Qadin.NET / Uşaqların zövqləri

Uşaqların zövqləri

 

Uşaqların zövqləri

 

Hər uşaq, hər insan individualdır. Hər kəs özünə məxsus istək və zövqlə seçilir. Təbii ki, uşaqlarımızın da özlərinə uyğun istək və arzualrı vardır. Hər birinin öz dünyasını, öz xasiyyətini, öz zövqünü anlamaq üçün müşahidəyə ehtiyac vardır. Elə məhz bu səbəbdən bu günkü  xəbərimdə uşaq təlim-tərbiyəçisi Şahnaz Arasın uşaqların zövqləri haqqında olan fikirlərini təqdim edirəm. 

Zövq deyilincə, əlbəttə ki, ağıla insanın seçimləri gəlir. Bilirik ki, seçimlər qərarlar verdiyimiz zaman  müəyyənləşir və həyatımızı seçimlərimiz üzərində qururuq. Burada uşağımızın seçimlərini nə qədər bildiyimizi düşünək və onu tanımaq üçün bir addım da ataq;

Sevdiyi rəng hansıdır? 

Sevdiyi geyim tərzi hansıdır? (Bilməliyik ki, körpəmiz doğulduğu andan etibarən bunları sevib-sevmədiyini bəlli edir. Ananın diqqətli müşahidəsi ilə bu müəyyənləşə bilər.) Bu məqamda, həyatımızda demokratiyaya nə qədər yer verdiyimizin əhəmiyyəti müəyyənləşir. Çünki körpəmizin seçimlərinə əhəmiyyət verdiyimiz zaman onunla aramızda öz-özünə qurulan, gözlə görülməyən bir hörmət körpüsü yaranır. Körpəmiz “bəzək əşya”sı deyildir! Bu barədə heç düşündükmü?!  Bəlkə də, körpəmiz onu bəzəyib-düzəyib şirin göstərməyimizi istəmir… Körpəmizin istəmədiyi bu vəziyyəti bilmədən və sadəcə bizim xoşumuza gəlir deyə ediriksə, o halda biz demokratiyanı pozur və hörmət körpüsünün yaranmasını əngəlləyirik. Beləcə, biz körpəmizə güclü olanın sözünün keçdiyi bir dünyaya gəldiyini və ancaq bir gün özü də güclü olduqda sözünün keçəcəyi məlumatını heç fərqində olmadan veririk… Beləcə, körpəmiz hər şeydən öncə güclü olmağın lazımlığını mənimsəyir. Amma körpə deyilincə, ilk ağıla gələn anlayış «sevgi» olmalı deyilmi? Və güclünün zəifi əzdiyi vəziyyətdə «sevgi» varlığını davam etdirə bilərmi? Nə isə…

 

Uşaqların zövqləri

 

Bəlkə də, körpəmiz bəzənməyi sevir. Bu xarakterdə körpəni  bəzəmək, onun içindəki toxumu böyütmək deməkdir. Vurğulamaq lazımdır ki, bəzək-düzəyi sevən və bu yöndə yetişən şəxs irəlidə bunun davamını istəyəcəkdir. Dövrümüzdə ümumilikdə 4-5 yaş arası uşaqlar üçün nəzərdə tutulan «mən mərkəzli dövr» belə bir dönəmdir. (Bu dövrdə ümumi olaraq bilinir ki, uşaq dünyanın öz ətrafında döndüyünü zənn edərək hər şeyi özü ilə əlaqələndirir. Aidlik məfhumunun çox qabarıq olduğu bu dövrdə uşaq hər  şeyi özününkü hesab edir… Bu dövrdə çox tarazlı davranmaq lazımdır ki, uşağımız; eqoist, qısqanc… və s. kimi mənfi  xüsusiyyətləri daşıyan bir şəxs olmasın.) Bu dövrün ardınca, qarşıdakı illərdə bundan daha təhlükəli bir yetişkənlə qarşılaşa bilərik; həmişə göz önündə olma, bəyənilmə, yeganə olma və s. kimi doymaq bilməyən eqo sahibi olan bir şəxsiyyət. Bu cür xarakterə malik olan şəxslər, cüzi şeylərlə əsla xoşbəxt ola bilmədikləri kimi, böyük şeylərlə də xoşbəxt ola bilməz və həmişə daha çox tələb edərlər. Nəticədə isə daima şikayətlənən, tənqid edən, narazı olan, heç cür razı salınmayan xarakterə malik olarlar. Amma nə qədər gözəl və saf düşüncələrlə, həyəcanla körpəmizə ilk bazarlığı, o, hələ doğulmadan etmişik. Çəhrayılar, mavilər, sarılar... balaca-balaca geyimlər diqqətlə alınmışdır. Bu bazarlığı yenə edəcək, yenə alacağıq… Sadəcə; necə ki fədakarlıq edərək ən gözəl geyimləri almağı göz altına alırıqsa, içimizdəki gözəl geydirmə istəyinin qarşısını almaq fədakarlığını da yeri gələndə etməyi unutmayacağıq. 

