6 yaşdan 14 yaşa kimi: kişi dünyasına olan maraq
Bu dövrdə onlarda əsaslı dəyişikliklər gedir. Televizora baxmağı o qədər də sevməyən oğlan birdən-birə silaha maraq göstərir. Davalı, səs-küylü oyunlara meyl edir. Ən adi şeydən dava etməyə başlayır, mübarizə aparırlar. Bu dövrdə demək olar ki, dünyanın bütün oğlan uşaqlarına xas dəyişikliklər baş verir. Onlar atanı, babanı və yaxud dayı- əmini təqlid edirlər. Özlərini oxşatmaq üçün yanlarında bir kişinin olması arzusu olur. Onlar kimdənsə "kişi olmağı" öyrənmək istəyirlər.
Əgər bu yaş dövründə ata oğluna biganə qalarsa, uşaq onun diqqətini cəlb etmək üçün ən ağlasığmaz hərəkətlər edir. Məsələn, yerini isladar, oğurluq edər, məktəbdə özünü aqressiv aparar, bir sözlə bir çox xoşagəlməz hərəkətlər edərlər. Eyni zamanda onlar anaya da hər işlərində etibar etməlidirlər. Əgər uşaq anaya daha yaxın olarsa, ata bunu hiss edib öz təsirini gücləndirməlidir. Lakin bu halda qətiyyən ananı günahlandırmamalıdır. Hərdən ata çox tələbkar olanda uşaq ondan qorxmağa başlayır.
Belə erkən yaşlarında ana öz oğlundan uzaqlaşsa, onu öz istiliyindən və diqqətindən məhrum etsə, sonluq çox acınacaqlıdır. Çünki o gələcəkdə görmədiyi bu xoş keyfiyyətləri öz ailəsinə və balalarına verə bilməyəcək. Buna görə onları tez-tez qucaqlamaq lazımdır- 5 yaşında da 15 yaşında da.
İndi isə bir az atalıq məsulliyəti haqqında...
Tərbiyəyə daha erkən başlayın
Tərbiyəyə yoldaşınızın erkən hamiləlik dönəmindən başlayın. Onunla dünyaya gələcək körpəniz haqqında söhbət edin, arzularınızı, ümidlərinizi bildirin. Uşaq dünyaya gələn gündən ana ilə birgə siz də onun qayğısına qalın. Uşağınızla olan belə erkən münasibətlər gələcəkdə sizdə sağlam münasibətin formalaşmasına yardımçı olacaq və sizin həyat prioritetinizi dəyişəcək. Körpə ilə təmasda olan ata onunla eyni dalğaya köklənir. Yeri gəlmişkən atalar gecələr yatmayıb, ağlayan uşaqları daha tez sakitləşdirməyi bacarırlar. Bununla belə ananı və yaxud uşağa baxan təcrübəli baxıcını məsləhətlərlə bezdirmək lazım deyil.
Nə qədər işiniz olsa belə uşağınıza zaman ayırmağa çalışın. Məzuniyyət götürün, istirahət günlərində də çalışın onunla daha çox vaxt keçirəsiniz. Siz onunla olan müddətdə öz atalıq rolunuzun öhdəsindən necə bacarıqla gəlməyinizin şahidi olacaqsınız.
Emosiyalarınızı gizlətməyin
Oğlunuzu qucaqlayın, yaxşı hərəkətini gördükdə ürəkdən gələn sözlərlə onu tərifləyin. Onlar sadəcə atalarının yanında oturub nə haqda isə danışmağı da çox sevirlər. Əgər özünüz bunları valideynlərinizdən görməmisinizsə, bunları necə etmək lazım olduğunu öyrənin.
Uşaqlarınızla birgə olanda vaxtınızı şən keçirin
Yalnız atalıq borcu olduğuna görə onlarla zaman keçirməyin heç bir xeyri yoxdur. Bunu ürəkdən istəyin. Birgə olanda elə bir işlə məşğul olun ki, ikinizə də zövq versin. Onların məktəbdənkənar vaxtlarını səmərəli keçirməsini planlaşdırın. Sevdiyi idman növü ilə məşğul olmağa vadar edin, birgə gəzintiyə çıxın, söhbət edin. Birgə oynadığınız oyunlarda güclü rəqabətdən çəkinin. Həmişə çalışın ki, onlara yeni nə isə öyrədəsiniz.
