Qadin.NET / 1-2 yaş dövründə uşaqlarda yemək problemi

1-2 yaş dövründə uşaqlarda yemək problemi

1-2 yaş dövründə uşaqlarda yemək problemi

Körpəm iştahsızdır

Bir çox valideynlər təlaşlanmağa başlayırlar: "Körpəm niyə əvvəlki kimi yemir?" Çünki körpələrin artıq başqa həyatı başlamışdır. Eyni zamanda diş çıxarma da körpələrin birinci ilində qidalanmasına təsir edən ünsürlərdən biridir. Bu yaşdakı körpələr yeməklərini az yeməyə başlayırlar. Ancaq həm də çeşidli yeməklərin dadları ilə tanış olurlar. Artıq duru yeməklərdən qatı yeməklərə keçiblər.
Bu yaş mərhələsində övladınız 3-ü qatı, 2-si duru qidalardan ibarət olmaqla 5 vaxtda yemək yeməlidir. Ana yeməklərə qatılarla başlanmalıdır. Uşaq ana südündən kəsilməyibsə, ana yemək araları zamanı qidalana bilər. Su və ya şəkərı az olan kompot qatı yeməklərdən sonra verilə bilər.
1 yaşından yuxarı olan övladınız hələ də qatı yemək əvəzinə maye dolu şüşəni istəyirsə, bu, onun qidalanma vərdişinin yanlış istiqamətdə olduğuna işarədir. Qatı qidalara başlanmasına altıncı ay uyğun olsa da, bəzi körpələrin bir az da zamana ehtiyac duyması normal hesab olunmalıdır. Uşağınızın yeni dadlara və bu dadların ağızda verdiyi yeni hisslərə alışa bilməsi üçün zamana ehtiyacı vardır. Bəzi uşaqlar yemək seçməyə başlayarlar, bəziləri də daha az iştahlı olarlar.

Qeyd: Bəzi uşaqlara istəmədiyi bir yeməyi verdikdə onu ağızlarında saxlayırlar. Sonra da öyüyürlər. Uşağınızın ağzının dolu olduğunu görəndə sakitcə onu çıxarmasını söyləyin. Həmin yeməyi 1 həftə ərzində bir daha verməyin. Sonra təkrar yenə yoxlayın. 

Uşağınız gecəyarısı süd içmək üçün oyanırmı?

Belə hal varsa, səbəb uşağın qatı qidaları istəmədiyi üçündür. Təəssüf ki, bir çox analar 1 yaşındakı uşaqlarına gecələr süd verməkdə davam edirlər. Sonra isə uşaqların qatı qidaları rədd etmələrindən şikayət edirlər. Əgər uşaq gecələr qarnını ana südü və ya əvəzedici südlə doldurursa, gündüz qatı qidalar üçün yer qalmır.

1-2 yaş dövründə uşaqlarda yemək problemi

Uşaqlarınız yemək saatlarında narahat olurlarmı?

Belə hallarda valideynlər aşağıdakı qayğıları yaşaya bilərlər:
- Yemək yeməsi üçün evin içində uşağın arxasından qaçmağa məcbur oluram.
- Uşağım yemək stulunda oturmur, oradan çıxmağa çalışır.
- Uşağımın sərbəst şəkildə oturub yemək yeməyə heç həvəsi yoxdur.
- Nə etsəm də önlük geyməyi rədd edir.
- Tez-tez yeməkləri yerə atır və ya başına sürtür.
Uşaqların yemək stulunda göstərdiyi davranışları onun daxil olduğu böyük inkişaf dövründə rast gəlinir. Bir çox uşaq bu dövrdə yeriməyə başlayar, bəziləri hələ də iməkləməkdə və ya dırmanmaqda davam edərlər. Amma hamısı maraq içərisindədirlər. Yemək yeyilməsi onlar üçün əyləncə sırasında ən sondadır. Özünüz düşünün, kəşf ediləcək bu qədər şey var ikən bir stulda 10 dəqiqə oturmaq uşaq üçün bir ömür deməkdir.
Bu yaşda uşaqların yeməmək problemini həll etmək üçün valideynlər yemək vaxtını nizamlamalıdırlar. Məsələn, əgər uşaq önlüyünü taxmaq istəmirsə, ona iki önlük göstərib, "Hansını taxmaq istəyirsən?" deyə soruşa bilərsiniz. Amma bununla yanaşı, ağzına bir loxma atsın deyə mətbəxdə ardınca qaçırsınızsa, demək, onu gərəyindən çox seçimlə baş-başa qoyursunuz. Valideynlərin kiçik yaşlı uşaqlarına verdiyi yanlış "Acdınmı?" sualı yerinə "İndi yemək vaxtıdır" demələri yetərli olacaqdır. Bilin ki, kiçik yaşlı uşaqlara yeməklə bağlı seçim şansı verilməməlidir. Sadəcə "İndi axşam yeməyidir" deyə bilərsiniz. "Yox" deyərlərsə, yenə onları süfrə arxasına oturdun. Qarnı ac olan uşaqlar yeyəcəklər.
Qeyd 1: Uşağınız bir loxma daha yeməsi üçün ağzını açmağa etiraz edirsə (buna çox diqqət edin), yeməyini bitirdiyini və artıq istəmədiyini qəbul edin!

