"Gəzməkdən öncə üzmək" devizini, valideynin övladına öyrətməli olduğu əsas həyat uğurunda mübarizə, sağlamlıq amilinin üzmək olduğunu yəqin hamınız bilirsiniz. Amma yeni doğulmuş körpənin su ilə təmasının nə qədər xeyirli olduğunu, bu təmasın heç də üzgüçülük öyrətməsə də ilk reflekslərin möhkəmlənməsi üçün əhəmiyyətini heç də bütün valideynlər başa düşmür.
Erkən üzməyə körpələrdə çox tez - göbək yarası sağalan kimi başlanılır. Bəziləri bunun hələ çox kiçik körpəyə xeyirli olmayacağından ehtiyat edir. Amma üç əsas faktla bunun necə əhəmiyyətli olduğunu açıqlayaq:
1. İlk olaraq vurğulayaq ki, yeni doğulmuş körpə göründüyü kimi də aciz, gücsüz deyil. Təbiət ona güclü inkişaf potensialı verib.
2. İlk doğulan uşaqlarda erkən üzmə refleksi var, hansı ki 3-4 aydan sonra itir. Bu, üzə su dəyəndə nəfəsi saxlamaq refleksi yaşağı üzməyə gec öyrətsək, itə bilər. Nəticədə isə onun üçün su ilə təmas heç də asan və xoş olmaya bilər.
3. Çoxunuza məlumdur ki, körpə ana bətnində 9 ay maye ilə təmasda olub, bu maye onu daim qoruyub, sığallayıb. Doğulduqdan sonra cazibə qüvvəsi ilə təmasda olan körpələr suda özünü qurudakından daha rahat hiss edirlər. Suda daha rahat və fəal hərəkət edir, özlərini daha sağlam hiss edirlər.
Erkən üzmək nəinki sağlam inkişafa təkan verir, həmçinin bir çox problemlərin həllində kömək edir. Həmçinin su gözəl bir massaj edərək beyindaxili təzyiqi normallaşdırır. Suda üzən körpənin bədəninin gərginlik və süstlüyünü su bütünlüklə aradan qaldırır. Erkən üzmək təlimləri körpənin ağciyər və nəfəs yolarının, ürək əzələlərinin, bağırsaqlarının və əsəb sisteminin sağlam inkişafı üçün gözəl stimul verir.
Amma qıcolma, ürək çatışmamazlığı və çanaq və ayaq əzələlərində problemi olan uşaqlar üçün erkən üzgüçülük təhlükəlidir, belə uşaqlara həkim tövsiyəsi olmadan qətiyyən erkən üzgüçülük təlimi keçmək olmaz!
Erkən üzməyin qaydaları
İlk addımları xüsusi təcrübəli təlimçinin rəhbərliyi ilə etmək, onun göstərişlərini diqqətlə dinləmək məsləhətdir! Belə təlimçinin xüsusi tibbi savadı və sırf erkən üzgüçülük təlimi təcrübəsi olur. Təlimlər ilk olaraq quruda hazırlaşdırılan hərəkətlərdən və sonra suda üzməkdən ibarət olur.
Bu təlimlərin müddəti bir neçə dəqiqədən saatlara qədər artırılır. Burda əsas şərt az-az, amma keyfiyyətli təlimin aparılmasıdır. Təlim qaydalarını mənimsədikcə valideyinlər təlimi sonradan müstəqil - evdə də keçirə bilərlər. Hərəkətlərin mahiyyət və üsullarını öyrənənlərə həftədə bir dəfə, daha çox təcrübə toplayan valideynlərə isə ayda bir dəfə təlim məşqçisi ilə görüşmək, nəticələri yoxlamaq və yeni hərəkətlər öyrənmək kifayət edir.
Harda və necə təlim keçməli?
Ev təlimləri üçün təmiz yuyulmuş sadə vanna da yetərlidir. Suyu hədsiz əlavələrlə doldurmayın. Əgər körpə dərisində həssaslıq varsa, çobanyastığı və ya həkimin tövsiyəsi ilə başqa bitki əlavə etmək olar.
Təlim üçün ən münasib vaxt yeməkdən yarım saat sonradır. Bu vaxt körpə tox, xoş əhval-ruhiyyəli olur, çimdikdən sonra isə daha rahat yatır.
Çimizdirən və üzgüçülük təlimi keçən zaman tələsməyin, körpənizlə danışın, onun könlünü alaraq əylənməsini, xoş təəssüratlarla həzz almasını təmin edin. Hərdən bəzi körpələrin narahatlığından onu sudan çıxarmağa yox, səbrlə suya öyrəşməsinə səy edin.
Əsas odur ki, bu təlim həm körpənizə, həm də sizə zövq versin!