Qadin.NET / Uşağınız oğurluq edirsə

Uşağınız oğurluq edirsə

 

 

Biz bir çox uşaqların uşaqlıq çağlarında oğurluq etmələri ilə tez-tez rastlaşırıq. Amma əgər uşaq ən azından ayda bir dəfə, yaxud daha çox oğurluq edərsə, demək həmin uşaq problemli uşaqdır. Sözsüz ki, oğurluq xoşa gəlməz bir əməldir. Odur ki, böyüklər uşağı bu əməldən yayındırmağa çalışmalıdırlar. Bəzən hətta onların hər növ maddi ehtiyaclarının ödənməsinə baxmayaraq, uşaqların bu əmələ əl atmasının şahidi oluruq. Bu əməl bəzən onları o qədər narahat edir ki, bir çox xeyirxah işləri görməkdə onların qarşısını alır. Oğurluq sözünün mənasını tam olaraq dərk etməyən uşaq bu əməlin yanlış bir iş olduğunu anlamır.
İki yaşlı uşağın düzlük və doğruluq kimi məsələlərin mənasını anlamaması, bacı və qardaşlarının icazəsi olmadan onların oyuncaqlarını götürməsi təbii bir haldır. Amma həmin uşaq on yaşındaykən sinif yoldaşlarının əşyalarını icazəsiz olaraq götürürsə, bu onun oğurluqda ittiham olunmasıyla nəticələnəcəkdir. Bu yaşda olan uşaq nəyin doğru və nəyin yanlış olmasını artıq anlamalıdır.
Uşaqların davranışına nəzarət edərkən onların bəzi əməllərinə diqqət edilməlidir:
İcazəsiz olaraq nəyisə götürəndə;
• Sizin çantanızdan pullar yox olduqda;
• Kimsə onun oğurluq etdiyini sizə dedikdə;
• Evə əlində təzə bir şey gətirərək onu tapdığını, yaxud da kiminsə ona hədiyyə etdiyini söyləyəndə.

Burada bir məsələni də yadda saxlamaq lazımdır, o da budur ki, uşağa oğurluq etdiyini isbat etməyə çalışmayın. Çünki bu rəftarla ola bilsin ki, onu görmədiyi işə görə tənbeh etmiş olarsınız. Uşağın bu hadisədən alacağı dərs isə bu olmalıdır ki, oğurluq baş verə biləcəyi hər bir durumdan uzaq olsun. Bu kimi hallarda diqqət yetiriləsi əsas məsələlərdən biri də oğurluğun nə məqsədlə baş verməsidir. Valideyn və tərbiyəçilər uşaqlarının bu işə hansı səbəbdən əl atdıqlarını araşdırmalıdırlar.

15 sentyabr 2010
GO BACK