Uşaqların fiziki inkşafı qədər psixi inkişafı da çox önəmlidir. Dünyaya gəldiyi ilk aylardan körpə ətraf mühitlə əlaqə qurmağa çalışır. 3 yaşınadək uşaqlar adətən daha çox öz oyuncaqları ilə oynamağı sevirlər. 3 yaşın sonlarında isə oyun və fəaliyyətin məhsuldar növləri uşağın psixi inkişafın sürətləndirir. O, ətraf aləmdə nə varsa, hamısına maraq göstərir, çoxlu suallar verir.
Nitq inkişafı üçün ən həssas və səmərəli dövrdür. 1 yaşından 3 yaşına qədər olan dövr nitqə yiyələnməyi, dili ilkin mənimsəməyi və qrammatik quruluşa yiyələnməyi əhatə edir. Uşaq 2-ci yaşın sonunda 300-ə, 3-cü yaşın sonunda isə 1000-1500-ə qədər sözdən istifadə edir.
Diqqət
2-3 yaşında uşağın diqqəti yeni xüsusiyyətlər qazanır. Söz siqnalları uşağın diqqətinin müəyyən obyektə yönəlməsinə səbəb olur. 3 yaşa qədər uşaqlar əşyaya uzun müddət baxa bilir, diqqətlərini mərkəzləşdirir, cismi əli ilə "yoxlayır", onunla oynayırlar, bilavasitə təsir edən cisim və materialların surətini təsəvvüründə canlandırır, kiçik həcmli şeir və nağıla diqqətlə qulaq asırlar.
Hafizə
Qeyri-ixtiyari olur və uşaqlar qarşılarına xüsusi yaddasaxlama məqsədi qoymurlar. Onları maraqlandıran cisim və hadisələri qeyri-ixtiyari yadda saxlayırlar. 1-ci ilin sonunda xatırlama, 3-4 yaşda ixtiyari yaddasaxlama formalaşır. İlk ixtiyari yaddasaxlama oyun qaydaları ilə bağlı olur.
Təxəyyül
Müəyyən təsəvvür ehtiyatına yiyələndikdən sonra inkişaf edir. Körpəlik yaş dövründə bu cür təsəvvürlər isə 1 yaşla 3 yaş arasında qazanılır və uşaq onu əhatə edə xarici mühitə dair təcrübə, təsəvvür əldə edir, kiçik həcmli nağıllarla bağlı məsələləri təsəvvür edə bilir.
Təfəkkür
Əyani-əməli xarakter daşıyır və əsasən hərəkətlərlə, konkret cisim və hadisələrlə bağlı olur. Nitqin inkişafı ilə əlaqədər olaraq onlar get-gedə ümumiləşdirmələr aparmağa başlayırlar. Amma hərəkətlərini planlaşdırmaqla çətinlik çəkirlər. Uşağın yaşlılarla ünsiyyəti, şəxsi həyat təcrübəsi və onu əhatə edən sosial mühit təfəkkürün inkişafına təsir göstərir.
Hisslər
Sürətlə inkişaf edir, xüsusilə utancaqlıq hissi... Bu yaşda məsuliyyət hissinin inkişafına da təsadüf etmək mümkündür. Bu hiss ona tapşırılan işi layiqincə yerinə yetirməyə imkan verir.
Uşaq şəxsiyyətinin formalaşmasında ilk yaş "böhranı" adətən 3-cü yaşda büruzə verir. Bu yaşda uşaq artıq özü haqqında 3-cü şəxs kimi deyil, 1-ci şəxs kimi danışır və özünə "Mən" deyə müraciət edir. Uşağın özü haqqında ilk təsəvvürlərinin meydana gəlməsi, onun müstəqilliyə can atması və s. şəxsiyyətin inkişafı üçün əlverişli zəmin yaradır və ilkin şərt olur. Erkən uşaqlıq dövründə öyrənmənin başlanması müxtəlif hərəkətlərin, psixi təzahürlərin, nitq və ünsiyyətin optimal inkişafı əsas xarakterik cəhətlərdir.
Bu yaş dövrü üçün öyrənmənin aşağıdakı formaları vardır:
a) imprintinq;
b) şərti reflektor görmə;
c) vikar öyrənmə;
d) verbal öyrənmə (sözlü, şifahi).
Uşaq anadan olandan öyrəmənin elementar növlərinə - imprintinq, şərti reflektor görmə və operant öyrənmə əməli surətdə hazır olur. Bu növ öyrənmə həm heyvanda, həm də insanda mövcud olur. Vikar və verbal öyrənmə isə yalnız insana məxsusdur.