynlərlə daha çox vaxt keçirmək istəyidir. Çalışın ki, yatmazdan əvvəl ona öz sevginizi bildirəsiniz və gözəl, tərbiyəedici nağıllar danışasınız.