Ailədə uşaqların tərbiyəsinə əhəmiyyət vermək vacibdir. Bildiyimiz kimi oğlan uşaqlarını düzgün tərbiyə edib, düz yola yönləndirmək elə də asan iş deyil. Bu mövzuda psixoloq Stiv Biddalfın "oğlan uşaqlarının tərbiyəsi" mövzusuna müraciət edəcəm.
Oğlanlar özbaşına böyüyüb tərbiyə almır. Bunun üçün xüsusi tərbiyə metodları var. Hər gün gözümüzün önündə olan oğlanların hər yaş dövründə hər an necə dəyişdiyinin şahidi oluruq. Önəmlisi ona nəyin nə vaxt və necə lazım olduğunu bilməkdir.
Bu indinin problemi deyil, hər bir zaman çərçivəsində oğlan uşaqlarının tərbiyəsi hamını narahat edib. Bu məqsədlə çoxlu yazılalar yazılıb, məsləhətlər verilib. Son zamanlarda insanlar daha aktiv həyat tərzi keçirdiyindən, çoxusu bu işi arxa plana atır. Çünki güman edirlər ki, onların işləri bundan daha vacibdir.
Bunun üçün 3 mərhələ var:
1. Birinci mərhələ anadan olandan altı yaşına kimi olan vaxtdır.
Bu müddətdə oğlan uşaqları anaya çox bağlı olur və əsasən anadan asılı olur. Tərbiyənin bu mərhələsində hər iki valideynin burda əsas rolu ona öz sevgilərini vermək, təhlükəsizliyini təmin etməkdir.
2. İkinci mərhələ altı yaşından on dörd yaşına kimi davam edir.
Bu dövrdə onlar artıq kişiləşmək istəyirlər, çox vaxt öz duyğuları ilə hərəkət edirlər. Ətraf-aləm onlar üçün böyük maraq kəsb edir. Onlara ən yaxın yenə anaları olduğuna baxmayaraq, əsasən atalarını təqlid edir, onun hər bir hərəkətini maraqla izləyirlər. Bu dövrdə əsəs məqsəd onu biliyə yiyələndirmək, bacarıqlarını inkişaf etdirmək, xeyirxahlığı və düzgünlüyü ona aşılamaqdır. Bir sözlə artıq şəxsiyyətin formalaşdığı dövrdür. Əsasən bu dövrdə oğlan uşaqları özlərinin kişiləşməsi ilə fəxr edirlər, qürur duyurlar. Bu dövrdə əsəs tərbiyəçi ata olsa da, oğul artıq böyüyüb deyə ana da kənara çəkilməməmlidir.
3. Üçüncü mərhələ 14 yaş və daha yuxarı yaş dövrü.
Bu dövrdə artıq ona tam formalaşmaq, həyata tam hazır olmaq üçün mütləq kişi-dayaq (dost-bələdçi) lazımdır. Bu dövrdə ana və ata onlar üçün arxa plana keçir. Lakin buna baxmayaraq valideynlər mütləq onların əhatə dairəsinə nəzarət etməlidirlər. Bu mərhələdə əsas məqsəd onlarda məsuliyyət və özünəhörmət hissinin inkişaf etdirilməsidir.
Bu mərhələlərdən yaxşı nəticələr almaq üçün hər iki valideynin iştirakı vacibdir. Bu mərhələləri bilən valideynlər üçün atacağı addımları bilmək elə də çətin deyil. Məsələn, 2-ci mərhələdə ata öz hərəkətlərində çox diqqətli olmalıdır. Hər bir halda ailəsinin yanında olmalı, zəhmətkeş olmalı və mütləq düzgün həyat tərzi sürməlidir. Bunun əksi olarsa, nəticəsi uşaqların tərbiyəsində özünü çox pis şəkildə göstərəcəkdir.
Oğlanların formalaşmasında ətraf aləmin də təsiri böyükdür: bir vaxtlar əmilər, dayılar və yaxud yanına sənət öyrənməyə qoyduğumuz insanlar bu işdə köməkçi olurdular.
Çox təəssüf ki, zəmanəmizdə onlar böyük dünyaya köməksiz çıxırlar, harda ki, onları heç kim gözləmir, lazım olanda kömək əlini uzatmır. Beləliklə, qorxulu olan baxımsızlıqla bişbaşa təkbətək qalırlar və çox vaxt ömürlərinin sonuna kimi hələ də "böyümürlər".
