Qızım 3 aylığına qədər əmzik əmirdi. Bir gün ağlayarkən yenə də əmziyini verdim. Lakin nədənsə onu ağzından çıxardı və baş barmağını ağzına salıb əmməyə başladı. Bir neçə dəfə bu hərəkəti təkrarlandı, hətta bir neçə əmzik dəyişdim. Amma bir xeyri olmadı. Həmin gündən yatarkən ancaq baş barmağını əmirdi. İndi qızımın 5 yaşı var. Amma hələ də bu vərdişi tərgitməyib, yatanda barmağı ağzında olur. Bu məni çox narahat edirdi. Buna görə də barmaq əmməklə bağlı xəbərləri tapıb oxumağa başladım. Və saytımızda barmağını əmən uşağı olan xanımların ola biləcəyini nəzərə alıb qərara gəldim ki, sizə də bununla bağlı xəbər təqdim edim.
Barmaq əmmə normal uşaqlarda hər hansı bir psixo-patoloji faktor olmadan 3-4 yaşlarına qədər görülən haldır. Körpələrin çoxu baş barmaqlarını, ya da digər barmaqlarını əmərlər. Zərərsiz bir davranış olan barmaq əmməyə körpələrin çoxunda rast gəlmək mümkündür.
Səbəbləri:
• Yeni doğulan körpələr barmaq əmməyi hələ ana bətnində ikən öyrənir. Doğuşdan sahib olduqları ən güclü reflekslərdən biri barmaq əmməkdir.
Bəzi körpələr yeni dişlərin çıxması səbəbiylə, bəziləri də çətinliklə qarşılaşdığı zaman utanma və sıxılma əlaməti olaraq barmaqlarını əmərlər.
• İlk bir il ərzində - körpəlik dövründə uşaq təbii olaraq barmaq əmə bilər. Daha çox baş barmağını, hətta bəzən ayaq barmağını belə əmə bilər.
Bu davranışın, ətrafı tanıma və kəşf etmə ehtiyacından doğulduğu qəbul edilə bilər. Barmaq əmmənin təməlində ana-uşaq münasibətlərindəki çatışmazlıq və uşaqda inam duyğusunun kifayət qədər inkişaf etməmiş olduğuna bağlı görüşlər vardır.
• Ayrıca barmaq əmmənin yuxuyla möhkəm əlaqəsi vardır. Bir çox uşaq barmaqlarını yuxulu olduqları və yuxuya getdikləri zaman əmərlər. 2 yaşındakı uşaqların bir qisimi yuxuya gedərkən barmaqlarını ağızlarına aparmağa çalışarlar. 3 yaşında bu vərdiş yuxu əsnasında özbaşına itə bilər.
• Ani bir qorxu, anayla atanın boşanması, sevilən birinin xəstələnməsi ya da ölüm kimi hadisələr də buna səbəb ola bilər.
• Ailədəki problemlər üzündən uşağa kifayət qədər diqqət göstərilməməsi.
• Yeni körpənin doğulmasıyla özünə qarşı diqqətin azalmasını düşünərək onu yenidən qazanma istəyi.
• Uzunmüddətli ayrılıqlar səbəbiylə evdən uzaq qalan anasının (və ya atasının) onu artıq sevmədiyi duyğusu.
• Barmaq əmmə körpəlik dövründə döşdən erkən ayırma, əmzikdən istifadə etməmə nəticəsində əmmə refleksinin kifayət qədər təmin olunmamasıyla meydana gələ bilər.
Nə etməli?
Əgər uşaq barmaq əmməyə davam edərsə, valideynlər bunun səbəbini araşdırmalıdır. Bunun səbəbi tapıldığı zaman həlli ardından gələcəkdir.
Uşağa daha çox maraq göstərin, ünsiyyət qurun və daha çox sevgi nümayiş etdirin. Bu vərdiş uşağa rahatlıq və inam verdiyi üçün başlanğıcda valideynlər onun barmağını əmməsinə göz yummalı və uşağın bu vərdişi özbaşına tərgitməsini gözləməlidir. Uşaqlar 3 yaşına qədər tərgitmə cəhdlərinizi müqavimətlə qarşılayacaq. Lakin 4 yaşına doğru bu vərdişi tərgidə bilər. Əlbəttə ki, gözləmək valideynlərə çətin ola bilər. Ancaq bu dövrdə təzyiq göstərmək və inadkarlıq etmək uşağın bu vərdişə daha çox maraq göstərməsinə səbəb ola bilər. Çünki uşağı bu vərdişdən imtina etməsinə məcbur etmək və inadlaşmaq mənfi enerjiylə dolu sonsuz bir dövrün başlanmasına səbəb ola bilər. Və bunun hər iki tərəfə də faydası olmaz. Altını islatmada olduğu kimi, barmaq əmmə də yaşla birlikdə azalar. Buna görə də ilk uşaqlıq dövründə müdaxilə etməməyə çalışın.
• Ailənin uşağın barmaq əmmə davranışını evdə davamlı müzakirə edərək gərginlik yaratması uşaqda bu davranışın yox olmasına maneə törətmədiyi kimi, uşaqda dırnaq yemə, kəkələmə kimi başqa bəzi problemlərin də ortaya çıxmasına səbəb ola bilər.
• Məktəb yaşına gəlməsinə baxmayaraq, barmağını əmdiyi üçün onu günahlandırmaq və cəzalandırmaq uşağın özünə etibarını azalda bilər.
Buna görə də ailə uşağı günahkarlıq duyğusuna itələmədən onunla yumşaq tonda danışmaqla onu rahatlamalıdır.
• Uşaq vərdişdən imtina etməyə hazır olduğu zaman ona kömək etməyə çalışın. Vərdişdən nə vaxt imtina edəcəyinə qərar vermə haqqını uşağa buraxaraq, onu vərdişi tərgidəcəyinə söz verməyə vadar etməyin.
• Əgər yaşının az olduğuna görə uşaq sizi anlaya bilmirsə, anlasa da davranışına davam edirsə, barmağını əmdiyi zaman diqqətini başqa şeylərə çəkərək, unutdurmağa çalışa bilərsiniz (əlinə oyuncaq vermə, başqa bir məşğuliyyətə yönəltmə, mahnı oxuma və s.).
• Bunun həlli üçün təkcə ananın səyləri bəs etmir. Çünki uşağın dünyasında anayla ata bir bütündür. Yalnız birinin şəfqəti və sevgisi uşağı doyurmaz. Uşağın inkişafıyla əlaqədar atanın da məsuliyyət daşıması lazımdır.
• Yuxuya gedəndə barmaq əmirsə, yatdıqdan sonra əli ağzından çəkilə bilər. Çünki uşağın barmağını əmərək yatmağa davam etməsi bu vərdişin tərgidilməsini çətinləşdirər.
• Uşağın əlinə acı və ya yandırıcı şeylər çəkməyin, bunlar vəziyyəti daha da çətinləşdirəcəyi üçün bu cür davranışlardan qaçın.