1-2 yaş dövründə uşaqlarda yemək problemi

Qeyd 2: Bəzi ailələr üçün yemək zamanı oyun zamanıdır. Sonra da uşaqlarının niyə nadinc davranıb ortalığı bir-birinə qatmasını anlamırlar. Əgər yemək dolu qaşığı "təyyarə" deyə uşağın ağzına "uçurmağa" çalışırsınızsa, uşağınızın daha sonra yeməkləri qaşıqsız şəkildə uçurtmasına çalışmasına heç çaşmayın...
Bundan başqa, uşağınıza yemək üçün heç bir zaman dil tökməyin, acanda yeyəcək. Uşaqlara yemələri üçün dil tökəndə yeməzlər. Amma bu zaman onlarda başqa hisslər yarana bilər. Uşaqlar yemədiyi üçün bizim kədərləndiyimizi görərlərsə, "Bundan bir silah kimi istifadə edərəm!" deyə düşünə bilərlər.

Uşaq masa arxasına oturdulan zaman yenə də yemək istəməzsə, onu stuldan endirib masadan uzaqlaşdırmaq lazımdır.
Uşaqların yemək zamanı göstərdiyi davranışların bir çoxunu aradan qaldırmaq çətin olur. Çünki, kiçik yaşlı uşaqların öz dünyalarına aid hərəkətləri vardır. Ancaq analara tövsiyə olunur ki, yemək zamanı uşaqla yeməklər haqqında danışsınlar. Bununla uşağın marağını çəkmiş olarlar. Məsələn, uşağa "Kartoflar hardadır?" kimi suallar, "Pomidor qırmızı rəngdə olur" kimi cümlələr deyə bilərsiniz. Və bunları ona dediyiniz zaman gülümsəyin, yeməyə başladıqda tərifləyin. Yeməyini kəsib ayağa qalxdığını hiss edəndə onu stuldan endirib belə deyin: "Yaxşı, yemək bitdi. İndi də əlləri yumaq vaxtıdır".

1-2 yaş dövründə uşaqlarda yemək problemi

Qeyd 3 : Kiçik yaşlı uşaqların əşyaları yerə atmaqdan xoşları gəlir. Onlar üçün sizə bir top atmaqla bulka atmaq arasında bir fərq yoxdur. Əgər uşağınız 1 yaşdan kiçikdirsə, narahat olmayın, bunu sizin diqqətinizi çəkmək üçün etmir. Amma gələcəkdə yeməklərin yerə atılmasını qəbul etmədiyinizi açıq şəkildə bildirin. Şanslısınızsa, atdığı yeməklərdən biri hələ başınıza düşməyibsə, hazırlıqlı olun. O an bir gün gələcək. Gələndə isə gülməməyə (bir çox valideynlər buna gülürlər) çalışın. Sadəcə "Xeyr, yeməkləri başa ata bilməzsən. Yeməklər yeyilməsi üçündür" deyin və yeməyini qabağından götürün. Bu anda onu idarə edə bilməsəniz, inanın ki, sonrakı mərhələdə, 2-3 yaş arası dövrdə süfrə başında daha çox arzuolunmaz davranışların öhdəsindən gələ bilməyəcəksiniz...

Problemsiz valideyn olun!
26 dekabr 2013
GO BACK