Bəlkə sizin də uşağınız heç acmır? Yoxsa siz də boşqabı götürüb uşağınızın arxasınca qaçırsınız? Bəlkə siz də “Axşama qədər ac qoysam, ağzını da açmaz” deyənlərdənsiniz? Hər şeydən əvvəl uşaqların həqiqətən də acıb-acmadıqlarını nəzərdən keçirək. Görəsən heç acmayan uşaq ola bilərmi? Əlbəttə ki, ola bilməz. Çünki böyüklərdə olduğu kimi uşaqların da özünəməxsus “mədə ölçüsü” var.
Təbii ki, hələ acmamış bir uşaqdan yemək tələb etmək onda yeməyə qarşı ikrah yarada bilər. Məsələni bir az da aydınlaşdırmaq üçün bir anlıq özümüzü uşaqlarımızın yerinə qoyaq.
Özünüzü tox hiss edirsiniz və bu vaxt sizdən bir boşqab yemək yeməyi tələb edirlər. Təbii ki, bu bir boşqab yemək sizin gözünüzə böyük qazan kimi görünəcək. Yedikcə mədəniz bulanacaq. Əslində uşaqların yaşadığı hisslər heç də bundan fərqli deyil. Elə isə uşaqların acmasına imkan verin. Ancaq o vaxt uşaqlar yeməyin “ləzzətini biləcəklər”. Yeməkdən həzz alan uşaqların zaman keçdikcə yeməyə qarşı ikrah hissi olmayacaq.
Xüsusilə də son illər yol verilən ən böyük xəta körpəlikdən uşağı tez-tez yeməyə məcbur etməkdir. Uşaq hələ acmamış başqa bir yemək gəlir. Onun “təsiri keçməmiş” başqa bir yemək təşrif buyurur. Nəticədə uşaq boşqab görən kimi ağlamağa başlayır. Buradan belə nəticə çıxarmaq olar ki, uşaqların yeməyə qarşı ikrah hissi duymasının ilk səbəbi valideynlərdir.
Bəs yemək yeməyən uşaqlarla necə rəftar etmək olar?
Yeganə yol uşağın acmasını təmin etməkdir. Uşağınızın yeməkdən zövq almasına imkan verin. Bunun üçün isə onun sevdiyi və ya sevə biləcəyi yeməklərdən başlaya bilərsiniz. Ancaq uşaq gün ərzində necə gəldi yeməməli, ayaqüstü yeməklərlə qarnını doyurmamalıdır. Bundan başqa, uşaq özü istəyənə qədər ona yemək təklif etməyin. Yemək yemək istəyəndə isə istədiyi qədər yeməsinə imkan verin. Başqa sözlə, fürsətdən istifadə edib boşqabı ağzına qədər doldurmayın. Bir müddət sonra uşağınızın da hamı kimi acdığını görəcəksiniz.