Bütün psixoloqlar, həkimlər, müəllimlər və s. peşə sahibləri ana südü ilə qidalanan körpələrin masaj edilməsinin əhəmiyyətli olduğunu qeyd edirlər. Çox az valideyn tapılar ki, masajın körpəsinin inkişafında olan əvəzsiz faydasından xəbəri olmasın. Südəmər uşaqların masaj üçün lazım olan hər şeyi xəbərimizdə sizə təqdim edirik.
Masajın faydaları hansılardır?
Masaj – körpənin fiziki və psixoloji inkişafını sürətləndirir və müxtəlif xəstəliklərin qarşısını almaqda kömək edir . Müasir elmi tədqiqatçılar masajın körpələrə müsbət təsiri olduğunu dəfələrlə sübut ediblər.
- Masaj körpə dərisində olan reseptorların köməyi ilə sinir sisteminin stimullaşdırılmasına və inkişaf etməsinə müsbət təsir edir.
- Masaj zamanı körpənin inkişafında rolu olan beyin sinir impulslarını aktivləşir.
- Masaj vaxtı körpənin inkişafı üçün vacib olan qan dövranı intensivləşməyə başlayır.
- Masaj körpə bədənindəki limfa axınını sürətləndirir və maddələr mübadiləsini tənzimləyir.
-Masaj sayəsində körpənin bədəni infeksiyalara qarşı müqavimət görtərə bilir. Sağlam inkişaf üçün bu da çox vacibdir.
- Masaj vaxtı uşaqlarda stress hormonları aşağı səviyyəyə düşür. Və boy inkişafı üçün lazım olan hormonlar fəaliyyətə keçir. Əgər müntəzəm masaj edilərsə, həmin körpədə aylıq çəki artımı və boy inkişafı mümkündür.
- Qarın masajı həzm sisteminin fəaliyyətinə kömək edir.
- Masaj vaxtı ana və körpə arasında emosional əlaqə daha güclü olur.
Pediatrlar ilk masajı yeni doğulmuş körpələrə əsasən həyatının ikinci və üçüncü həftəsindən başlamağı məsləhət görürlər. Vaxtından əvvəl doğulmuş, azçəkili, əmmək refleksi formalaşmamış, suni uşaq qidaları ilə qidalanan, raxitlik əlamətləri olan, təzyiqli uşaqlara, bir neçə xəstəliklə üzləşmiş körpələrə və inkişaf geriliyi olan körpələrə gündəlik masaj daha çox vacibdir.
Masaj üçün məhsulu necə seçək?
Körpə dərisi çox həssas və nazikdir. Ona görə də masaj məhz körpə yağları ilə edilməlidir. Masaj üçün yağı seçmək göründüyü qədər asan deyil. Masaj yağını alarkən üzərində “Uşaqlar üçün” sözünə baxmaqla yanaşı, tərkibinə də diqqət edin. Çünki bir çox masaj yağlarının təkibinə sintetik yağlar, mineral yağlar, parafin, vazelin və s. daxil edilir. Bu məhsulları uşaq yağına qatmaqla istehsalçılar malın daha ucuz satılmasını təmin etməyə çalışırlar. Lakin bu cür ucuzluq körpənin dərsində əks təsirini göstərə bilir. Sintetik tərkibli yağlar körpə dərisində nazik qat əmələ gətirir. Hansı ki, uşaq dərsinin nəfəs almasına mane olur və nəticədə allergiyaya səbəb olur. Ona görə də uşaqlara masaj yağı alarkən tərkibinə xüsusilə diqqət etmək lazımdır.
Bitki yağlarının tərkibində olan lipidin quruluşu insan dərisindəki lipidlərlə bənzər olduğu üçün bu tərkibdə kosmetik məhsullar və uşaq yağları istehsal edilir. Bitki yaları insan dərsində yağlı qat yaratmır və dərini yumuşaltmağa nail olur. Bu tərkibli masaj yağı almağınız daha uyğundur.