 

Uşaqların zövqləri

 

Burada ağlımıza bələ bir sual gələ bilər... Uşağımızın oynamağının, diqqəti cəlb etməsinin qarşısını aldığımız zaman demokratik davranmamış və hörmət körpüsünü yıxmış olmayacağıq ki? Bu suala, dəqiq “Xeyir” deyirəm. Çünki, burada, uşağımızın bir şəxsiyyət kimi formalaşmasını düşünərək edilən fədakarlıq və doğruya olana yetişmək üçün atılan bir addım var. Ən pis örnəyi olaraq bunu demək olar: Demokrat olmaq üçün uşağımızın narkotik vasitələrə qurşanmasına və bunlarda asılı olmasına mane olmarıqmı? Olmayacağıkmı? Əlbəttə ki, xeyir! Deyilmi?... Bax burada da eyni vəziyyətdir. Burada, biz eqomuzu, gücümüzü deyil, uşağımıza özümüzü də bəzən saxlaya bilərək məmnun olmağımızı doğru yerdə axtarıb tapmağımızı göstəririk. Beləcə, körpəmizə nə gücümüzü göstərmiş, nə də onun eqosunu böyütmüş olmayacağıq…

Hansı yeməkləri sevər?... Hansı şəraitdə yemək yeməyi sevər? Yeməklə arası necədir? (çox yaxşı, çox pis, normal…) Əvvəlcə artıq bir dünya probleminə çevrilən şişmanlıq məsələsi üçün həyəcan siqnalı səviyyəsində diqqətli olmalıyıq: Körpəmizin yeməklə arası yaxşı, iştahalı bir uşaqdırsa və biz buna baxmayaraq, onu daha çox yeməyə təşviq edəcək davranışlar ediriksə, diqqət! Biz şişman bir uşaq yetişdirməyə doğru gedirik…

 

Uşaqların zövqləri

 

Ətrafımdakı bütün analarda bir yemək yedirmə təlaşı görürəm. Adətən, körpənin, ya da uşağın kök olması lazımlı bir vəziyyət kimi başa düşülür: Kök olduqda “nə üçün?”, - deyə soruşulmaz. Lakin belə deyilsə, o dəqiqə “nə üçün?”, - ilə başlayan suallar verilir. Beş-altı yaşa qədər bu mühakiməyə mütləq əməl edilir və yetişkənlik dövründə tam əksinə bir vəziyyət ortaya çıxır: Bu dəfə gonbul görünmək istənməyən bir varlıq yaranır. Körpə ikən çətinliklə yedirdiyimizə yetişkənlik dövründə pəhrizə başlayırıq… Hətta iş təcrübəmdən gördüm ki, ailələr hazırlıq məktəblərində və bağçalarda tərbiyəçilərə uşaqlarının çəki artımına görə qiymət verirlər. Uşaqların çəkisi artıbsa, gedilən məktəb yaxşı, yox, çəkisi azalıbsa, pisdir, qənaətinə gəlirlər… Tragikomik bir vəziyyət! Elədirmi?... Valideyn olaraq üzərimizə düşən vəzifə hər bir yaşda və dövrdə uşağımızın bədəninin ehtiyaclarını qarşılayacaq uyğun qidalanmanı tətbiq etməkdir.  