Çox vaxt boynumuza almaq istəmirik ki, onların pis böyüməsində günahkar biz oluruq. Çünki lazım olanda yanlarında olub kömək edə bilmirik. Bunun üçün yenə mərhələlərə nəzər salaq:
Anadan olandan altı yaşına kimi olan dövr ən incə dövrlərdir. Övlad övladdır. Oğlan və ya qız-bunun nə valideyn üçün nə də onların özü üçün heç bir əhəmiyyəti yoxdur. Onlar qucaqda olmağı, hamı tərəfindən hər vaxt əzizlənməyi çox sevirlər. Onların tempramenti müxtəlif olur. Bəziləri sakit və rahat olurlar. Yuxu saatında kifayət qədər yatırlar. Bəziləri səs-küylü olub daimi nəzarət tələb edirlər. Bəziləri narahat, bir az da qorxaq olur, özlərini tək hisss etməməkləri, sevildiklərini hiss etmələri üçün həmişə yanlarında kiminsə olmağına ehtiyac duyurlar.
Bu dövrdə körpənin ana ilə olan əlaqəni hiss etməsi vacibdir. Təbiətin ona bəxş etdiyi analıq duyğusu ilə ana öz istiliyini, hərarətini, incəliyini, sevgisini körpəsinə ötürür. Körpəsini südlə yedirən analarda əmələ gələn prolaktin hormonu onu körpəsinə daha çox bağlanmasına yardımçı olur. Bu müddətdə ata da öz körpəsinə zaman ayırmalıdır. Onların körpəyə yanaşması bir az fərqlidir. Ana uşağı sakitləşdirməyə çalışdığı halda, atanın uşaqla rəftarı səs-küylü olur.
Cinslər arasındakı fərqin hiss edilməsi.
Lap körpəlikdən artıq cinslər arasındakı genetik fərq özünü göstərir. Oğlan uşaqları anadan ayrı qalmağı çox ağrılı qarşılayırlar. Oynamaq üçün onlara daha geniş yer lazım olur. Uşaq bağçasında olarkən yeni gəlmiş uşağa oğlanlar biganə yanaşsalar da, qızlar tez bir zamanda onunla dostlaşmağa can atırlar.
Kədərli olsa da oğlan uşaqlarına daha ciddi yanaşılır. Araşdırmalar göstərir ki, elə lap körpəlikdən valideynlər qızları daha çox öpüb-oxşayırlar. Oğlan uşaqları isə daha az danışdırılır. Analar onları tez-tez və daha ağrılı cəzalandırır.
Ana ona nə qədər mehriban və qayğıkeş yanaşsa, onda o uşağın sevgi və incəlik simvolu olacaq. Əgər ana uşağın iki yaşından etibarən, artıq gəzməyə başladığı andan, onu incidib utandırmadan, araya sərhəd qoymağı bacarsa uşaq ömrünün sonuna kimi bunu mənimsəyəcək. Bununla belə anasını qəlbində ona qarşı olan sonsuz sevgini də hiss edəcək. Ananın səbr və sevgi ilə onunla danışması uşaq üçün çox vacibdir. Çünki qızlardan fərqli olaraq oğlan uşaqları ünsiyyət qurmaqda çətinlik çəkirlər.
Uşağının həyatının ilk illərində ananın ona vaxt ayırmasını təmin etmək üçün digər ailə üzvləri yardımçı olmalıdır. Əgər ana daimi əsəbidirsə, depressiyaya düşübsə, uşağına vaxt ayıra bilmirsə, həmişə hirsli və acıqlıdırsa bu artıq körpənin şüurunda öz təsirini göstərəcək. Onun qəmgin olmasına, özünün sevilmədiyini hiss etməsinə səbəb olacaq.
Ana övladının gördüyü hər xırda işdən sevinir, fərəhlənir. Ata onunla döyüş oyunları oynayır, kitab oxuyur, xəstələndə qayğısına qalır. Uşaq gördüklərini mənimsəyir və yaddaşına həkk edir.
İmkan dairəsində oğlan uşaqlarını 3 yaşına kimi evdə, valideyn əhatəsində saxlamaq lazımdır. Araşdırmalar göstərir ki, bu yaşda bağçaya və s. yerlərə qoyulan oğlan uşaqları, qızlara nisbətən ayrılığı daha ağrılı qarşılayır, buna görə emosional stress keçirirlər ki, bu da onların daha aqressiv və narahat olmasına səbəb olur. Bu narahatlıq sonrakı məktəb illərində də özünü biruzə verir. Uşağın həyatdan öyrəndiyi ilk dərs etibar, sevinc, doğmalarından gördüyü istilik və mehribançılıq olmalıdır.