Qadin.NET / Körpəmizi ilk anından qoruyaq

Körpəmizi ilk anından qoruyaq

Körpəmizi ilk anından qoruyaq

Yeni doğulmuş körpələrin dəriləri çox incə, həssas olur və asanlıqla zədələnə bilir.  Ona görə də valideynlər bu mövzuda çox diqqətli olmalıdırlar. Körpənin dərisinin zədələnməsi onda bir sıra xəstəliklərin yaranmasına da yol aça bilər. 

Doğuşdan bir-iki gün sonra körpənin dərisi quru olur. Oynaq yerlərdə isə dəri qıvrılmaları və ya çatlar ola bilər. Buna görə də allergik təsir göstərməyən losyonlar və ya sırf körpələr üçün nəzərdə tutulmuş losyon və yağlardan istifadə edərək körpənizin dərisini gün ərzində bir-iki dəfə nəmləndirməlisiniz.

Yağların sırf körpələr üçün olmağına baxmayaraq, yeni doğulmuş körpələrin dərisinə onları birbaşa çəkmək onlarda allergik reaksiyanın yaranmasına səbəb ola bilər. Ona görə də daha yaxşı olar ki, körpənizi çimdirərkən və ya dərisini islatdıqdan sonra çəkəsiniz. Uşaq yağlarını daha yaxşı olar ki, həftədə bir dəfə işlədəsiniz. 

Körpəmizi ilk anından qoruyaq

Doğuşdan sonra  körpənizin dərisində ucları sarı-ağ və ya qırmızı rəngdə olan səpkilər ola bilər.  Bunu körpənin bədəninin müxtəlif yerlərində görə bilərsiniz. Körpənizdə bu tip səpkilər varsa, narahat olmayın. Onlar təqribən bir həftə və ya on gün ərzində keçib gedir. Əgər bu müddət ərzində təmizlənməsə və ya əksinə, sayı getdikcə daha da artsa, bu zaman mütləq həkimə müraciət etməlisiniz.

Yeni doğulmuş körpələrdə bişməcələr də tez-tez özünü göstərən bir narahatlıqdır. Onların qarşısını almaq üçün körpənizə hər dəfə süd verməmişdən əvvəl yoxlayın və əgər ehtiyac varsa, bezini dəyişin. Ana südü ilə bol qidalanan körpələrdə bişməcələr az hallarda olur.  Ancaq dəyişilməyən bezlər qaldıqca körpələrdə bu cür narahatlıqlara səbəb olur. Ona görə də körpənizin bezlərini tez-tez yoxlamalı və ehtiyac yaranan kimi dəyişdirməlisiniz. 

Körpəmizi ilk anından qoruyaq

Əgər körpənizdə bişməcələr yaranıbdırsa, o zaman bezini hər dəfə dəyişdirərkən mütləq bişməcə əleyhinə olan kremlərdən vurun. Əgər krem təsir etməsə və bişməcə getdikcə artsa, bu zaman mütləq həkimlə məsləhətləşməli və körpənizi müayinədən keçirməlisiniz. Həkim hansı krem və ya dərmanı yazsa, onu mütləq körpənizin dərisinə vurmalısınız.

Körpəniz nəcisə getdikdən sonra onun beldən aşağı bütün bədənini yumağınız daha məsləhətlidir. Geyimlərinin isə pambıq və allergiya verməyən yumşaq parçalardan olmağına diqqət edin. Paltarlarını yuyarkən adi təmizləyici vasitələrdən istifadə etməyin. Bunun üçün xüsusi yuyucu tozlar var. 

Körpəmizi ilk anından qoruyaq

Körpələri öz geydiyimizdən bir qat daha artıq geydirmək məcburiyyətindəyik. Əgər öz əynimizdəki paltardan bir qat çıxarırıqsa, o zaman körpəmizdən də bir qat paltar çıxartmalıyıq. Yəni əgər soyuqdur deyə qalın köynək geyibsinizsə, körpənizin geydiyi köynək sizin köynəkdən bir qədər də qalın olmalıdır və əgər sizə istidirsə, demək körpənizə də müəyyən qədər istidir.

Artıq ana südündən hazır qidalara keçən körpələrə gün ərzində lazımı miqdarda su verilməlidir. Bu, onun dərisinin də quru olmasının qarşısını alacaq.

Ən əsası da unutmayın ki, bir yaşına qədər olan uşaqları günəş şüalarının birbaşa təsirindən qurmaq lazımdır. Çünki körpələrin cildində  dərini günəşin zərərverici şüalarından qoruyan “melonin” adlı təbii qoruyucu qat olmur.

3 may 2014
GO BACK