Övladınızın hər səhər məktəbə gecikmək probleminin həllinə köməkçi olacaq məsləhətlərimiz var.
Məktəbə gedən uşağınız varmı? Elə isə bu problemi yaşayanları anlayırsınız. Bir çox ananın şikayət etdiyi məsələ budur - uşaqların axşam yatmaq istəməyib səhər də yuxudan qalxa bilməyib məktəbə gecikməsi. Bəlkə sizin evdə də axşam yatmaq məsələsi üstə böhran yaşanır, səhər yuxudan durmaq üçün davalar olur? Elə isə, əziz analar, diqqətlə oxuyun.
Çantasını axşamdan hazırlamasını istəyin
Bəzi uşaqlar bu günün işini sabaha saxlamağa meyillidir. Uşağınıza çantasını axşamdan hazırlaması, tapşırıqlarını vaxtında bitirib kitab-dəftəri çantasına yerləşdirməsi lazım olduğunu öyrədin. Əgər müəllimi uşağınızın ev tapşırıqlarını əvvəl sizin nəzarət edib imzalamanızı istəyirsə, siz də bu işi mütləq axşam edin, səhərə saxlamayın.
Məktəb formasını axşamdan hazırlayın
Formanı ütüləməyi səhərə saxlamaq gecikməyə səbəb olur. Yaxşı olar ki, uşağınızın bütün geyəcəklərini axşamdan hazırlayasınız. Hətta paltarlarını hazırlamağı uşağın özünə tapşırın. Siz də onun səhər üçün hazırlıqlarını tamamlayıb-tamamlamadığını müşahidə edin, lazım olarsa ona kömək edin.
Yemək çantası hazırlığını səhərə saxlamayın
Uşağınızın yemək çantasına qoyacaqlarınızı dəqiqləşdirin. Çantaya yemək yerləşdirmə işini axşamdan edə bilmirsinizsə, heç olmasa əvvəlki gündən qalan yeməkləri təmizləmə işini səhərə saxlamayın. Çünki yemək çantası hazırlığı səhər saatları üçün olduqca zaman alan bir işdir.
Erkən yatmaq vərdişi qazandırın
Səhər məktəbə gecikməməyin yeganə yolu axşam yatmaq saatını irəli çəkməkdən keçir. Özümüzdən bilirik ki, axşam vaxtında yatdığımızda səhər oyanmaq və günə enerjili başlamaq daha asan olur. Bunu uşağınıza izah edərək, şirin bir üslla "Yatma zamanı gəldi" deyə bilməlisiniz. Lazım olsa, bir müddət televizoru söndürərək uşağınızın hər hansı bir proqrama baxmasına mane ola bilərsiniz.