İntizamlı olmağı öyrədin
Zəmanəmizdə bir çox atalar kənardan "mehriban və yaxşı" ata olmaq roluna üstünlük verərək bütün çətinlikləri anaların üstünə atırlar. Məsələn: Ev tapşırıqları ilə məşğul olmaq, ev işlərində uşağı yönləndirmək- hamısı ananın üzərinə düşür. Ata bu işlərdə özü də iştirak etməlidir. Qayda-qanunlara riayət etməyi ona öyrədin- sakit şəkildə lakin davamlı olaraq. Sizə hörmət etməyi öyrədin. Dinləyin onu, çətinliklərini, ağrılarını öyrənməyə çalışın. Onunla dost olun. Elə münasibət qurun ki, ürəyinin hər sözünü çəkinmədən sizə deyə bilsin. Bu mövzuda yoldaşınızla da müzakirələr aparın. Unutmayın, birgə tərbiyə valideynləri də bir-birinə daha da yaxınlaşdırır.
Bu dövrdə atanın başlıca vəzifəsi onun tərbiyəsində daimi iştirak etməkdir. Çünki uşaq özünün atrıq böyüməsini hiss edərək, kişidən nələri isə öyrənməyə cəhd edir. Əgər ailədə ata yoxdursa, uşaq kənarda, məktəbdə və s. özünü oxşatmaq üçün kişi modeli axtaracaq. Zəmanəmizdə kişi müəllimlərin az olması da başqa bir problemdir.
Bu yaş dövründə uşaqlar vaxtının çoxunu valideynləri ilə birgə keçidib, onlarla olan xoş münasibətdən həzz almalıdır. Analar çox vaxt buna qısqansalar da dediyim kimi, oğlan uşaqları bu yaş dövründə ataya daha çox yaxın olur, ondan həmişə öyrənib, onun kimi olmağa çalışır. Bu elə bir dövrdür ki, bundan mütləq səmərəli istifadə etmək lazımdır. Çünki bu müddətdə -6 yaşdan 14 yaşa qədər- atanın oğluna təsir edib əsas kişi keyfiyyətlərini ona aşılamaq üçün ideal bir vaxtdır. Sizə əhəmiyyətsiz görünən hər bir şey, birgə gəzintiniz, oyunlarınınz onun yaddaşına həkk olunur. Bu xatirələr ömrü boyu onunla olacaq.
Oğlununzun hərdən soyuqqanlı görünməsindən təşvişə düşməyin, ola bilər məktəbdə onun belə görünüşü qəbul olunmuşdur. Ona maraq göstərin, cəhd edin. O zaman soyuqqanlılıq maskasının altında necə şən bir oğlanın olduğunu kəşf edəcəksiz. Birgə ola biləcəyiniz heç bir anı hədər verməyin, oğlunuzun həyatının hər anında iştirak edin.
Tənha analar
Minilliklər boyu tənha analar öz uşaqlarını tənha böyütmək məcburiyyətində qalırlar. Buna heç bir şübhə yoxdur ki, onlar layiqli övlad böyütmək gücünə malikdirlər. Lakin onlar etiraf edirlər ki, bu işdə həmişə yardım üçün kiməsə müraciət etməli olurlar. Məsələn: qohumlara, dostlara, idman müəllimlərinə və s. Bununla belə, bu insanı çox ehtiyatla, hər bir çətinliyi gözə alaraq seçirlər.