Bununla əlaqədar olaraq valideynin uşağının çəkisi, fiziki görkəmi ilə maraqlanması təbiidir və vacibdir. Ancaq hazırlıq sinfi kimi, uşağın tərbiyəsinin təməli atılan bir təşkilata əsaslanıb qiymət vermək doğru deyildir. Çünki bir neçə il sonra o çəkilərin azalması üçün valideyn özü cəhd edəcəkdir. Uşağının ilk təlimtərbiyəsinin verildiyi bir yeri bu qədər bayağılaşdırmaq öz uşağına edilən bir haqsızlıqdır. Bununla bərabər, əhəmiyyət dərəcəsi sərf olunan zaman və qüvvə deməkdir. Əhəmiyyət ardıcıllığına fikir verilmədikdə isə, bu uşağımızın tərbiyəsinin keyfiyyətinə və şəxsiyyətinin inkişafına mənfi təsir göstərəcəkdir. Çünki bu mühüm şeylərə sərf olunmalı zaman əldən verildiyi üçün onlar geridə qalır. Bu, insan kimi yetişdirmək istədiyimiz uşağımıza edilə biləcək ən böyük pislik, dəhşətli bir vəziyyətdir.

Uşağımız necə vaxt keçirməyi xoşlayır? Televizor seyr edir, musiqi dinləyir və yaxud kompüterdəmi oynayır? (Bu maraq dairələri, uşağımızın peşə  seçimi, danışması, bizlərlə ünsiyyəti, qabiliyyəti, bir sözlə, bir çox mövzuda doğru bilgi sahibi olmağımıza kömək edir.) Rəsm çəkmə qabiliyyəti varmı? Bunu sevirmi? (Bu, həmin bacarıqla yanaşı, uşağımızın ünsiyyət yolunu da göstərir. Qapalı bir uşağın dil yerinə rəsmlə özünü ifadə etdiyi vəziyyətlər çoxdur. Bu cəhətə diqqət yetirilməlidir.) Yazı yazır? (Bu sahəyə duyulan maraq uşağımızın həssas, incə, küsəyən bir xarakterdə olduğunun əlaməti ola bilər. Bu uşağa əmr cümlələri ilə yanaşmaq, öz seçimlərimizi əmr cümlələri ilə demək, onun gec-tez böyük üsyankarlıq göstərməsinə səbəb ola bilər.) Park, bağça kimi açıq havada, yoxsa ev-otaq kimi qapalı yerlərdəmi oyun oynamağı sevir? (Parkda oynayarkən yalnız oynamağımı seçir, dostu olmayınca darıxırmı, yoldaş istəyirmi?

 

Uşaqların zövqləri

 

