Qadin.NET / Talehin taleyi, yoxsa ailədaxili şiddət?

Talehin taleyi, yoxsa ailədaxili şiddət?

 Hələ yeddinci sinifdə oxuyurduq. Səhər birinci dərsimiz biologiya idi. Kabinetə girər-girməz sinfin axırında bir neçə müəllimin nəyisə müzakirə etdiyini gördük. İstər-istəməz danışdıqlarının şahidi olduq. “Bu səhər Taleh özünü samanlıqda asıb. ” Dəhşətə gəldik.

Talehin taleyi, yoxsa ailədaxili şiddət?

 Taleh bizimlə paralel “A” sinfində oxuyurdu. Çox sakit, başıaşağı, kimsəylə dinib-danşmayan, sap sarı, qıvrımsaçlı uşaq idi. Dərsləri də yaxşı deyildi. Demək olar ki, heç oxumurdu. Amma nə olursa olsun, tanıdığımız birinin belə bir addımı bizi şoka salmışdı. Həmin an hamının ilk verdiyi sual bu olmuşdu. ” Niyə?” Elə hey beynimdə suallar bir-birini qovurdu. ” Görəsən niyə intihar edib?”, “ Görəsən ipi boğazına keçirəndə nə düşünüb?” , “ Görəsən boğulanda, ruhu bədənindən çıxanda nələr hiss edib?” Uşaq düşüncəmlə o qədər suallar çıxardırdım ki meydana, heç birinin cavabı yox idi.

Həmin gün hadisəni eşidən bütün kənd əhli Talehgilin həyətinə axışdı. Anam da getmişdi haya. Gələndən sonra olub bitənləri bibimə danışarkən eşitdim. Oğlunun meyidi başında “ mən elədim” deyə fəğan edən anasının bu sözləri hamının diqqətini çəkib. Sən demə Talehi evdə döyürmüşlər. Atası çox zalımcasına uşaqlarını döyürmüş. Hər səhv hərəkətlərində oturub başa salmaq yerinə döyürmüş. Taleh atasının şillə-təpiklərindən çox qorxurmuş. Atdığı hər addımda anasının –Qoy atan evə gəlsin, ona deyəcəm - deməsi Talehi bezdiribmiş. Elə həmin gün səhər Taleh məktəbə gəlmək istəməyib. Anası da yenə həmişəki qayda üzrə - Qoy atan evə gəlsin, deyəcəm başına oyun açacaq – deyib. Artıq nə dərəcədə qorxurmuşdusa, Taleh məktəb adı ilə evdən çıxıb, samanlıqda özünü asıb.

Talehin taleyi, yoxsa ailədaxili şiddət?

Kənddə uşağına şiddət göstərən hər kəsə dərs olmuşdu bu hadisə. Aylarca bu hadisədən danışıldı, müzakirə edildi. Kimisi valideynləri günahlandırdı, kimisi də uşağı. Amma olan olmuşdu. Nə danışılanların, nə də peşmançılığın bir mənası yox idi. Valideynlərini də bir müddət polislər o yana, bu yana sürüdülər, amma heç bir şey Talehi geri gətirmədi.

 

Kim bilir nələr yaşamışdı, nələr çəkmişdi Taleh. Valideynlərindən anlayış yerinə şiddət görən Talehin psixoloji vəziyyəti kim bilir nə halda idi. O hadisə hələ də yadımdan çıxmır. Və o hadisədən mən də dərs aldım.

Əziz valideynlər! Uşaqlarınız nə edirsə etsin, onlara şidət göstərməyin. Döymək problemin həlli deyil. Uşaqların sevgiyə, qayğıya ehtiyacı var. Sevgi hər şeyin çarəsidir.Sevgi hər dərdin dərmanıdır. Uşaqlarınıza sevgiylə, nəvazişlə bacardığınız qədər başa salmağa çalışın həyatı.

Şiddət uşağın psixologiyasını korlayır.Psixi cəhətdən güclü uşaqlar bu şiddətlərə dözür,onların düşüncəsində bu normal hal kimi formalaşır. Böyüyüb cəmiyyətə qarışdıqda, valideyn olduqda şiddət onlar üçün bir məqsədə çevrilir. Zəif uşaqlar isə dözməyərək çıxış yolunu bu həyatdan canını qurtarmaqda görür. Gəlin uşaqlarımıza sevgimizi göstərək! Sevgimizi təkcə dilimizlə yox, əməllərimizlə də göstərək onlara!

Talehin taleyi, yoxsa ailədaxili şiddət?
16 yanvar 2013
GO BACK