Həkimlər hər nə qədər valideynlərə uşaqların immunitetini möhkəmləndirmək haqda xəbərdarlıq etsələr də, qış aylarında uşaq bağçaları və məktəblərdə uşaqların sayı azalır. Uşaqlar davamlı olaraq bir-birlərini virusla yoluxdururlar. Uşaqların immunitetini möhkəmlətməklə onların viruslu xəstəliklərə yoluxmasının qarşısını ala bilərik.
Uşaqlarda immuniteti möhkəmləndirmək üçün dərman vasitələri ilə profilaktik tədbirlər görmək olar. Eyni zamanda müxtəlif otların dəmləməsidən istifadə edilməlidir. Belə otlar gec təsir etsə də, onlar asan tapılır və ən əsası, əks təsirləri az olur.
Uşaqlarda immunitetin möhkəmləndirilməsi üçün xalq təbabətində profilaktik metodlardan geniş istifadə edilir.
Ləpəli meyvələr
Qoz əsasən də məktəbyaşlı uşaqlarda gücün və immunitetin möhkəmlənməsi üçün gözəl vasitədir. Səhər yeyilən qoz, fındıq və ya badam immuniteti gücləndirir. Uşaqlar üçün quru meyvələr, qoz, dənli bitkilər və yoqurtdan hazırlanmış qarışıq da faydalıdır.
Bal və limon
Əgər uşağınız allergiyaya meylli deyilsə, immunitetin möhkəmləndirilməsi üçün ən yaxşı vasitə baldır. Daha bir gözəl vasitə isə limon suyudur. Fincanda isti su ilə qarışdırılmış limon suyu immuniteti möhkəmlədir.
Soğan və sarımsaq
Soğan və sarımsaq immuniteti gücləndirən ən güclü təbii vasitədir. Onların tərkibindəki efir yağları uşaqlarda t-limfositlərin yaranmasına səbəb olur. Soğan və sarımsaq soyuqdəymənin profilaktikası üçün effektiv vasitədir. Bəzən uşaqları bu məhsulları yeməyə məcbur etmək olmur. Bu zaman kiçik hiylədən istifadə etmək olar: yaşıl soğanı xırda-xırda doğrayaraq şorbaya əlavə edin. Eyni zamanda soğan və sarımsağı doğrayaq boşqablarda otaqlara qoymaq olar.
Süd məhsulları
Uşaq üçün ən yaxşı profilaktik vasitə kefir və bal qatılmış isti süddür. Hər gün bir stəkan kefir və ya süd möhkəm sümük və güclü immunitet deməkdir.
Balıq yağı
Balıq yağı A və D vitaminləri, immun sistemi üçün faydalı olan yağlarla zəngindir. Tərkibindəki faydalı minerallar səbəbindən uşaqlarda immunitetin möhkəmlənməsi üçün ən yaxşı vasitə hesab edilir.