Park-bağça kimi yerlərdə yalnız olmağa üstünlük verən uşaq böyük ehtimalla təbiət heyranıdır, yalnızlığı sevir. Ancaq yenə də nəşəli, hərəkətli xoşbəxt bir uşaqdır. Qapalı yerlərdə olub açıq havaya çıxmağı istəməmək isə özünə qapalılığın, utancaqlığın,  özünə inamın azlığının, ya da tam tərsi bir vəziyyətin, daşıya bilmədiyi çox yüksək zəka qabiliyyəti kimi əlamətlərin işarəsi ola bilər.) Böyüdükcə daha çox anaya və ya ataya bənzəyən hərəkətlər edir? (Öz cinsində olan valideyni təqlid edirsə, normal şərtlərdə ilk mərhələdə bir problem olmaz. Ancaq qarşı cinsi təqlid edirsə, yaxşı müşahidə edilməli, lazımsa mütəxəssisə müraciət olunmalıdır.) Otağının, ya da evdə özünə aid olan hissənin dağınıq, yoxsa səliqəli olması xoşuna gəlirmi? (Ümumilikdə belə bir vəziyyətin nəticəsi məsuliyyət hissini müəyyənləşdirir. Amma belə bir vəziyyət əsla bu hissin göstəricisi ola bilməz. Bu vəziyyət sadəcə uşağımızın düşünmə qabiliyyəti, zehni dərk etmə vəziyyəti haqqında bizlərə ipucu verir. Bəziləri bir çox işi birdən görür və anlayır. Bəziləri isə eyni anda iki işi əsla görə bilməz. Məhz bu insanlar ümumilikdə körpəlikdən etibarən çox nizam-intizamlı şəraitlərdə yetişdirilir və məcburən çox intizamlı olurlar… Amma bəlkə, bir az dağınıq olmalarına izin verilsə, bir az daha geniş düşünə biləcək, iki işi eyni anda görə biləcək beyin gücünü də göstərə biləcəklər… Bəlkə!) Maraqlanan, araşdırıcı, hər şeyi qurcalayan bir xarakterdədirmi? Boş zamanlarında təhlükəli də olsa, bir şeylərlə məşğul olmaq xoşuna gəlirmi? (Bilinməlidir ki; əgər belə isə, bu uşağımız öyrənmə yolunu açıq tutmaqda və bu istiqamətdə dəstəklənməyi gözləməkdədir.) Ya da tam əksinə maraqsız-səssiz, dinləyən və rahatlıq axtaran biridirmi? (Ümumilikdə ailələr bu cür uşaqları «ağıllı» deyə səciyyələndirir və üstünlük verirlər. Çünki bu uşaqlar özlərinə çox qüvvə sərf etdirməzlər, uşaqlıqları ailələri üçün yorucu deyildir: Ağıllı, söz dinləyəndirlər. Ancaq əslində bu, ümumilikdə çox böyük problemlərin çıxa bilməsinin xəbərçisidir. Bu qədər hər şeylə razılıq və səssizliyin səbəbi özünə inamın azlığı, ruh dünyasındakı reaksiyaların şüur altına əksi, zəka problemi və s. kimi bir çox problemin xəbərçisi ola bilər. Belə problemlər isə müəyyən müddətə özünü mütləq göstərir.)

 

Uşaqların zövqləri

 

Bu vurğulanan maddələrin hər biri uşağımızın xarakteri mövzusunda bizlərə məlumat verən təhlilin nəticələri kimidir. Qeyd etdiklərimiz əslində həkimin xəstəsini müayinə mərhələləridir. Bu səbəbdən təfərrüata varmaq mümkün deyildir. (Təfərrüatları məsləkdaşlarımın işidir.) Ancaq burada bu məsələlərə qısa şəkildə toxunulmuşdur. Bunları öyrənincə hər bir uşağa fərdi yanaşmanın lazımlığı və bir uşağın bir hərəkəti görməsinin fərqli səbəblərinin ola biləcəyi həqiqəti ortaya çıxacaqdır. İndi ümumi bir mühakimə kimi, insanı tanımanın çətinliyi, bəlkə də, qeyri-mümkünlüyü irəli sürülə bilər. Mən buna qatılmıram. İnsan çox mürəkkəb, həm də çox bəsit bir quruluşa malikdir. Ancaq bilinməzliyinin səbəbi nə mürəkkəb, nə də bəsit olmasında deyildir. İnsan deyilən canlının mükəmməlliyə həsrəti-arzusu səbəbi ilə özünü tənqidə qapalı olması və öz həqiqətini buna görə gizləməsidir. Təsdiq edərsiniz ki, özünü özündən belə gizləyən bir xarakterinin bilinməz olaraq qalması təbii bir vəziyyətdir. Yoxsa ki, çox çətin olduğu üçün bilinməyən deyildir.

Uzun illər öncə Freyd adında bir adamın öz uşaqları üzərində etdiyi müşahidələr, dövrümüzdə psixologiya dərsi kimi oxunmaqda və bu elmin təməlini təşkil etməkdədir. Nə üçün? Çünki bir insan, tək bir insan, yuxarıda vurğuladığım qəlibi dağıtmış, öz uşaqlarına sərbəst şəkildə obyektiv baxa bilmişdir. Valideyn olaraq bizlər də uşaqlarımıza bu qəliblərdən kənarda baxa bildikdə nələr edə biləcəyimizə, uşaqlarımıza deyil, bütün dünya uşaqlarına belə faydalı ola biləcəyimizə heyrət edəcəyik…

 Uşaq təlim-tərbiyəçisi 

Şahnaz Aras

20 avqust 2013
GO BACK