"Yuxu elmi" bütün dünyada analar üçün möcüzələr yaradır. Gəlin siz də yuxu elmindən faydalanaraq uşaqlarınızın gündəlik yuxu rejimini nəzarətdə saxlayın.
Fərqli məktəblərdən olan mütəxəssislərinin ortaq qərara gəldikləri məsələlərdən biri də odur ki, gündüz yuxusu gecə yuxudan oyanmağa çox təsir edir.
Hər uşaq təbii ki, fərqli yuxu rejiminə malikdir. Sizə təqdim edəcəyim rejim cədvəlindən faydalanıb uşağınızın gündə cəmi neçə saat yatdığını bir həftə boyunca müşahidə edin. 10-11 aylıq körpə gündə 14 saat yatırsa və bunun 4 saatı gündüz yuxusunun payına düşürsə, gecə oyanmağının səbəblərindən biri də bu ola bilər. Mütəxəssislər deyir ki, uşağın yatma vaxtını özünüz təyin edə bilmirsinizsə, oyanma vaxtını idarə etməyə çalışın. Uşağınız gündüz yatmağa, gecə gec yataraq səhər gec oyanmağa meyllidirsə, uşağı səhər müəyyən bir saatda nizamlı olaraq oyandırın. Gündüz yuxularını da müəyyən bir müddətə azalda bilərsiniz. Bu müddəti uşağınızın yaşına uyğun hesablayın. Aşağıdakı şəklə diqqətlə baxın.
Uşağınızın iki yuxu arasında neçə saat oyaq qalmalı olduğunu bilirsinizmi?
Yorğun və yuxusuz uşaq daha çətin yatır və gecə daha çox oyanır. Uşağınız yuxuya getməkdə çətinlik çəkirsə bunun iki səbəbi ola bilər:
1. Yuxusu gəlmədən yatızdırmısınız.
2. Yuxu saatını gecikdirmisiniz.
Uşağınız bir yerdə dinc durmursa, qətiyyətsizdirsə, ağlayırsa, ya da qəflətən yuxuya gedirsə, demək yuxu saatını keçirmisiniz. Bu sadə problem həll ediləndən sonra bəzi uşaqlar rahat yatır. Bunun üçün də uşaqlar yaşlarına uyğun olan qədər oyaq qalmalıdır.
Hər uşaq eyni olmur. Amma sizə təqdim edəcəyim digər şəkilə əsasən uşağınızın yaşına uyğun nə qədər oyaq qalmağını özünüz təyin edəcəksiniz.
Qeydlər:
1. Uşaqların səhər oyandıqdan sonra ilk yuxularına qədər oyaq qalma müddəti günortadan sonrakı yuxusuna nisbətən daha qısa olur.
2. Körpəniz gündüz az yatırsa, yorğunluq problemini gecə çox tez yatızdıraraq həll edə bilərsiniz. Düşünməyin ki, uşağınız tez yatdığı üçün tez duracaq, əksinə, tez yatdığı üçün daha gec oyanacaq.
3. Uşaqların ideal oyaq qalma müddəti böyüdükcə dəyişir. Uşaqlarınızın yuxu rejimini müşahidə edin. Böyüdükcə yavaş-yavaş 10-15 dəqiqə əlavə edərək oyaq qalma müddətini artırın.