Əvvəlki yaşlarla müqayisədə istər fiziki, istərsə də mənəvi baxımından daha “stabildir”. Qabiliyyətlərindən maksimum istifadə etməyə çalışır. Bütün işlərini özü görməyə çalışır. Məsələn: yemək yeyir, paltarını geyinir, tualetə gedir və s. Mükafatlandırılmağı xoşlayır. Yaşadığı mühitə uyğunlaşa bilir. Əvvəlki yaşlarla müqayisədə daha məlumatlıdır. Başladığı işi qurtarmaq istəyir. Deyilənlərə inanır və riayət edir. Yaddaşı güclüdür. Bu yaşda olan uşaqları utandırmaq da asandır. Dəcəl olsa da, oyunu ”qaydalarına görə oynamağı” sevir. Müstəqil olmağa çalışır. Sağını, solunu tanıyır.
Sapı böyük iynələrdən keçirə bilir. Hətta lazım gəlsə, tikiş də tikə bilir. Çəkdiyi şəkillər əsasən məqsədlidir. Nəyin şəklini çəkəcəyini əvvəlcədən bilir. Öz-özünü tənqid etməyi bacarır. Məsələn, “At çəkmək istəyirəm, ancaq çəkə bilmirəm” kimi. Şəkilləri haşiyədən kənara çıxmadan boyaya bilir. Kollektiv və hərəkətli oyunlara üstünlük verir. Ancaq asan yorulur. Evdən kənarda özünü daha yaxşı hiss edir. Yoldaşlarını özü seçir. Əməkdaşlıq etməyi sevir. Böyüklər və ya özündən kiçiklər əvəzinə yaşıdları ilə bir yerdə olmağı üstünlük verir. Böyükləri sevindirməyi xoşlayır. Özündən kiçiklərə və heyvanlara qayğı ilə yanaşır.
Artıq hərf və söz fərqini başa düşür. Əsas rəngləri tanıyır. 2000-2500 söz ehtiyatı var. Ünvanları, telefon nömrələrini yadda saxlaya bilir. 10-a qədər saya bilir (təbii ki, burada istisnalar da ola bilir).
Həmişə danışmaq istəyir. Böyüklər kimi uzun cümlələr qurmağa çalışır. Bəzən 6-8 sözlü cümlələr qura bilir. Biliyini artırmaq üçün “Bu nə üçün belədir?”, “Bundan necə istifadə edirlər?” kimi suallar verir. Hadisələri və nağılları mövzuların ardıcıllığını pozmadan danışa bilir. Demək istədiyini əvvəlcə düşünür, sonra deyir. Saat təsəvvürü formalaşmağa başlayır. Saatın gündəlik hadisələrlə əlaqəsini başa düşür.
İzahedici məlumatlar verin
Uşağınızın suallarına səbrlə cavab versəniz və hadisələri səbəb və nəticələrə uyğun izah etsəniz, həm uşağın biliyini artırmış, həm də hadisələr arasında əlaqə qurmasına kömək etmiş olarsınız. Məsələn: ”Başını pəncərədən çıxarma” əvəzinə “Başını pəncərədən çıxarsan, yıxıla bilərsən”. “Yeməyinlə oynama” əvəzinə "Yeməyinlə oynasan, tökülə bilər” kimi.
Qayçıdan istifadə edərək barmaqlarını inkişaf etdirin
Ucu küt bir qayçı verin və jurnallardan şəkil kəsməyi tapşırın. Bu həm uşağınızı əl-göz əlaqəsinin, həm də kiçik əzələlərinin inkişafı üçün çox vacibdir.
Yaşına uyğun işlər tapşırın
Əgər uşağınız oyuncaqları ilə oynadıqdan sonra otaq hələ də dağınıqdırsa, dərhal “hücuma” keçməyin. “Otağın daha gözəl olması üçün” oyuncaqları birlikdə yığışdırmağı təklif edin. İlk vaxtlar bu iş uşağınız üçün cansıxıcı olsa da, tədricən bunu bir oyuna çevirə bilər. Məsələn: “Oyuncaqları yığışdırmaq oyunu” kimi. Bəzən görülən işə “oyun” adını verəndə uşaq bu işi daha asan qəbul edir. Hazırda məktəbəqədər təhsil müəssisələrinin bəzilərində bu üsuldan istifadə olunmaqdadır.
Uşağınızı cəsarətləndirin
Otağı bir neçə dəfə birlikdə yığışdırdıqdan sonra bu işi birdəfəlik ona tapşırın. İlk mərhələdə “ehtiyatlı” davransa da onu cəsarətləndirməyə çalışın. Məsələn: "Mən mətbəxdəyəm, köməyə ehtiyacın olsa, çağırarsan" deyin.
İşini yerinə yetirdikdə mükafatlandırın
İlk dəfə otağı təkbaşına yığışdırdığı gün əvvəlcə ona təşəkkür edin. Sonra atası və ya sevdiyi yaxınları ilə bu sevinci bölüşərək onu daha da cəsarətləndirməyə çalışın. Məsələn: “Bu gün oğlumuz (və ya qızımız) bütün oyuncaqlarını təkbaşına yığışdırdı. Otaq çox gözəl olmuşdu. Məndə öz işlərimi vaxtından tez qurtara bildim” kimi.
Görmək istədiyinizi göstərin
Uşağımızın səliqəli olmasını istəyiriksə, əvvəlcə özümüz səliqəli olmalıyıq. Çünki etmədiyimiz bir işi uşaqdan tələb etməyin bir mənası yoxdur. Məsələn: ata uşaqdan səliqəli olmağı tələb edirsə, ancaq kitabxanası səliqəsizdirsə, deməli, işə əvvəlcə özü başlamalıdır.