14 yaş və daha böyük: atrıq kişiləşmiş
Bu dövrdə artıq onların orqanizmində əsaslı dəyişikliklər baş verir. Boyları sürətlə artır. Onlar bu dövrdə tərs, narahat olurlar. Əhval-ruhiyyələri tez-tez dəyişir. Bunlar ona görə baş vermir ki, onlar pisliyə doğru dəyişirlər. Sadəcə onlarda yeni şəxsiyyət yaranır. Bu dövrdə onlar özlərini maraqlandıran ciddi suallara cavab tapmağa, qarşılarına məqsəd qoymağa, gələcək həyatları üçün təcrübə yığmağa çalışırlar. Eyni zamanda daxilində olan saat dayanmadan onları yaşamağa tələsdirir.
Ən çox bu dövrdə biz onlarla olan mənəvi əlaqəmizi itiririk. Biz onlardan tələb edirik ki, məktəbdə olanda dərsəri ilə, evdə olanda ev işləri məşğul olsunlar. Onlar artıq fiziki və mənəvi cəhətdən böyüdükcə, böyük dünyaya can atdıqca biz uşalıq dövrünün 5-6 il yenə davam etməsini istəyirik. Beləcə problemlər yaranır.
Düzgün olardı ki, biz onların istək və arzularını yönləndirib, təzə əmələ gəlmiş qanadlarının bərkiməsinə kömək edək. Övladlarının alkoqola, narkotikaya, kriminala yaxın gedəcəyi fikri çox vaxt valideynlərin gecə kabusuna dönür. Yeniyetmənin bunlara marağı çox vaxt daxilində olan şöhrət və qəhrəmanlığın düzgün yolda istiqamətlənməməsi və yaxud lazım olmayan yerdə üzə çıxmasıdır.
Bu dövrdə onlar ailədən kənarda öz həyatlarını qurmağa cəhd edirlər. Artıq onların hər şeyi öyrədən müəllimləri var. Hansı ki, biz bəlkə də heç onu tanımırıq. Bizə yad olan, eyni zamanda bəlkə də bizim onlara yardım edə bilməyəcəyimiz sahədə maraqları vardır. Yazdıqlarım çox qorxulu səslənsə də həqiqət budur.
Ona görə də bu dövrdə onların əhatə dairəsini yaxşıca öyrənmək lazımdır. Kimlərlə dostluq etmələrini bilmək çox vacibdir. Valideynləri yenə də əvvəlki qayğı ilə ona yanaşsalar da bir çox məsələlərdə onlara həqiqi, yaxın dost lazım olur. Elə bir dost-bələdçi ki, onların həyatlarını qaydaya salmaqda onlara yardımçı osun. Bu dövrdə valideyn nə qədər övladı ilə yaxın münasibətdə olsa da yeniyetmənin onun suallarına cavab verə biləcək digər biri ilə ünsiyyətə çox böyük ehtiyacı vardır. Belə adam yanında olmayanda isə ona çox çətin olur. Özünə qapanır, depressiyaya düşür. Onları bu dünya ilə tanış etmək üçün bir bələdçi lazımdır. Çox vaxt tərslikləri üzündən valideyninin sözünə qulaq asmayan yeniyetmə o bələdçiyə asanlıqla tabe olur. Valideyn bu bələdçinin seçimində yardımçı olmalıdır. (Əgər yadınızdadırsa qədimdə bunun üçün mürəbbiələr, xüsusi insanlar təyin olunurdu) Belə dostlar, bələdçilər onlarla söhbət edə bilər, fikir mübadiləsi aparar, maraqlarını bölüşə bilərlər .Ən yaxşısı budur ki, sizin oğlunuz onların evinin arzuolunan qonağı olsun. Lazım gələndə ürəyini boşalda bilsin, dostu da eyni zamanda onun beynini "lazımsız fayllardan təmizləsin".
Təbiət üstünlüyü kişilərə vermişdir. Dünyanı yönəldən onlardır. Sağlam tərbiyə almış kişi ailəsinin və vətəninin qədrini bilir. Öz üzərinə düşən məsulliyətin öhdəsindən layiqincə gəlir. Buna görə də, əziz istifadəçilər, evinizdə olan gələcəyin kişilərini yetişdirməkdə sizə səbr, dözüm arzulayıram. Arzu edirəm ki, həmişə övladınızla fəxr edəsiz.